|
İlqar Məmmədovun işi:

REAL lideri İlqar Məmmədovun azadlığa çıxma xəbəri artıq çoxsaylı şərhlərə, əsassız ehtimallar və proqnozlara yol açıb. Ancaq burada, obrazlı ifadə eləsək, “milçəkləri kotletdən ayırmağa” lüzum var. 

Öncə xatırladaq ki, İlqar Məmmədovun azadlığa çıxması haqda qərar Şəki Apelyasiya Məhkəməsinin iclasında qəbul olunub. Daha sonra informasiya yayıldı ki, məhkəmənin hökmü ilə REAL liderinin həbsi şərti cəza ilə əvəzlənib. O da bəlli oldu ki, onun ölkədən çıxması yasaqlanıb. İlqar Məmmədov nə vaxt, hansı formada aktiv şəkildə ölkənin siyasi həyatına qayıdacaq – bu, hələlik məlum deyil.

Bununla belə, REAL sədrinin buraxılış səbəbləri mövzusunda açıq siyasi möhtəkirliyin olacağına dair ciddi risk var. Artıq aktiv şəkildə belə bir fikir yürüdülür ki, guya Şəki məhkəməsinin qərarı Almaniya kansleri Angela Merkelin Azərbaycana rəsmi səfəri ərəfəsində əlverişli fon yaratmaq üçün verilib. Xatırladaq ki, Merkel Cənubi Qafqaza turne çərçivəsində avqustun 23-də Tiflisə gedəcək, 24 avqustda İrəvana, 25-də isə Bakıya baş çəkəcək. 

Şübhəsiz ki, Almaniya kanslerinin bölgəyə, o sırada Azərbaycana səfəri mühümdür. Ancaq səfər Almaniya üçün də vacibdir. Berlin, nəhayət ki, öz xarici siyasətində bizim regionun da önəmini anlayıb. 

Buradaca vurğulamaq zərurəti var ki, Güney Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 80%-i Azərbaycanın payına düşür. Ölkəmizdə 200-dən çox alman şirkəti fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatına alman sərmayəsinin həcmi təxminən yarım milyard dollar təşkil edir. 

Bundan əlavə, ötən ilin 26 oktyabrında Bakıda Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar aparılıb. Həmin görüş zamanı “2017-ci il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı”na uyğun olaraq, tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə ediblər. Həmçinin, hərbi təhsil və təlim sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Bütün bunlar Azərbaycan-alman əlaqələrinin necə fəal və çoxtərəfli inkişafda olduğunu göstərir. Demək ki, İlqar Məmmədovun azadlığa çıxmasını Angela Merkelin Bakı səfəri ilə bağlamağa çalışanların iddiaları, yumşaq edək, spekulyativ xarakterlidir. 

Merkel Azərbaycan rəhbərliyinə münasibətini İlham Əliyevə ikinci dəfə prezident seçilməsi ilə bağlı göndərdiyi təbrik məktubunda da ifadə edib. “Mən ölkələrimiz və cəmiyyətlərimiz arasında əlaqələrin bundan sonra da dərinləşməsini dəstəkləyirəm və tərəfdaş kimi bundan sonra Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda müdafiə eləməyə hazıram” – məktubda deyilirdi. Merkelin qarşıdakı səfəri də şübhə yox ki, məhz buna – Bakı və Berlin arasında əlaqələrin genişlənməsinə xidmət edəcək. Bunu indi İlqar Məmmədovun taleyi ilə bağlamaq siyasi sadəlövhlüyün zirvəsi olqardı.

Bundan əlavə, başa düşmək lazımdır ki, prezident İlham Əliyev kiminsə təzyiqi altında heç vaxt qərar vermir. Onun Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirakdan imtinasını yada salmaq kifayətdir. Qərbdə Azərbaycan əleyhinə yürüdülən qərəzli kampaniyaya, eləcə də Avropa mərkəzlərindən Azərbaycana qarşı aparılan geniş QHT hərəkatına ölkə başçısının reaksiyası məhz belə sərt olmuşdu. 

Həmçinin, 2016-cı ildə Azərbaycan prezidentinin Almaniya səfəri zamanı Türkiyəyə dəstək olaraq Bundestaqda (parlament - red.) nəzərdə tutulan görüşdən imtina eləməsini xatırlatmağın yeri var. Məsələ ondadır ki, Almaniya Bundestaqı səfərdən bir neçə gün qabaq saxta “erməni soyqırımı”nı tanımaq barədə qətnamə qəbul eləmişdi. Baş verənlərdən sonra ölkəmizin başçısı Almaniyaya öncədən tərtib olunmuş səfər proqramına dəyişiklik etdi və Almaniya parlamentində planlaşdırılan bir neçə görüşdən imtina elədi. O, habelə Azərbaycan-Almaniya parlamentlərarası qrupun iclasını da ləğv etdi. Beləliklə də Azərbaycan bir daha yalan və ədalətsizliyə qarşı Türkiyəyə açıq dəstək ifadə elədi.

Razılaşaq ki, bütün bu faktlar REAL liderinin müstəsna olaraq Angela Merkelin Bakı səfəri üçün azad edilməsi barədə bəzi cənabların iddialarının gülməli və spekulyativ edir. Mən təxminən 100 faizlik bir əminliklə bunu da ehtimal edə bilərəm ki, İlqar Məmmədovun sərbəst buraxılması AXCP sədri Əli Kərimli və digər “radikal müxalifətçilər” üçün özünü yada salmaq fürsəti olacaq. Bu zaman onlar tərəfindən belə bir məqam rahat şəkildə unudulacaq ki, REAL həmin bu “radikallarla” dəfələrlə konfliktli münasibətlərdə olub. O cümlədən sonrakı siyasi mübarizənin metodları və “Məhsul” stadionunda etiraz aksiyalarında iştirak və ya qeyri-iştirak məsələləri ilə bağlı onlar arasında ixtilaflar yaşanıb.

Bu “radikallara” əslində İlqar Məmmədovun həbsxanada qalması sərf idi. Belə ki, o halda ölkə rəhbərliyinin ünvanına tənqid üçün formal bəhanələr daha çox olurdu. İndi bu bəhanə yox olub. Bütövlükdə mən dərindən əminəm ki, azadlıqda olan İlqar Məmmədov indiki hakimiyyət üçün daha az təhlükəlidir, nəinki içəridə olan İlqar Məmmədov. Həm də o səbəbə ki, REAL geniş elektoral dəstəyə malik deyil. İlqar Məmmədova hüsn-rəğbətlə REAL-ın siyasi ideyalarına dəstək vermək, razılaşaq ki, tamam fərqli məsələlərdir. 

Bundan əlavə, İlqar Məmmədovun bəlağətli nitq qabiliyyəti, bilik və passionarlığı (Həddən artıq enerjiyə malik olub, bu enerjinin məqsədyönlü şəkildə ətraf aləmin dəyişməsinə yönəldilməsi – red.) Azərbaycan üçün lazımi istiqamətdə istifadə oluna bilərdi. Bundan ötrü lazımdır ki, REAl lideri özünün siyasi opponentliyə yanaşmasını təzədən nəzərdən keçirsin. 

Elə hakimiyyətin də öz siyasi opponentlərinə münasibətinin dəyişməsi vacibdir. Hakimiyyət ümummilli maraqlar naminə qarşı tərəfə doğru addımlar ata bilər və atmalıdır. Ümid edirəm ki, bu addımlar REAL və onun lideri tərəfindən düzgün qiymətləndiriləcək.
Musavat.com