Gürcüstan Ombudsmanının 2017-ci il üzrə insan haqları və azadlıqlarına dair hesabatında deyilir ki, Azərbaycan və Ermənistan tərəfinin Gürcüstana təqdim etdiyi dərsliklər ölkənin təhsil sisteminin standartlarına uyğun deyil.
Sənəddə qeyd olunub ki, Ermənistan bu yaxınlarda 12 illik təhsil sisteminə keçib: “Azərbaycanda isə 11 illik təhsil sistemi davam edir. Bu o deməkdir ki, Azərbaycanda 12-ci sinif üçün nəzərdə tutulmuş dərsliklər yoxdur. Azərbaycandilli məktəblər üçün Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir” (APA).
Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə Heydər Əliyev tərəfindən qoyulub. Prezidenti İlham Əliyevin xüsusi tapşırığına əsasən, Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün 550 minədək müxtəlif adda dərs vəsaiti göndərilib.
Xatırladaq ki, Gürcüstanda rəsmi rəqəmlərə görə, 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır. Son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsaitlər təqdim edib.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, Azərbaycan tərəfi Gürcüstandakı soydaşlarımızı dərsliklə təmin etsə də, son illərdə qonşu dövlətdəki təhsil islahatlarından xəbərsizlik ortaya anlaşılmazlıq çıxarıb: “Gürcüstanda artıq 10 ildir ki, milli azlıqlarla bağlı ”4+1" dövlət proqramı hazırlanıb. Bu proqrama əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dillərində imtahan verərək Gürcüstan universitetlərinə qəbul ola bilir. Bir il kurs keçərək yaşadığı ölkənin dilini öyrənir və sonrakı təhsillərini gürcücə davam etdirirlər. Azərbaycan tərəfindən göndərilən dərsliklər Gürcüstanın təhsil standartlarına və strategiyasına uyğun deyil. Birincisi, onlarda artıq təhsil 12 illikdir. Bundan başqa, Gürcüstan tərəfindən dərsliklər üzrə müəyyən edilmiş meyarlar Azərbaycan tərəfindən yerinə yetirilmir. Onların hər bir sinif üçün dərsliklərində müəyyən olunmuş məlumat, informasiya ağırlığı var. Amma Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilən dərsliklər həmin normalara cavab vermir. Azərbaycan tərəfi eynilə bizim öz şagirdlərimiz üçün nəşr etdiyi dərslikləri gürcü dilinə tərcümə edib ora yollayır. Həmən dərsliklər orda heç bir əhəmiyyətə malik deyil. Çünki bizim göndərdiyimiz kitablarla oradakı şagirdlərin əldə etdikləri informasiyanın əhəmiyyəti yoxdur. Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi və dərslik şöbəsi azərbaycanlıların kompakt yaşadıqları ölkələrdə olmalı, onların təhsil standartlarını öyrənib ona uyğun olaraq dərslikləri çap edib göndərməlidir ki, o şagirdlər üçün faydalı olsun. Təəssüflər olsun ki, bu gün Gürcüstan universitetlərində Azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur. Əgər olsa, orada yaşayan azərbaycanlı ziyalılar həmvətənlərimiz üçün daha yararlı dərsliklər hazırlayarlar".
Təhsil eksperti Azərbaycanın təhsil müəssisələrinə Gürcüstan azərbaycanlılarının qəbul ola bilmədiklərini təəssüflə qeyd edir: “Bunun bir səbəbi fərqli tədris proqramı olsa da, əsas problem Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkə universitetlərinə qəbul imtahanı verməyərək müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin Gürcüstandan gələn azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb edilirlər. Onlara yalnız ödənişli əsaslarla təhsil almaq hüququ verilir ki, bu da doğru deyil”.
YM
