|
Güzəştli mənzillər yenidən satışa çıxarılır

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi -  Yasamal Yaşayış Kompleksində güzəştli mənzil satışı üçün yeni elan açıqlanıb.  Elanda kompleksdəki 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışının həyata keçiriləcəyi tarix açıqlanıb.

“Yeni Müsavat”ın məlumatına görə, Yasamal Yaşayış Kompleksindəki mənzillərin satışı 5 sentyabr 2018-ci il saat 11.00-da başlayacaq və 5 dekabr 2018-ci il saat 11.00-dək davam edəcək.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir. Yalnız “Güzəştli mənzil” elektron sistemində kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Agentlik nəzərə çatdırır ki, elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqlara malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzillər seçə biləcəklər.

Satışa 324 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub. Beləliklə, 1 otaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, 2 otaqlı mənzillərin  qiyməti 47 min 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda ödəniş proseduru da açıqlanıb. Mənzil 10 faiz ilkin ödəniş edərək 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda 1 otaqlı mənzillər üçün aylıq ödəniş 129-136  manat, 2 otaqlı mənzillər üçün aylıq ödəniş 203-236 manat, 3 otaqlı mənzillər üçün aylıq ödəniş 282-288 manat olacaq. Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək. Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı 1 otaqlı mənzillər üçün 26 min 932 manatdan, 2 otaqlı mənzillər üçün 42 min 554 manatdan, 3 otaqlı mənzillər üçün 59 min 63 manatdan başlayır.

Xatırladaq ki, MİDA-nın birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində 1, 2, 3 və 4 saylı binalarda yerləşən ilk 260 mənzilin satışına 7 may  2018-ci ildə başlanılsa da, bunu həyata keçirmək mümkün olmadı.

Buna “Elektron hökumət” portalı və MİDA-nın “Güzəştli mənzil” sistemində yaranmış problemlər imkan vermədi. Rəsmi açıqlamada problemin ilk satış prosesinin mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşımasının səbəb olduğu bildirildi. Nəticədə güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb. Eyni zamanda “Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib. Bununla da yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub. Mənzillərin seçimi mərhələsində baş vermiş texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə MİDA-da komissiya yaradılıb. Bununla yanaşı, elektron sistemləri yoxlayaraq, güzəştli mənzillərin seçimi zamanı baş vermiş nasazlıqlar və nöqsanlar haqqında ətraflı rəy verməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə müraciət olunub. Elektron sistemin dayanıqlı fəaliyyətinin təmin edilməsinə məsul olan aidiyyəti qurum və təşkilatların səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibdə iclas keçirilib.

Agentliyin mayın 17-də yaydığı məlumatda bildirilib ki, komissiya tərəfindən aparılan araşdırma nəticəsində, habelə təqdim olunan rəy və hesabatlara əsasən müəyyən olunub ki, “Elektron hökumət” portalının kütləvi trafik axını qarşısında müvəqqəti əlçatmaz olması və “Güzəştli mənzil” sistemində texniki səhvlərin mövcudluğu ilk satış zamanı sistemin istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib çıxarıb. Həmin texniki nasazlıqlar nəticəsində “Güzəştli mənzil” sisteminin istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyinin bu elektron sistemin əsas iş prinsiplərinə zidd olduğunu nəzərə alaraq, mayın 7-də keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda Agentliyin sərəncamında olan mənzillərin güzəştli satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarında yerləşən 260 mənzilin seçiminin yenidən təşkil olunacağı açıqlanıb. Ötən müddət ərzində 5 saylı binanın da tikintisi başa çatıb və təklif olunan mənzillərin sayı artıb.

İqtisadçı-ekspert Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, MİDA-nın satış qaydalarında heç bir dəyişiklik baş verməyib: “Yenə kim tez tərpənsə, mənzilə də o sahib olacaq. Açıqlanan məlumatlardan aydın olur ki, agentlik artıq sistemdə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə beynəlxalq təşkilatlarla, eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə işləyib, platforma sınaqdan çıxarılıb. Yeni hərracda problemin olmayacağına zəmanət verilir”.

MİDA-nın mənzillərinin qiymətlərinə gəlincə, ekspert onların bir sıra parametrlər baxımından əlverişli olduğu qənaətindədir: “Bu layihə sosial deyil, güzəştli evlər təklif edir. Təklif olunan evlər qiymət, infrastrukturun müasir tələblərə uyğun qurulması cəhdlərinə görə fərqlənir. Eyni zamanda özəl MTK-lardan fərqli olaraq mənzillərə çıxarış verilir. Bu, kifayət qədər böyük üstünlükdür. Daha bir üstünlük ondan ibarətdir ki, ilkin ödəniş üçün daha az vəsait tələb olunur. Mənzil sahibi olmaq üçün otaq sayına uyğun olaraq 3-7 min manat ilkin ödəniş etmək kifayət edir. Mənzilin əldə olunması üçün ilkin ödənişin məbləği əsas götürülmür. Bundan əlavə, mənzillər təmirli, mətbəx mebeli, kombi sistemi ilə təmin olunmuşdur. Bu isə vətəndaşların xərclərini azaldan amillərdir. Eyni zamanda ilk şəhərcik şəhərə yaxın ərazidə yerləşir ki, bu da aztəminatlı ailələr üçün əlverişlidir. Lakin bütün bunlar o demək deyil ki, layihə sosial layihədir. Sosial layihə bilavasitə aztəminatlı təbəqə üçün nəzərdə tutulur. MİDA mənzilləri üçün əsas prinsip isə ödəniş imkanlarınan orta və yüksək olmasıdır. Banklar məhz belə vətəndaşlara kredit ayırmağı üstün tuturlar”.

R.Həsənovun fikrincə, yaxın gələcəkdə MİDA-nın şərtlərində dəyişiklik olunacaq: “Agentliyin təklif etdiyi mənzilləri əldə edə biləcək qrupların sayı artırılmalıdır. Çox güman ki, gələcəkdə buna gediləcək”.