|
Norveçli musiqiçilər "Basqalı"ya görə Aftandil İsrafilovdan halallıq alıblarmı

Bu günlərdə norveçli musiqiçilər Daniel Lazar (skripka) və Espen Vensaas (mandolina) duet şəklində Azərbaycanın xalq rəqsi “Basqalı”nı ifa ediblər. Duet sosial şəbəkə izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Daniel Lazar paylaşdığı videoya “Necə də gözəl musiqidir. Onu öyrənmək və ifa etmək xoş idi. Bu, Azərbaycan kompozisiyasıdır. Biz yaxın zamanlarda çarxın yeni versiyasını təqdim edəcəyik. Zövq alın!” statusunu qeyd edib. İzləyicilər musiqiçilərə bu möhtəşəm ifaya görə təşəkkür ediblər. İfaçılar Azərbaycan musiqisi ilə məhz necə tanış olduqları barədə danışmaqdan imtina ediblər. Lakin bildiriblər ki, Azərbaycan mahnılarını bundan sonra da öyrənmək və ifa etmək niyyətindədirlər.

Qeyd edək ki, “Basqalı” Azərbaycanın ən məşhur rəqslərindən biridir. Bu rəqsin müəllifi və mahir ifaçısı isə xalq artisti Aftandil İsrafilovdur, baxmayaraq ki, bəzən bu rəqsi milli xalq rəqsi kimi təqdim edənlər də var. Ermənilər isə dəfələrlə Azərbaycanın bir çox məşhur rəqs və mahnıları kimi “Basqalı”nı da zaman-zaman öz adlarına çıxartmağa çalışır. O cümlədən erməni skripkaçısı Karapet Hayrapetyan özünü bu rəqsin müəllifi kimi təqdim edir. Bundan başqa, adı çəkilən erməni musiqiçisi Aftandil İsrafilovun müəllifi olduğu “Dağlılar rəqsi”ni öz albomuna salaraq, özününküləşdirməyə çalışıb.
Maraqlıdır, xalq artisti norveçlilərin ifasını necə qarşılayır? Əcnəbi musiqiçilər Aftandil İsrafilovun icazəsini alıbmı?

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı xalq artisti Aftandil İsrafilovun mövqeyini öyrənməyə çalışıb. Xalq artisti ilk öncə rəqsin yaranma tarixi haqda geniş məlumat verib:

“Bildiyiniz kimi, İsmayıllı rayonunun Basqal kəndi var. Orada mənim dostum var idi, indi rəhmətə gedib. O, çox insanpərvər adam idi. Yəni, qazancı yaxşı idi, amma fikri-zikri kasıb-kusubun yanında idi. İmkanı olmayan şəxslərə daim köməklik edirdi. Mən də bu mahnın onun şərəfində yazıb, adını “Basqalı” qoydum. Bu təxminən 70-ci illərdə baş verib.

Xalq artisti Ənvər Sadıqov bu rəqsi ifa etməzdən əvvəl gəlib məndən icazə aldı. Mən də rəqsin halallığını verdim, dedim ki, “çala bilərsən”. Digər ifaçılar da rəqsi ifa etməzdən əvvəl məndən halallıq alıb.

Təxminən elə 70-ci illərdə məni Ermənistana toya dəvət etmişdilər. Məclisə girən kimi məni bir erməni qarşılayıb dedi ki, sizin bir rəqsinizi çox sevirəm, onu ifa edən kimi hamı ayağa qalxıb rəqs edir. Mən bu rəqsi ifa etməklə milyonçu olmuşam. Soruşdum ki, “adı nədir?”. Cavab verdi ki, həmin rəqsin iki adı var - “Aftandili” və “Skripka”. Dedim ki, bu rəqsi axşam saat 10-a qədər ifa etmə. Vaxtı çatanda mikrofonla qeyd edərsən ki, rəqsin müəllifi Aftandil İsrafilov da burdadır.
Bütün xalq, məni tanıyan hər kəs bilir ki, bu rəqsin müəllif mənəm”.

Xalq artisti norveçlilərin onun rəqsini səsləndirməsinə isə bu cür mövqe bildirdi: “Bu rəqs dünyanın bir çox ölkələrində ifa olunur. Təki Azərbaycan musiqisi hər yerdə səslənsin”.