Hər il Qurban bayramı günlərində Bakının bəzi küçələrində, daha doğrusu, qurbanlıq heyvanların satıldığı və kəsildiyi yerlərdə tükürpədici vəziyyət yaranır. Torpaqda cığır açmış qan izi, ətrafda kəsilmiş heyvan kəllələri və s... Bu vahiməli mənzərə xüsusilə uşaqlara pis təsir göstərir.
Qarşıdan növbəti Qurban bayramı gəlir. Amma bu dəfə Qurban bayramında heyvan kəsimi ilə bağlı əvvəlki mənzərələrin şahidi olmayacağıq. Çünki bayramda heyvan kəsimləri ilə bağlı hazırlıq işləri Qida Təhlükəsizliyi Agentliyinə tapşırılıb.
“Yeni Müsavat”a danışan agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirir ki, heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunub: “Hər il Qurban bayramı ərəfəsində küçələrdə və yol kənarlarında heyvan kəsimi kütləvi xarakter daşıyır. Nəticə etibarı ilə baytarlıq-sanitariya və gigiyena normaları kobud şəkildə pozulur. Bununla bağlı lazımi tədbirlərin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və bayramla əlaqədar müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunub”.
M.Piriyevin sözlərinə görə, Qurban bayramında heyvan kəsim yerlərində kəsimdən əvvəl və sonra baytarlıq nəzarəti həyata keçiriləcək: “Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində küçə və yol kənarlarında qurbanlıq heyvan satmaq və ya kəsmək istəyən şəxslərə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılacaq kəsim məntəqələrinin xidmətlərdən istifadə etməyi tövsiyə edir. Bununla bağlı həmin şəxslər əvvəlcədən yerli icra orqanlarına müraciət edə bilər. Bu cür yerlərdə kəsimdən əvvəl və sonra baytarlıq nəzarəti həyata keçiriləcək”.
