|
Elnur Nağızadənin şərikinə qarşı dələduzluq edən vəkilə hökm oxundu

Dələduzluqda ittiham edilən vəkil hakim qarşısına çıxarılıb. Ona hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lətif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Vəkillər Kollegiyasının üzvü olan L.Ağayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Lətif Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 32.4 (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, L.Ağayev hazırda həbsdə olan Sabrina Alxasovanın həyat yoldaşı Mehdi Süleymanova qarşı dələduzluq edilib. M.Süleymanov həyat yoldaşının cəzasının yüngülləşdirilməsi üçün Ədliyyə Nazirliyinin sabiq böyük inspektoru Tahir Şəbiyevə 31 min manat pul verib.

Məlum olub ki, M.Süleymanov 31 min manatın 17 min manatını L.Ağayevə verib. L.Ağayev isə istintaq dövründə həmin pulun 8500 manatını geri qaytarıb. Qalan məbləği ödəmədiyi üçün həbs edilib.

Daha əvvəl həbs edilən Sabrina Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanır. Onların universitetə adam qəbul etdirmək, işə adam düzəltmək kimi cinayətlərdə şərik olduğu deyilirdi.

E.Nağızadə ölkədən qaçıb. Onun barəsində axtarış elan olunub. S.Alxasova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.

Bu işdə adı keçən Tahir Şəbiyev isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb və o, məhkəmə zalından azadlığa buraxılıb. O, Sabrina Alxasovanın ərindən aldığı pulu geri qaytarıb.