Məktəblilərin yay tətili bitmək üzrədir. Nə az, nə çox bir aydan sonra məktəb qapılarını yenidən məktəblilər üçün açacaq. Bu işdə daha çox valideynlər təlaşlıdırlar. Xüsusən də övladları bu il birinci sinfə gedəcək analar və atalar.
Unutmaq olmaz ki, övladı məktəbə gedəndə valideyn nə qədər həyəcanlanırsa, uşaq ondan da çox həyəcanlanır. Bu onun üçün yeni dünya deməkdir. Yeni dostlar, yeni gün rejimi, yeni davranış qaydaları və s. Birdən-birə bu qədər dəyişiklik təbii ki, onun üçün çox çətindir. Bu dönəmi onun üçün asanlaşdırıb məktəbi ona sevdirmək sizin əlinizdədir. Unutmaq olmaz ki, uşaq məktəbini, müəllimini sevərsə, təhsilə marağı da bir o qədər çox olar. Bəs ona necə kömək etməli?
Pedaqoq Lalə Məhərrəmli hesab edir ki, əsas iş uşağı məktəblər açılmamış azı 1 həftə əvvəl səhər oyanmağa öyrətməkdir: “Çünki bu ən çətin proseslərdən biridir. Özünüz uşaqdan azı yarım saat əvvəl durub uşaq otağının pəncərəsini bir az aralayın. Təmiz hava rahat oyanmağa kömək edəcək. Sonra dərsə həvəsləndirərək maraqlı, əyləncəli sözlərlə uşağı oyadın. Səhər yeməyi uşaq oyandıqdan azı yarım saat sonra yeyilməlidir. Çünki uşağın yuxudan duran kimi iştahası olmur və onu məcbur etmək olmaz. Yatmamışdan əvvəl mütləq uşağa qısa da olsa nağıl danışın, kürəyini sığallayın. Ona öz sakitliyinizi ötürün. Hətta bərabər xəyal da qurun. Uşağa indidən məktəb haqqında danışıb onu həvəsləndirin. Hətta öz məktəb hekayələrinizdən danışıb, varsa şəkillərinizi göstərə bilərsiniz. İndidən evin bir köşəsində (varsa, uşağın öz otağında) münasib yer ayırın və həmin yerin dərs masası olduğunu ona təlqin edin. Məktəblər açılmadan orada onunla bərabər şəkillər çəkə, kitab oxuya bilərsiniz. Dərs masasına öyrəşsin deyə gündə azı 15-20 dəqiqə onunla orada vaxt keçirin”.
Məhərrəmli onu da qeyd edir ki, uşağa “sən artıq böyümüsən, oyun bitdi, özünü uşaq kimi aparma” demək olmaz: “Bu onu daha da təşvişə sala və təhsildən uzaqlaşdıra bilər. Tam əksinə, ”sənin həyatın artıq daha maraqlı olacaq, yeni bilgilər öyrənəcək, gözəl dostlar qazanacaqsan. Maraqlı dərslərlə artıq daha çox əylənəcəksən", - deyə onu həvəsləndirin. İlk dərs günü özünüz də həyəcanlı olacaqsınız. Buna görə də istəmədən də olsa uşağı geyim, yemək, hazırlanmaq prosesində acılamamağa diqqət edin. Sakit olun və onu təbrik etməyi unutmayın. Əgər şərait buna imkan verirsə mütləq uşağı məktəbdən özünüz götürün. Gününün necə keçdiyini və sinif uşaqları haqqında soruşun. Əsla qiymət davası etməyin. Danışdıqlarını hörmətlə dinləyin. Unutmayın, emosional anlamda o indi çətinlik çəkir. Kənardan bu, hiss olunmaya bilər, amma bu belədir. Məktəbə təzə başladığı dönəmlərdə uşaqlarda dəyişkən xarakter, yeni hərəkətlər müşahidə oluna bilər. Narahat olmayın, onun indi beyni bir çox yeni informasiya ilə doludur. Onunla xoş rəftar edin və gərginliyini götürmək üçün 15 dəqiqə də olsa, bərabər bir məşğuliyyət edin".
