|
Azərbaycanda pullu yollar üçün nişan hazırlandı

Azərbaycanda ödənişli yollar üçün nişanlar hazırlanıb. Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”na əsasən ödənişli avtomagistralın başlanması və başa çatması haqqında, nəqliyyat vasitələrinin gedişinə görə haqqın alındığı yol sahəsinin başlanması barədə məlumat verən yol nişanı quraşdırılacaq.

Məlumat və yol nişanları Azərbaycan dilində və operatorun istəyinə əsasən xarici dildə (ingilis dilində) təqdim ediləcək. Eyni zamanda məlumat operator tərəfindən istifadəçilərin nəzərinə operatorun internet saytı vasitəsilə, istifadəçinin tələbi ilə isə ödəniş haqqının alındığı məntəqələrdə çatdırılacaq. İstifadəçiləri təqdim olunan xidmətlər haqqında məlumatlandırmaq məqsədilə operator (ödənişli avtomagistralın sahibi) ödənişli avtomagistralın başlanğıc məntəqəsinin və ödəniş haqqının alınması məntəqələri qeyd olunmaqla ödənişli avtomagistralın sxemi və alternativ ödənişsiz hərəkət marşrutu haqqında məlumatı təqdim edəcək (APA).

Xatırladaq ki, Azərbaycanda iki yolun pullu olması planlaşdırılır. Bunlardan birincisi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin “Yeni Müsavat”a dediyinə görə, artıq həmin yolun böyük hissəsində işlər tam yekunlaşıb. İran sərhədinə qədər uzanan yolun kənarlarında maneələrin qarşısını almaq məqsədilə çəpərlənmə işləri aparılıb. Yol boyu 55 əsas kənd və qəsəbədən keçən hissəsində körpü və birləşmələr inşa edilib. Hazırkı Ələt-Astara yoluna paralel olaraq çəkilən yeni yol məsafəni də azaldacaq.

Anar Nəcəflinin ile ilgili görsel sonucu

A.Nəcəfli bildirir ki, bu yolun pullu olmasına hələ qərar verilməyib: “Belə bir qərar verildikdən sonra müəyyən işlər aparılmalıdır: ödəniş terminallarının, nəzarət məntəqələrinin quraşdırılması, tariflərin müəyyənləşdirilməsi və sair”.

İkinci pullu yol kimi hazırda inşa edilməkdə olan Bakı-Quba-Rusiya sərhədi alternativ yolu qeyd edilir. Uzunluğu 157 km olacaq bu yol Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinə qədər davam edəcək. Ötən ilin dekabrında prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan yolda işlərə yeni başlanılıb və onun 2020-ci ilə qədər yekunlaşması planlaşdırılır.

Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

Qeyd edək ki, yaxın perspektivdə Azərbaycanın tranzit ticarət mərkəzinə çevrilməsi istiqamətində mühüm layihələrin icrasına başlanıb. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin aktivləşdirilməsi, Azərbaycan üzərindən tranzit yükdaşımaların həcminin bir neçə dəfə artırılması planlaşdırılır. Eyni zamanda ölkədə turizmin inkişafı prioritet istiqamətlərdən biri sayılır. Bu baxımdan, pullu avtomagistralların tikintisi gəlirli sahəyə çevrilə bilər. Sadəcə olaraq, bu işin dünya təcrübəsinə uyğun həyata keçirilməsi  çox vacibdir. Belə ki, dünya təcrübəsində pullu yollar əsasən özəl sektor tərəfindən çəkilir və saxlanır. Dövlətin burada qazancı həm rahat infrastruktur, həm də büdcəyə ödənilən vergilər olur. Məsələn, Türkiyədə pullu yollar və körpülərdən geniş istifadə olunur. Bundan ölkə ildə ən azı 550 milyon dollara yaxın gəlir əldə edir. Onun 70 faizə qədəri avtomobil yollarının, qalanı isə körpülərin payına düşür. Gəlirlərin 10 faizi ərazisindən pullu yollar keçən bələdiyyələrə verilir.

Avropa ölkələrində də geniş yayılan pullu yollar “A” hərfi ilə işarə olunur. Pulsuz alternativ magistralları isə “N” hərfi ilə tanımaq olar. Çində pullu yollar təcrübəsindən geniş istifadə olunur. İsveçrədə ümumi avtomobil yollarının 2,7 faizi pullu yolların payına düşür. İspaniyada pullu avtomagistralların uzunluğu 10 min kilometrdən artıqdır. Ödənişli yollardan keçmiş sovet ölkələrində də istifadə olunur. Bu gün Rusiya, Ukrayna, Latviya, Estoniya, eləcə də Belarusda bu cür yollar geniş yayılıb.

Pullu yollarda yol haqqı tunellərdən, körpülərdən və estakadalardan keçidə görə alınır. Tariflər nəqliyyat vasitəsinin növündən və məsafədən asılı olaraq dəyişir.

Avtomobil pullu yola daxil olarkən sürücü avtomat vasitəsilə talon alır. Orada avtomobilin pullu yola məhz harada daxil olduğu göstərilir. Avtomobil pullu yoldan çıxarkən qət edilmiş məsafə hesablanaraq yol haqqı ödənilir. Bəzi ölkələrdə isə pullu yollardan çox istifadə edən avtomobillərin qabaq şüşələrinə xüsusi çip yerləşdirilir. Avtomobil pullu yola daxil olduqda avtomatik olaraq gedişhaqqı hesablanır. Yoldan çıxdıqda isə hesablanan məbləğ avtomatik olaraq həmin şəxsin hesabından çıxılır.

Azərbaycanda hələ ki özəl investorların pullu yolların tikintisinə cəlb olunması faktı qeydə alınmayıb. A.Nəcəfli deyir ki, investorların prosesə cəlbi onların marağından asılıdır: “Dünya təcrübəsi belədir ki, özəl investorlar yolları tikirlər, istismar edirlər, öz gəlirlərini götürdükdən sonra yolu dövlətə təhvil verirlər. Bizdə də belə təcrübənin tətbiqi mümkündür. Sadəcə, özəl investorlar maraq göstərməlidilər ki, hansısa konkret addımlar atılsın”.

Onu da bildirək ki, Azərbaycanda özəl investorların cəlbi nəzərdə tutulan ilk yol Quba-Şamaxı yolu hesab olunur. Agentlik rəsmisi deyir ki, bu yol çəkilərsə, Qubadan Şamaxıya getmək üçün Bakıya gəlməyə ehtiyac qalmaz: “Bu, Qubadan Şamaxıya olan indiki yolun 200 km qısalması demək olar. Ödənişli yol avtomobil sahiblərini bir neçə baxımdan cəlb edə bilər: az vaxt, az yanacaq sərf olunması. Bu yol çəkilərsə, hər iki baxımdan cəlbedici olacaq. Buna görə də həmin yolun investorlar üçün əlverişli olmasını təmin edir. Bundan əlavə, Azərbaycanda özəl investorların diqqətini çəkə biləcək digər yollar da var. Burada söhbət yalnız yollardan deyil, körpülərdən, tunellərdən də gedir”.

Dünya təcrübəsində belədir ki, pullu yol pulsuzdan keyfiyyətinə görə deyil, qısalığına, vaxt baxımından əlverişliliyinə görə fərqlənir. Yəni pullu yolun alternativi olan pulsuz yol keyfiyyətinə görə ödənişlidən geri qalmamalıdır. Bu o deməkdir ki, bu gün Rusiya və İran sərhədinə qədər olan mövcud yollar çəkilməkdə olan yeni yollardan keyfiyyətinə görə fərqlənməməlidir. Amma hazırda İran sərhədinə qədər olan yol cəmi ikicərgəli, yeni çəkilən isə dördcərgəlidir. Avtomobil Yolları Dövlət Agentliyindən mətbuata verilən məlumata görə, hazırda həmin yolun vəziyyəti normal deyil. Nəzərdə tutulub ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra həmin alternativ yol da əsaslı şəkildə yenidən qurulsun. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhədi yolu pullu ola bilər.