|
Avtomobil Yolları Dövlət Agentliyi torpaq alacaq

Nazirlər Kabineti iki yolun tikintisi ilə bağlı torpaqların alınmasını həyata keçirəcək qurumu müəyyənləşdirib. Qurumun qəbul etdiyi qərarla hər iki halda tikinti ərazisinə düşən torpaqları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi alacaq.

Nazirlər Kabinetinin qərarından aydın olur ki, Avtomobil Yolları Dövlət Agentliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində torpaqların alınası üçün təkliflə çıxış edib. Bu təklifi müsbət dəyərləndirən Nazirlər Kabineti agentliyə tapşırır ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaratsın. Yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün 2 alınması haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilməsi təmin olunmalıdır. Agentlik yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Nazirlər Kabinetinə təqdim etməlidir.

Agentlik həmçinin  Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələrinin alınmasını həyata keçirəcək.