Ötən gün ANS telekanalında yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişinin aparıcısı, tanınmış yazıçı-jurnalist Həmid Herisçini M.F.Axundzadə adına Milli Kitabxanadan qovublar.
Bu barədə yazıçı sosial şəbəkədə məlumat yazıb. O, bildirib ki, aparıcısı olduğu verilişlə əlaqədar bir-neçə kitaba baxmaq üçün kitabxanaya gedib, bu zaman kitabxana işçilərindən biri yaxınlaşaraq söyləyib: “Direktorumuz dedi, sənə kitab verməyim, sən yaxşı adam deyilsən, televizorda klassiklərimizi təhqir edirsən..."
Yazıçı heyrətləndiyini deyir: "Ağzım qurudu. Qaldım mat-mətəl.Heç vaxt inanmazdım ki, kitabxanada başıma belə işlər açarlar. Kitab verməzlər mənə. Nədir bu? Rəhmətlik atam bu təkliyə-tənhalığa "təbrizli taleyi" adını vermişdi. İndi bu taleyi mən yaşayıram".
H.Herisçi əlavə edib ki, bu sözləri çaşqınlıqla qarşılayıb, çox pis olub, ancaq buna görə məhkəməyə, yaxud başqa bir müvafiq orqana müraciət eləmək fikri yoxdur.
