Bakı-Tiflis-Qars dəmiryol xəttinin istismara verilməsindən on aya yaxın vaxt keçir. Xətlə sərnişin daşınmasına hələ başlanmasa da, bu müddət ərzində yükdaşımaları həyata keçirilib.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında prezident İlham Əliyev çıxışında dəmiryol xətti ilə bağlı bəzi məlumatları açıqlayıb: “2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tiflis-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik”.
Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə isə 2018-ci ilin 8 ayı ərzində marşrutla 1417 ədəd konteyner, 38 min ton isə digər təmayüllü vaqonlarda yük daşınıb.
Bir neçə gün əvvəl yayılan məlumatdan aydın olur ki, Bakı-Tiflis-Qarsla Rusiya mənşəli yüklərin daşınması getdikcə daha geniş vüsət alır. Belə ki, Rusiyanın “Maqnitiqorsk Metallurgiya Kombinatı” (MMK) PSC Türkiyəyə metal məhsullarının çatdırılması üçün bu marşrutdan istifadə etməyə başlayıb.

Şirkətin bununla bağlı xəbərində deyilir ki, artıq Maqnitiqorsk - Bakı - Tiflis - Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının nümunə partiyası çatdırılıb: “Hazırda Azərbaycan operatoru ”ADY Express"lə birlikdə, bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya “MMK Metalurji”nin(Türkiyədəki törəmə şirkət-red.) isti yayma rulonunda tələbinin üçdə bir hissəsinin çatdrılması imkanı hazırlanır".
Məlumatda deyilir ki, ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, “Maqnitiqorsk Metallurgiya Kombinatı”nın Türkiyədəki törəmə müəssisəsinə çatdırılıb. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km məsafəni qət edib.
Xatırladaq ki, indiyədək “MMK Metalurji”nin isti yayma rulonunun tədarükü Novorossiysk limanı vasitəsilə yalnız dəniz yolu ilə həyata keçirilib: bu marşrutun uzunluğu 6 min km-dən çox, yolun müddəti isə 30 gündür.
Onu da qeyd edək ki, Rusiya ilə Türkiyə arasında qarşılıqlı ticarət əlaqələri gündən-günə genişlənir. Bu isə ilkin olaraq əsasən Çin məhsullarının Avropaya çatdırılması imkanlarına hesablanmış BTQ ilə yaxın perspektivdə daha çox yük daşınacağını göstərir.
