Sosial mediada İngiltərə kraliçası Elizabetin həyat yoldaşı şahzadə Filipin öldüyü iddiası geniş yayılıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu xəbərlərin yayılmasına görə Bukinqem sarayının telefonları da kilidlənib.
İngiltərə mediasına görə, 97 yaşlı Filipin öldüyü xəbərləri 92 yaşlı kraliçanı da təbdən çıxarıb. “The Sun” qəzeti yazıb ki, dedi-qoduların ardınca kraliça Elizabetlə şahzadə Filip arasında 10 dəqiqəlik telefon danışığı baş tutub. Cütlüyün arasında bu cür yalan xəbərlərin öhdəsindən necə gələcəkləri ilə bağlı fikir mübadiləsi aparılıb. Amma sadə xalq da bu xəbərlərdən olduqca təsirləndiyi üçün gün ərzində aramsız olaraq saraya telefon zəngləri edib. Google-da gün ərzində ən çox axtarılan xəbər isə onların ölümü ilə bağlı olub.
Musavat.com xatırladır ki, zaman-zaman kraliça Elizabetin ölümü ilə bağlı xəbərlər sosial şəbəkədə dolaşsa da, bu dəfəki dedi-qodunun miqyası olduqca böyük olub. Amma kral ailəsinin dəyişməz qaydalarından biri də budur ki, saray bu sayaq dedi-qodulara əhəmiyyət veməməli, bununla bağlı hər hansı açıqlama ilə çıxış etməməlidir.
