Türkiyə iqtisadiyyatında baş verən təlatümlər, getdikcə artan böhran əlamətləri istər-istəməz Azərbaycanın qardaş ölkəyə yatırdığı investisiyalarla bağlı narahatlıqları artırır. Söhbət əsasən SOCAR xətti ilə Türkiyənin neft-kimya sənayesinə qoyulan milyardlarla dollarlıq sərmayələrdən gedir.
Qeyd edək ki, SOCAR Türkiyənin “Petkim” neft-kimya kompleksinin əsas səhmdarıdır. Yalnız bu kompleks daxilində İzmir şəhərinin Əliağa rayonunda inşa edilən “Star” neft emalı zavoduna 6,3 milyard dollar investisiya qoyulub. Ötən ay ilk dəfə olaraq zavodda Azərbaycan nefti emal olunub. Oktyabr ayına qədər zavoddakı bütün qurğular istifadəyə veriləcək. Cari ilin sonuncu rübündə “Star” neft emalı zavodu işləməyə başlayacaq.
Zavodun məqsədi neft-kimya sektorunu xam məhsulla təmin etməkdir. Neft-kimya məhsullarından savayı zavodda reaktiv yanacağı, mayeləşdirilmiş neft qazı (LPG) və dizel yanacağı da istehsal ediləcək. Hazırda Türkiyə bütün bu yanacaq növlərini idxal edir.
“Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir: “Ölkəmiz, Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır. Azərbaycan Türkiyənin öz növbəsində son illər həyata keçirdiyi meqa layihələrin yaxın zamanlarda Türkiyənin özünün və regionun iqtisadiyyatı və təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyini hesab edir və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir".
”SOCAR Turkey Enerji A.Ş."nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov bildirib ki, SOCAR indiyədək Türkiyəyə 19 milyard dollar investisiya qoyub: “Türkiyəyə investisiyalar davam edəcək. Biz Türkiyədəki fəaliyyətlərə qısa müddətli baxmırıq. Türkiyə bizim üçün mühüm ölkədir. Bizim xarici investisiya portfelimizdə ən vacib ölkə Türkiyədir. Bizə ”Türkiyənin ən böyük xarici sərmayədarı" deyirlər".

Bu günlərdə verilən məlumata görə, gələn ildən SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin inşasına başlayacaq.
Z.Qəhrəmanovun mətbuata verdiyi məlumata görə, yeni neft-kimya kompleksində 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istehsala başlanması nəzərdə tutulur.
Azərbaycanın və SOCAR-ın Türkiyədəki daha bir yatırımı TANAP qaz kəməridir. Dəyəri 7 milyard dollar hesablanan bu kəmərdə Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC 51 faiz, SOCAR (Türkiyədəki törəmə şirkəti vasitəsilə) 7 faiz paya malikdir.
Azərbaycanın çoxmilyardlıq investisiyaları Türkiyədəki iqtisadi çaxnaşmadan zərər görürmü, yaxud görəcəkmi? Suallara cavab verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın dediyinə görə, əvvəlcə Türkiyə iqtisadiyyatının vəziyyətinə nəzər yetirmək lazımdır: “2013-cü ilin yekunlarına görə Türkiyənin Ümumi Daxili Məhsulu 950,58 milyard dollara qədər artaraq rekord göstəriciyə çatmışdı. 2017-ci ildə bu göstərici 851,1 milyard dollara qədər azalıb. Əlbəttə ki, Türkiyə iqtisadiyyatı daha çox inkişaf etsə, nə qədər iri tutumlu olsa, onun sənayesini təşkil edən müəssisələrin gəlirləri də buna adekvat nəticələr göstərər.

Hazırkı gündə SOCAR-ın Türkiyədə istismarda olan ən böyük müəssisəsi “Petkim” neft-kimya müəssisəsidir. Burada istehsal edilən məhsulun 50 faizi xarici bazarlara çıxarılır. Satış coğrafiyası Amerikadan tutmuş Avropaya qədər dəyişir - neft-kimya məhsullarına tələbatın olduğu ölkələr.
Təbii ki, müəssisənin gəliri də dollar və avro ilə formalaşır. Türkiyə daxilində realizə edilən yarı məhsul isə yerli valyuta ilə satılır, amma qiymətlər satış gününün dollar kursuna bağlı olaraq dəyişir. Bu baxımdan, demək olar ki, “Petkim” biznesinə elə bir risk yoxdur. Bununla yanaşı, yerli valyutanın dəyərdən düşməsi müəyyən dərəcədə şirkətin biznesinə təsir edir. Belə ki, “Petkim”dən daim mal alan müştərilər daha çox vəsait ödəməklə qarşılaşırlar. Bu, təkcə “Petkim”lə bağlı deyil, ümumi ticarətə mənfi təsir göstərib. Lirə stabil olan zaman Türkiyədə normal praktika idi ki, 90 günə ödəniş edilsin. İndi təsəvvür edirsinizmi mal satan hansı risklərlə qarşılaşa bilər bu müddətdə? İkincisi, malı böyük partiyalarla alan müştərilər artıq daha kiçik partiyalarla mal almağa meylli olublar. Bazar iştirakçıları hesab edirlər ki, belə hallar iqtisadi-maliyyə vəziyyəti stabilləşənə qədər davam edə bilər".
STAR neft emalı zavoduna gəlincə, ekspert onun oktyabrın sonunda istismara veriləcəyini xatırladır: “Burada vəziyyət bir qədər fərqlidir. Belə ki, xammal tam olaraq dollarla alınır. İstehsal olunan məhsulun böyük həcmi daxili bazar üçün nəzərdə tutulub, çünki Türkiyə neft məhsullarınin idxalına da böyük vəsait xərcləyir. Bu emal müəssisəsi dizel yanacağını bütünlükdə yerli bazara yönəldəcək, demək olar ki, istehsal gücünün yarısını. Təbii ki, lirəyə satılan bir məhsul olacaq. Türkiyə iqtisadiyyatında stabillik yaranmasa, yanacağın qiymətini artırmaqla vəziyyətdən çıxmaq mümkün olası deyil ki... STAR NEZ-in tikintisinə isə 6,3 milyard dollar vəsait xərclənib, bunun da 2,9 milyardı kredit resursları hesabına reallaşıb. Bu baxımdan riskləri inkar etmək olmaz”.
İ.Şabanın sözlərinə görə, TANAP layihəsi üzrə investisiyalar hər hansı təhlükədən uzaqdır: “Çünki onun tranzit haqları, istismarı ancaq valyuta ilə hesablanıb və hər hansı təşviş doğuracaq bir məsələ deyil”.
