|
Kölgədə qalan peşə məktəbləri: dövlət yeni layihələr hazırlayır

2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbuluna başlanılıb.

Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 26-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada həyata keçiriləcək. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

Qəribə haldır ki, Azərbaycanda insanlar daha çox övladlarını savadından və bacarığından asılı olmayaraq ali təhsil almağa məcbur edirlər.  Nəticədə isə bir çox hallarda ali məktəbə də qəbul ola bilməyən abituriyent cəmiyyətdə özünə yer tuta, hər hansı bir iş tapa bilmir. Bu baxımdan mütəxəssislər hesab edirlər ki, Avropada olduğu kimi Azərbaycanda da insanlar arasında peşə məktəblərinə diqqət artmalı, savadı olmayan uşaqlar ali təhsil üçün məcbur edilməməlidir.

Son illər peşə təhsili müəssisələrinin inkişafı  ilə bağlı ölkədə bəzi addımlar atılıb. Belə ki, 2017-ci ildə Azərbaycanda peşə təhsili müəssisələrinin növləri müəyyənləşib. Ötən il  hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinə görə, peşə təhsili müəssisələrinin növləri peşə məktəbi, peşə liseyi, peşə təhsil mərkəzi olmaqla üç yerə bölünüb.  Yeni qanun layihəsinə əsasın, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir.

Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir.

Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir.

Kamran Əsədov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra insanlarda peşə təhsilinə maraq ciddi şəkildə azaldı: “Bunun əsas səbəbi onunla bağlı idi ki, əmək bazarında peşə məktəblərini bitirənlərin işlə təminatı çox aşağı səviyyədə idi. Yaxud da kiminsə hansısa peşə ilə məşğul olması üçün onun bu sahə ilə bağlı sənədinin olub-olmaması önəmli deyildi. Hesab edirəm ki, ilk növbədə dövlət tərəfindən ciddi işlər aparılmalıdır. 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul edildi. Məhz bunun əsas istiqamətlərindən biri də peşə təhsilinin inkişafı idi. Bununla bağlı Təhsil Nazirliyinin nəzdində Dövlət Peşə Agentliyi yaradıldı. Lakin bundan əlavə də hesab edirəm ki, bəzi addımlar atılmalıdır. Azərbaycanda hazırda 107 peşə təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 24 mindən çox şəxs təhsil alır. Ancaq bu, sənəd üzərindədir. Əmək bazarında onların heç birini görə bilmirik. İlk növbədə ona görə yoxdurlar ki, Azərbaycanda olan 107 peşə müəssisəsinin çox az bir qismi müasir standartlara cavab verir. Təsəvvür edin ki, maşınqayırma , maşın mühəndisi və digər bu kimi ixtisaslar üzrə peşə hazırlığını həyata keçirən müəssisələrin heç birində müasir dövrün avadanlıqları yoxdur. Hamısı 1970-80-ci illərin sökülmüş, sıradan çıxmış avadanlıqlarıdır. Həmin peşə məktəblərində resurslar, kitab və vəsaitlər də mövcud deyil. Bundan əlavə, Azərbaycandakı böyük şirkətlər peşə məktəbləri ilə əlaqəli deyillər. Dövlət, ilk növbədə bu tənzimləməni həyata keçirməlidir. Bu gün Bakı şəhərində 500-dən çox  tikinti işi həyata keçirilir. Bunun layihələnməsi zamanı şirkətin rəhbərləri peşə məktəblərinə müraciət göndərməlidirlər ki, bizə filan vaxta qədər, məsələn, tikinti sahəsi üzrə mütəxəssis hazırlayın. Ancaq belə bir hal müşahidə olunmur. Hər kəs özü qeyri-peşəkar şəxsləri başına yığır, iş görür”.

Ekspert hesab edir ki, işə qəbul zamanı peşə təhsili ilə bağlı sənəd tələb olunsa, problem aradan qalxar: “Hətta restoranlar ofisiant, aşpaz qəbul edirlərsə, müvafiq olaraq onun təhsilinin olmasını vacib xüsusiyyət kimi ortaya qoysalar, bu sahəyə meyllənəcəklər. Bundan əlavə, düşünürəm ki, peşə təhsili alanların  təhsil aldıqları müddətdə hərbi xidmətdən azad olunması ilə bağlı qanunverciliyinə dəyişiklik edilərsə, insanlar həmin sahəyə üz tutacaqlar. Peşə təhsilini başa vuranların işlə təmin olunmasında hazırda problem yoxdur. Xidmət, istehsalat sahəsində onlara ehtiyac var. Ancaq işə qəbul zamanı peşə təhsili tələbinin olmaması, təhsilə marağı artırmır. Peşə təhsili dedikdə, bu, təkcə fəhləlik deyil. Rəngsaz, zərgər və digər bütün sahələr üzrə peşə təhsili həyata keçirilir. Əmək bazarında kifayət qədər ehtiyac olan əmək bazarı üzrə hazırlıq var. Bu sahələr arasında çox yüksək gəlirli olanları da az deyil. Ona görə də insanlarda peşə təhsili ilə bağlı düşüncə dəyişməlidir”.