|
"ZARA"-nın "28 MALL" filialında heyrətləndirən fırıldaqçılıq

Mərkəzi Bankın manatın kəskin devalvasiyası barədəki qərarından dərhal sonra ərzaq və qeyri-ərzaq qiymətləri süni şəkildə qalxmağa başladı. Hətta sadəcə süni artım deyil, sözün əsil mənasında qiymətlər kəllə çarxdadır.

Fırıldaqçılıqla məşğul olan mağazaların sayı isə dilə gəlmir. Bu mağazalardan biri məşhur brend "ZARA"dır. Filiallarından birinin "28 Mall" Ticarət mərkəzində yerləşən "ZARA" mağazasında müştərilər həyasızcasına aldadılır. Fırıldağın qurbanlarından biri də "Cia.az"-ın əməkdaşı olub.

Dünən, alış veriş üçün "ZARA"-ya üz tutdum. Burada qiymətlərin baha olduğunu bilirdim. Amma bu cür fırıldaqçılıqla məşğul olduqlarını ilk dəfə görürdüm. Onu da bilirdim ki, "ZARA" özünü orta və bir az da yüksək təbəqəyə xidmət göstərən sanballı brend kimi təqdim edir. Ancaq dünən qarşılaşdığım mənzərə bu brend haqqında bütün fikirlərimi darmadağın etdi.

Zalda yubka gördüm. üstündə 29 AZN yazılmışdı. Götürüb kassaya yaxınlaşdım, məbləği ödəmək üçün pulu çantamdan götürdüm. Kassada xanım bildirdi ki, 39 AZN ödəməliyəm. Səbəbini soruşdum, cihazın 39 AZN göstərdiyini bildirdi. Üstünə bir daha baxmasını və etiketə nə üçün real qiymətin yazılmadığını soruşdum. Ancaq verilən açıqlama həm gülməli, həm də maraqlı oldu: "Qiymətlər artıb. Ona görə biz də məhsulların qiymətini qaldırmışıq. Yeni qiymətləri üstünə vurmaq yaddan çıxıb".

İstər "ZARA", istərsə də digər bu cür fırıldaqçılıqla məşğul olan mağazalar Azərbaycan xalqının qanını içməklə məşğuldu. İlk fürsətdə xalqın cibinə bu formada girmək, əsil oğurluq və cinayətdir!