Son günlər Türkiyənin milli valyutası lirə dollar qarşında xeyli zəifləyib. Dünənə olan məlumata görə, ölkədə ABŞ dollarının məzənnəsi 1 dollar üçün 5.7491 lirə idi. Maraqlıdır, lirənin birdən-birə bu qədər ucuzlaşması azərbaycanlı turistlərin Türkiyəyə axınına təsir edibmi?
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov “Yeni Müsavat”a bildirdi ki, lirəsinin ucuzlaşması Türkiyə turist axınına təsir etməyib: “Turizmdə belə bir konsepsiya var. Ucuz başa gəlir deyə putyovka və biletlərin 90-95 faizi əvvəlcədən alınır. Əvvəlcədən alınandan ucuz başa gəlir. Türkiyəyə avqustda getmək istəyənlər də biletlərini əvvəlcədən alıblar. Turizm elə sahədir ki, baha və ucuz olmağına baxmır. Turist seçdiyi məkana istirahət etmək arzusu ilə 5 manat ucuz, ya 5 manat baha olsun, yenə gedəcək. Ona görə də lirəsinin ucuz olmağı Türkiyəyə turist axınına o qədər də təsir etməyib.

Lirə ucuzlaşandan sonra indiki qiymətlə bir il əvvəldən alınan qiymət eynidir. Azərbaycanda son illərdə daxili turizmin çəkisi artır. Azərbaycanlılar öz ölkəsində istirahət etməyə üstünlük verirlər. Ölkəmizin regionlarında gözəl turizm infrastrukturu qurulub. Eyni zamanda bizdə sabitlik var. Üstəlik, qiymətlərdə də o qədər fərq yoxdur. Devalvasiyadan sonra Azərbaycandakı qiymətlər Avropadakı qiymətlərdən ucuzdur”.
“Victory Tour” şirkətinin rəhbəri Vüqar Hacıyevin sözlərinə görə, sentyabra qədər Türkiyədə hotellərin hamısı doludur:“Son günlərdə lirənin ucuzlaşması ilə əlaqədar Türkiyəyə maraq daha da artıb. Lakin hazırda nə təyyarələrdə, nə də hotellərdə boş yer var. Çoxu ilin əvvəlindən planlaşdırılıb. Türkiyədəki mehmanxanaların əksəriyyəti qiymətlərini ya avro, ya da dollar ilə hesablayır. Ona görə də istirahətə gedənlər üçün qiymətlərdə heç bir dəyişiklik olmayıb. Amma yerli istehsal olan malları ucuz əldə etmək olar. Alış-veriş üçün getmək istəyənlər var, amma bilet tapmaq çətin məsələdir”.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Türkiyəyə mağazalara dünyanın hər yerindən axın olduğunu vurğuladı: “Azərbaycan turisti üçün yay mövsümündə ənənəvi olaraq bir nömrə Türkiyə istiqamətidir. Bu gün Antalya, Bodrum və İstanbul istiqamətləri uçan bütün təyyarələrimiz doludur. Bugünkü gün nəinki Azərbaycan, başqa ölkələrin turistləri üçün lirənin ucuzlaşması əlverişli şərait yaradıb ki, Türkiyəyə səfər zamanı alış-veriş edə bilərlər. Turistlər həm ticarət, həm ziyarət edə bilirlər. Təzəlikdə Türkiyədən gəlmişəm, mağazalarında dünyanın hər yerindən turistlər vardı - ərəblər, ruslar və s. Devalvasiya ilə əlaqədar qiymətlər çox ucuzlaşıb. Dollarla gələn turistlər hər şey alırlar. Geyim, maşın, ev və s.”
