Son günlər qonşu ölkələrin milli valyutaları ətrafında baş verən prosseslər bizim mətbuatın əsas müzakirə mövzusuna çevrilib. Ölkəmizlə daha geniş iqtisadi əlaqələri olan Türkiyə və Rusiyada baş verənlərin bu ölkələrlə ticarət əlaqələrimizə və bütövlükdə iqtisadi əlaqələrimizə təsiri qaçılmazdır. Çünki ümumi ticarət dövriyyəmizin 25 faizə qədəri tək Rusiya ilə Türkiyənin payına düşür. İranla olan iqtisadi münasibətlər və ticarət əlaqələri Türkiyə və Rusiya ilə müqaisə edilməyəcək dərəcədə az olsa da orada baş verən hadisələrin gedişi də bizi narahat etməyə bilməz.
Hər üç qonşu ölkədə milli valyutaların ətrafında baş verən hadisələr siyasi müstəvidə Amerika Birləşmiş Ştatları ilə bu ölkələr arasında yaranmış gərginliyin bilavasitə məntiqi nəticəsidir. Rusiyaya və Türkiyəyə qarşı yeni sanksiyaların tətbiqi, İrana qarşı köhnə sanksiyaların bərpa edilməsi və ilin sonuna döğru daha sərt sanksiyaların tətbiqinin nəzərdə tutulması, hər üç ölkədə panik bir vəziyyətin yaranmasına səbəb oldu. Heç kim deyə bilməz ki, bir neçə gün ərzində bu ölkələrin iqtisadi vəziyyətində və ya maliyyə durumunda ciddi azalmalar baş verdi. Lakin hər üç ölkədə milli valyuta ətrafında yaradılmış bu panika öz işini görməkdədir. Milli valyutalar ucuzlaşması uzun müddət davam edərsə, bu qonşu ölkələrin ixrac potensialının azalması və bütövlükdə iqtisadiyyatının zəifləməsinə gətirib çıxaracaqdır. Bir sözlə bu panikanın milli valyutalar ətrafında yaratdığı zəncirvari reaksiya qonşu ölkələrin iqtisadiyyatını və maliyyə sistemlərini çökdürə biləcək qədər təhlükəlidir. Ona görə də yaranmış şəraitdə daha təmkinli davranmaq vəziyyətdən çıxışın əsas yolu hesab olunmalıdır.
Bəs qonşu ölkələrin milli valyutaları ətrafında baş verən hadisələrin bizim ölkənin maliyyə sisteminə və bütövlükdə iqtisadiyyatımıza hansı təsirləri ola bilər?

İlk öncə milli valyutaların kəskin ucuzlaşdığı qonşu ölkələrdən idxalın daha sərfəli olacağı diqqət çəkir. Lakin belə idxalın bir başqa çatışmayan cəhəti ondan ibarətdir ki, əvvəlkindən daha ucuz idxal daxili bazarda yerli istehsalımızın rəqabət qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Digər tərəfdən, qeyri-neft sektorundan ixrac etdiyimiz məhsullar ixrac ölkələrindəki yerli məhsullarla rəqabət aparmaq imkanlarını itirə bilər. Çünki bu ölkələrdə istehsal olunan məhsulların milli valyutaların ucuzlaşması səviyyəsində bahalanması mümkün deyil. Bu səbəbdən biz ixrac etdiyimiz məhsulların ziyanla başa gəlməsi ilə üz-üzə qala bilərik.
Bir başqa problem qonşu ölkələrdə milli valyutaların uczlaşmaqda davam etdiyi bir dönəmdə ölkəmizdən kapital axınının baş verə bilməsi ilə bağlıdır. Bir neçə il bundan öncə Rusiyada rubulun kəskin ucuzlaşdığı bir dövrdə daşınmaz əmlak bazarında qiymətlər praktik olaraq dəyişmədi. Bunu görən insanlarımız Rusiyada kütləvi şəkildə daşınmaz əmlak almağa üz tutdular. İndi bu addım tək Rusiya istiqamətində deyil, eyni zamanda Türkiyə daşınmaz əmlak bazarı istiqamətində təkrarlana bilər və mən şübhə etmirəm ki, bir çox sayıq investorlarımız və vətəndaşlarımız artıq bu işlə məşğuldurlar. Bu isə valyuta bazarına əlavə təziqin yaranması deməkdir.

Nəzərə alaq ki, 2015-ci ildə xarici valyutaya olan təlabatın artması manatın iki kəskin devalvasiyasına səbəb oldu. Düzdür sonradan bəlli oldu ki, bu ajiotajın yaradılmasında bəzi daxili qüvvələrin də rolu az olmayıb. Lakin bu heç nəyi dəyişmədi. Ona görə də qətiyyən arxayınlaşmaq olmaz. Manatın 2015-ci ildəki iki kəskin devalvasiyası dönəmlərində Mərkəzi Bankın və Dövlət Neft Fondunun kifayət qədər valyuta ehtiyatları var idi. Lakin bu kəskin devalvasiyaların qarşısını ala bilmədi.
Arxayınçılığımız üçün əsas verməyən bir ciddi məqam da ondan ibarətdir ki, ötən illə müqaisədə ölkə daxilində xarici valyutaya olan təlabat bir xeyli artıb və prosses davam edir. Birmənalı şəkildə anlamaq lazımdır ki, bu vəziyyəti stimullaşdıra bilən daxili və xarici qüvvələr var və onlar öz maraqları naminə zərurət olduğu hallarda birgə fəaliyyət göstərirlər. Bu gün Mərkəzi Bank başda olmaqla bütün aidiyyatı qurumlar və eyni zamanda hökumət manatın məzənnəsinə təsir edən bütün məqamları ciddi şəkildə araşdırmalıdırlar. Məzənnəyə basqı yaradan rəsmi dövriyyələr bir daha nəzərdən keçirilməli və onların az əhəmiyyətli olanlarına “dur” deyilməlıdır. Mərkəzi Banka və digər aidiyyatı qurumlara valyuta bazarına qeyri-rəsmi basqıların qarşısını almaq üçün də təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir. Qeyd edim ki, məzənnə üçün ən böyük təhlükəni də yaradan valyuta bazarına edilən qeyri-rəsmi basqılardır.
Və nəhayət... Qonşu ölkələrdə mili valyutaların ucuzlaşması davam edərsə, biz manatın məzənnəsinin tədricən yumşalmasına getməliyik. Bunun alternativi yoxdur. Əks halda 2015-ci ilin fevral və dekabr hadisələri təkrarlana bilər. Buna isə yol vermək olmaz.
Fikrət Yusifov
