|
Manatın “üzən məzənnə” rejimi ilə bağlı ekspert rəyləri

Baş bankir bildirib ki, dünyada “üzən məzənnə” rejimi olan ölkələr azdır. “Bizim planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır. Bunun üçün ixrac şaxələndirilməlidir. Valyutaya tələb olan idxalçılar var. Üzən məzənnə o deməkdir ki, məzənnə tələb və təkliflə formalaşsın. Üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır. Son dövrlərdə aparılan işlər nəticəsində orta müddətli dövrdə şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik”, - deyə o qeyd edib.

Azərbaycanda manatın “üzən məzənnəyə” keçidi istiqamətində işlər görülür. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuata açıqlamasında deyib.

E.Rüstəmovun manatın məzənnəsi ilə bağlı dediklərini şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov “Yeni Müsavat”a bildirdi ki, manat tam “üzən məzənnə” rejiminə hazır deyil: “2015-ci ildə 2 dəfə devalvasiya hadisəsi baş verdikdən sonra Mərkəzi Bank manatın üzən məzənnə rejiminə buraxıldığını elan etmişdi. Manatın dollara nisbətdəki kursu bundan yalnız 2 il sonra, yəni 2017-ci ildə sabitləşdi. Xatırladıram ki, keçən ilin yanvar və fevral ayının birinci yarısında manata nisbətdə möhkəmlənən ABŞ dolları fevral ayının ikinci yarısından etibarən bir az ucuzlamağa başladı. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi əgər 1.7707 AZN səviyyəsinə bərabər idisə, keçən ilin fevralın 2-də o, özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxdı. Sentyabrın 27-si tarixində isə minimum həddə - 1.7002 AZN-ə endi. Ümumiyyətlə, 2017-ci ildə milli valyutamız möhkəmlənməyə, yəni bahalaşmağa başladı ki, buna da neftin dünya bazarlarında qiymətlərinin 2016-cı ilin ikinci yarısından etibarən sabitləşməyə başlaması, 2017-ci ilin yanvar ayından iqtisadi tənəzzüldə dönüşün yaranması, idxalın məhdudlaşması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin effekt verməyə başlaması, o cümlədən valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, xüsusən də ”qara bazar"ın və ümumiyyətlə, spekulyasiya elementlərini aradan qaldırmaq məqsədilə banklar üçün müəyyən edilmiş -/+ 4 faizlik marjanın ləğvi səbəb oldu. Sözün qısası, manat valyuta bazarında faktiki olaraq AMB tərəfindən idarə olunur".

Pərviz Heydərov ile ilgili görsel sonucu

Ekspertə görə, milli valyutamız olan manatı digər ölkələrdə olduğu kimi, tam “üzən məzənnə” rejiminə buraxmaq real olaraq mümkün deyil: “Bu da ondan irəli gəlir ki, milli valyutanın kursunu əsasən neft amili tənzimləyir. Bu gün ölkənin ixrac potensialının 90-95 faizini xam neft təşkil edir. Başqa sözlə, manatın arxasında əlavə heç bir yerli məhsul dayanmır. Odur ki, əslində hətta AMB özü də hansı ehtiyatlara malik olursa-olsun, neftin qiymətinin bir ”döşəmə" həddi var ki, bu da 35-40 dollardır, əgər ondan da aşağı düşərsə, məzənnəni heç 3 aydan artıq saxlamaq mümkün deyil. AMB-nin bu cür məzənnə siyasəti hələ uzun müddət qalacaq. Və sözügedən qurumun manatın əsaslı makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli şəraitdə dəyişkən risklərinin qarşısını almaq məqsədilə məhdud sayda və həcmdə olsa da valyuta bazarına müdaxilə etməsi davam edəcək. Ona görə ki, AMB-nin müvafiq açıqlamasında da qeyd olunduğu kimi, manatın əhəmiyyətli möhkəmlənməsi və yaxud ucuzlaşması bir sıra mikro və makro risklərin reallaşmasına yol aça bilər. Əgər Azərbaycanın ixrac potensialının 40-45 faizi qeyri-neft məhsullarından ibarət olsa, manat tam üzən məzənnə siyasətinə keçid edə bilər. Biz yalnız o halda tam “üzən məzənnə” rejimindən danışa bilərik".

Millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə hesab edir ki, Azərbaycanda tam “üzən məzənnə” siyasətinə 2019-cu ilin sonunda keçilə bilər. Üzən məzənnəyə keçidlə əlaqədar hazırlıqların getdiyini deyən deputat sözügedən proses üçün bir sıra şərtlərin vacibliyini diqqətə çatdırıb (axar.az).

Onun sözlərinə görə, “üzən məzənnə”yə keçdikdən sonra Mərkəzi Bank manatın məzənnəsinə müdaxilə etməyəcək: “Ümumiyyətlə, bu siyasətə keçən dövlətlərin sayı o qədər də çox deyil, orada müəyyən qədər korrektələr aparılır və saxlanılır”.

P.Heydərovun fikrincə isə “üzən məzənnə”yə keçid tarixi barədə konkret proqnoz vermək hələ tezdir: “Hökumət son illər ərzində qeyri-neft sektorunun inkişafını prioritetə çevirib. Bunun üçün xeyli sərəncamlar imzalanıb və müvafiq addımlar atılıb. Ölkənin ixrac potensialını artırmaq üçün müvafiq siyasət yeridilir. Amma bu, elə bir siyasətdir ki, görülən işlərin real nəticə verməsi bir neçə il tələb edir. Odur ki, hələlik nə isə proqnoz etmək, fikrimcə, tezdir”...