Xəbər verdiyimiz kimi bu gün Qəbələdə X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənli açılış mərasimi keçirilib.
Mərasim öncəsi mədəniyyət naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlama verib.
Nazir qeyd edib ki, festivala olan maraq ildən-ilə artmaqdadır:
“İlk günlərdə bu festivalla bağlı təşəbbüs irəli sürüləndə kimsə düşünmürdü ki, dünya musiqi cədvəlində Qəbələ adı belə möhkəm həkk olunacaq. Bu festival böyük tamaşaçı auditoriyasının diqqətini cəlb edib. On il ərzində I Vitse-prezident Mehriban Əliyevanın himayəsi və dəstəyi dünya miqyasında ən tanınmış musiqi kollektivlərinin Qəbələyə gətirilməsinə imkan verdi.
Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Rusiyanın böyük musiqi kollektivləri Qəbələyə gəliblər. Bu, böyük göstəricidir. Bütün bunların nəticəsində Qəbələ mədəni turizmin mərkəzinə çevrilib. Festivalın təşkil olunmasında Heydər Əliyev Fondunun rolu və yeri əvəzolunmazdır. Mədəniyyət Nazirliyi Qəbələ Musiqi Festivalına dəstək verməyə hər zaman hazırdır”.
