Azərbaycan rəhbərliyi daim ən yüksək səviyyədə bəyan edir ki, Qarabağ məsələsinin həlli torpaqların işğaldan azad olunmasından keçir və bunun alternativi yoxdur.
Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə görüşdə İtaliyanın ATƏT-ə sədrlik etməsini xatırladaraq bir daha prinsipial mövqeyini aşağıdakı kimi bəyan etdi:“Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk Qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır”.
Şübhəsiz ki, nəticə danışıqlarla baş verməyəcəksə, alternativi silahlı yol olacaq. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə mediasına müsahibəsində bunun qısa yolu barədə danışıb və dövlətimizin qətiyyətli mövqeyini bir daha bəyan edib. Cənab Əli Həsənov qardaş ölkənin jurnalistlərinin suallarına cavabında bildirib: “Azərbaycan ordusu öz imkanları ilə bir aya Qarabağı azad etmək gücünə və bacarığına sahibdir. Ancaq biz aparılan beynəlxalq diplomatiyanı önəmsəyirik. O prosesləri diqqətlə izləyirik. Gün gələr və diplomatiya fayda verməzsə, o zaman biz də güc tətbiq etmək məcburiyyətində qalarıq. Sizə söyləyirəm, bir ay ərzində milli ordumuz torpaqlarımızı azad edər, Ermənistan işğalına son qoyar”.

Azərbaycan ordusunun gücü, qüvvəsi barədə hərbi ekspertlərimiz də yüksək fikirdədir. Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, biz onsuz da məqsədlərimizə doğru getməkdə israrlıyıq:“Torpaqlar tez bir zamanda nəyin bahasına olursa-olsun azad edilməli, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilməlidir. Qoy ermənilərə nə qədər vaxtı keçmiş, ikinci nəsil silahlar, hansılar ki, heç uzaq Afrika ölkələrində belə ciddi maraq doğurmur, alsınlar. Bu gün Azərbaycan Ordusunun silahları elə bir səviyyədədir ki, əsgər və zabitləri düşmənlə təmasa girmədən belə, yağı düşmən darmadağın ediləcək və daşı daş üstündə qalmayacaq. Düşmənin və havadarlarının da ən çox ehtiyat etdikləri və qorxduqları budur ki, artıq 2016-ci ildə Azərbaycanın etdiyi güzəşt bu dəfə heç bir halda keçərli olmayacaq”.
“Rusiya Ermənistana 200 milyon dollarlıq silah satsa belə, bu, Azərbaycanın aldığı silahlarla müqayisə oluna bilməz”. Bunu AzVision.az-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O, bildirib ki, Azərbaycan hər il 100 milyonlarla dollarlıq yeni silahlar alır: “İndi Ermənistan 200 milyonluq silah alsa nə edəcək? Sadəcə, Nikol Paşinyan Azərbaycan ordusunun möhtəşəm hərbi paradından sonra ölkə əhalisini sakitləşdirmək, arxayınlaşdırmaq üçün belə yollara əl atır”.

Y.Aydəmirov qeyd edib ki, Azərbaycan hər an düşmən üzərinə hücuma keçə bilər: “Azərbaycan ordusuna hər an torpaqlarımızı azad etməklə bağlı əmr verilə bilər. Biz buna hazırıq və qadirik. Bu baxımdan onların narahatçılığına əsaslar var. Ermənistan 200 milyonluq silah alıb gətirsə də, bu, heç nəyi dəyişməyəcək. Yəni bu silahları alsalar da, Azərbaycan ordusunun gücü qarşısında tab gətirə bilməyəcəklər. Onlar heç vaxt ordular arasında güc nisbətini bərabərləşdirə bilməyəcəklər. Rusiya dünyanın ən böyük silah ixracatçılarındadır. Kimin pulu varsa, ondan silah alır. Rusiya üçün fərq etmir. Azərbaycan isə Rusiya və digər dövlətlərdən istədiyi silahı alır”, - deyə Y.Aydəmirov vurğulayıb.

Horadiz əməliyyatına rəhbərlik etmiş ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordenli hərbçimiz Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında prezident köməkçisinin fikirlərini təsdiqlədi: “Bugünkü imkanlarına, silahlanmasına, əməliyyat rayonunun dərinliyinə və həcminə görə, Azərbaycan ordusu bir aya yox, ondan da tez torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qarşısına qoyulan tapşırığı yerinə yetirə bilər. Biz əgər tarixə nəzər salsaq, 1994-cü ilin yanvarındakı Horadiz əməliyyatında iki gün ərzində 30 km-dək irəliləyib, 22 yaşayış məntəqəsini, o cümlədən Horadiz qəsəbəsini işğaldan azad etməyə nail olduq. Hansı ki, o zaman silah-sursatın məhdud olan vaxtı idi, ancaq çox çətin bir durumda olan ordu uğurlu hücum əməliyyatını həyata keçirdi.
Əgər biz dərinliyi götürsək, təmas xətti ilə Ermənistanla sərhədimiz arasında maksimum 100-120 km-lik məsafə var, bir sıra yerlərdə daha azdır. Horadiz əməliyyatı ilə müqayisə etsək, biz təqribən 10 günün ərzində torpaqlarımızı işğaldan azad edə bilərik”. Ş.Ramaldanov düşmənin qurduğu mühəndis -istehkam sədlərinin elə də problem yaratmayacağı qənaətindədir: “Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev aprel hadisələrindən sonra demişdi ki, Azərbaycanla Ermənistanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə öz torpaqlarını işğalçılardan azad edib ərazi bütövlüyünü təmin edər. Döyüşdə maneəçiliklər həmişə olur. Sadəcə olaraq Azərbaycan ordusunun bugünkü imkanlarına görə bəzi hesablamalar aparsaq, ordumuz qarşıya qoyulan tapşırığı yerinə yetirmək gücündədir”.
