|
“Bəlkə də dünyada yeganə millət vəkiliyəm ki..."

Bu ilin payızında  4-cü çağırış  Milli Məclisin səlahiyyət müddəti başa çatır.Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini soruşur.

Bu dəfə suallarımıza  86 saylı İsmayıllı seçki dairəsindən deputat Novruz Aslanov  cavab verir. 

- 
İsmayıllı  rayonundan  deputatlığa namizəd olarkən, seçiciləriniz qarşısında platformanızı necə qurmuşdunuz?   

-Deputatlığa namizəd olarkən seçki platformamı sistemli şəkildə qurmuşdum. Həyata keçiriləsi мüvafiq proqramlar var idi ki, seçki platformamda onların hamısını qeyd etmişdim. Bu günə qədər həmin proqramların üzərində çalışıram.

-Bu günə qədər  deputat olduğunuz müddətdə üzərinizə götürdüyünüz öhdəlikləri tam olaraq yerinə yetirə bildinizmi?

-Bildiyiniz kimi, hər həftə İsmayıllı rayonuna gedib görüşlər, qəbullar  keçirirəm. Müraciətlərə baxıram, insanların problemləri ilə maraqlanıram, həlli ilə məşğul oluram. Bir çox müraciətlərin həlli üçün əlaqədar strukturlara müraciətlər edirəm,  onların icrasının həyata keçirilməsinə çalışıram. Bacardığımı etmişəm, edirəm və bundan sonra da edəcəm. Hesab edirəm ki, qarşıma qoyduğum məqsədlərin böyük bir hissəsinə nail olmuşam.

-Ötən 4 il ərzində seçicilərinizin müraciətləri əsasən nədən ibarət idi?

-Statistika onu göstərir ki, təxminən müraciətlərin 70%-nə qədəri  insanların sağlamlığı ilə bağlıdır. İnsanların 20%-ə qədərinin işsizliklə bağlı problemi mövcuddur. Qalan müraciətlərin 10%-i  isə sosial məsələlərlə bağlı olub. Təbii ki, ailə, məişət və torpaq məsələləri  ilə bağlı müraciətlər də bu sıradan olub. Onu da qeyd etmək yerinə düşər ki, edilən müraciətlərin arasında sadaladıqlarımdan başqa digər problemlər də var. Yanıma gələn seçicilərdən 10 nəfərinin 7-si sağlamlığında problem yarandığını,  İrana və ya digər xarici dövlətə getməli və əməliyyat olunmasının vacibliyini söyləyir. Bütün bu məsələlərin hesabatını aparıram. Məlumat üçün deyim ki, bəlkə də  dünyada yeganə millət vəkiliyəm ki, hər il hesabat hazırlayıram və ictimaiyyətə, müvafiq qurumlara təqdim edirəm. Buna görə də 2010-cu ildə Amerika Bioqrafiya İnstitutu məni “İlin adamı” elan edib.

-Sizə aidiyyatı olmayan məsələlərlə bağlı müraciətlər olanda nə edirsiniz?

-Əvvəla, istənilən formada müraciət edən şəxs  mənim seçicimdir. Mənim vəzifəm onu aidiyyatı qurumlara yönəltməkdir. Sağlamlıqla bağlı müraciət edənləri Səhiyyə Nazirliyinə göndərməklə yanaşı, iş adamlarını axtarırıq ki, həmin xəstələrə himayədarlıq etsin.  İsmayıllı rayonunda böyrəkköçürmə əməliyyatına ehtiyacı olan  uşaq var idi. Rayon səviyyəsində icra başçısından tutmuş adi insanlara qədər kampaniya təşkil etdik. Lazımi vəsait toplayıb həmin uşağın həyatını xilas etdik. Demək istəyirəm ki, bizə müraciət edən seçicimizdir. Hər hansı məsələ ilə bağlı yanımıza gəlibsə,  pula ehtiyacı varsa deyə bilmərik ki, “pulumuz  yoxdur, bu iş bizlik deyil, dur, get burdan”. Hər bir məsələyə həssas yanaşmalıyıq. Bütün imkanları səfərbər edib problemin həllinə yönəltməliyik.

-Ötən 4 il ərzində İsmayıllı rayon İcra Hakimiyyəti ilə  münasibətlər hansı səviyyədə olub?  Aranızda hər hansı məsələyə görə anlaşmazlıq olubmu?

-Bu günə qədər icra başçısı ilə heç bir problemim olmayıb. Ümid edirəm ki, bundan sonra da olmayacaq. Ona görə ki, bizim bir məqsədimiz var. O da xalqımıza, dövlətimizə layiqincə xidmət etməkdir. İcra başçısının da,  deputatın da məqsədi budur. Üst-üstə düşməyən heç bir problemimiz yoxdur.

-Bəs elə seçiciləriniz olubmu ki, etdiyi müraciət sizdə gülüş yaradıb?  “İnəyim itib, onu tapın!”,  “Darvazam yoxdur, darvaza alın!”. Və sairə.

-Dediyiniz tipli müraciətlər olub. Amma, həmin müraciətlərə gülünc baxmıram. Sadəcə, pərişan oluram. Yadımda qalan bir hadisəni danışım. Rayona səfər edərkən seçicilərimdən birinin evinə getdik. Evin divarının bir hissəsində suvaq qopub yerə tökülmüşdü. Mənə üzünü tutaraq dedi. “Görürsünüz, evin suvağı qopub tökülüb”. Köməkçiyə üzümü tutaraq gələn həftə bura gəlib paltarlarımızı dəyişib  bir yerdə evin  qopan hissəsini   düzəltməyimizi xahiş etdim. Dedim: “Sən palçıq tutarsan, mən də suvaq vuraram. Suvaq vurmağı bacarıram”. Ev sahibi dərhal üzünü tutaraq “nə danışırsız, özüm edə bilərəm, siz niyə edirdsiz?!”.  Dedim özünüz edə bilirsinizsə, niyə etmirsiz. Evə suvağı da mən vurmalıyam, yoxsa dövlət gəlib etməlidir?! Burda elə çətin iş yoxdur. Ona görə də bu cür hallarla qarşılaşanda həmişə pərişan olmuşam.

-Növbəti seçkilərdə deputatlığa namizəd olmağı düşünürsünüzmü?

-Bu suala cavab vermək istəmirəm.