|
Altı ayın yekunu: iqtisadiyyatda sabitlikdir

Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında qeyd olunan dövrdə Azərbaycan iqtisadiyyatının durumunu əks etdirən ilkin məlumatlar açıqlanıb. Məlum olub ki, altı ay ərzində Ümumi Daxili Məhsul 1,3 faiz artıb. Bu zaman qeyri-neft sektoru 2 faiz artım nümayiş etdirib. Sənaye istehsalı 1 faiz, o cümlədən qeyri-neft sənayesi 8,8 faiz, həmçinin informasiya və rabitə xidmətləri 4,9 faiz, ticarət 2,5 faiz artıb.

İlin birinci yarısında kənd təsərrüfatında artım 7,6 faiz, o cümlədən bitkiçilikdə 14 faizdən yuxarı olub.

İlin əvvəlindən  Azərbaycanın valyuta ehtiyatları da artaraq 44,3 milyard dollar təşkil edib.

Ötən altı ayda dövlət büdcəsinin gəlirləri 9,8 milyard manat, xərcləri 9,5 milyard manat olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur.

İqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb.

Əhalinin gəlirləri 9,3 faiz artmaqla 3 faiz təşkil edən inflyasiyanı 6,3 faiz üstələyib. Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 17,1 milyard manata bərabər olub.

İlgili resim

Ticarət dövriyyəsinin 8,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 12068,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8213,3 milyon dollar, idxalın dəyəri 3855,3 milyon dollar təşkil edib, nəticədə 4358,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-may  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,4 faiz, real ifadədə isə 3,1 faiz, o cümlədən ixrac 2,8 faiz, idxal 3,8 faiz artıb.

Beş ayda 667,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə isə 8,6 faiz çoxdur.

Bu ilin yanvar-may aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə təzə tərəvəz ixracı 2,1 faiz, təzə meyvə - 51,2 faiz, kartof - 33,5 faiz, meyvə və tərəvəz konservləri - 22,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 2,6 dəfə, polietilen - 10,1 faiz, emal olunmamış alüminium - 15,7 faiz, pambıq lifi - 4,0 faiz, qara metallardan borular - 12,0 faiz, pambıq ipliyi - 10,7 faiz, bentonit gili  - 8,5 faiz  artıb. Şəkərin ixracı - 50,5 faiz, tütün - 8,9 faiz, meyvə və tərəvəz şirələri - 13,2 faiz, çay - 19,6 faiz,  bitki yağları - 15,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 1,6 faiz, qara metallardan yarımfabrikatlar - 88,5 faiz azalıb.

İqtisadiyyat ile ilgili görsel sonucu

2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 2018-ci ilin yanvar-may aylarında buğda idxalı 40,8 faiz, bitki yağları - 41,1 faiz, təzə meyvə - 44,1 faiz, çay - 10,9 faiz, qara metallardan borular - 92,6 faiz, minik avtomobilləri - 2,9 dəfə, polietilen - 82,0 faiz, paltaryuyan maşınlar - 55,6 faiz, məişət kondisionerləri - 28,5 faiz, yük avtomobilləri - 2,1 dəfə, sement və sement klinkerləri - 69,1 faiz, məişət soyuducuları - 2,4 dəfə artıb. Siqaret idxalı isə 6,1 faiz, kərə yağı, digər süd yağları və pastaları - 2,3 faiz, kartof - 22,2 faiz, quş əti və onun əlavə məhsulları - 5,6 faiz, mal əti - 20,2 faiz, xam şəkər və şəkər - 82,6 faiz, təzə tərəvəz - 47,4 faiz, hesablama maşınları, blok və qurğuları - 2,3 faiz, qara metallardan künclüklər n- 19,6 faiz  azalıb.

İqtisadçı-ekspert Pərviz Heydərov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, altı ayın yekunlarına dair ilkin məlumatlar göstərir ki, ölkə iqtisadiyyatında sabitlikdir: “Amma burada biz bir şeyi nəzərə almalıyıq ki, sabitlik hələ dayanıqlıq demək deyil. Yəni bunlar ayrı-ayrı anlayışlardır. Biz 2014-cü ilin yayına qədər - neftin dünya bazarında qiyməti düşməyənədək makroiqtisadi göstəricilərimizdə böyük sabitlik müşahidə edirdik. Lakin neftin dünya bazar qiymətinin düşməyə başlamasıyla çox qısa müddət ərzində gördük ki, müşahidə etdiyimiz sabitlik ciddi şəkildə laxladı. Hələ yaxşı ki, valyuta ehtiyatlarımızın olması, hökumətin atdığı bir sıra addımlar sayəsində ölkəmizin makroiqtisadi sabitliyi tam əldən getmədi. Düzdür, bir xeyli itkilərimiz oldu: Mərkəzi Bankın 11 milyard dollardan yuxarı vəsiti valyuta bazarının tənzimlənməsi üçün getdi, Ümumi Daxili Məhsulda geriləmə, hətta azalma qeydə alındı. Bunlara rəğmən, makroiqtisadi sabitliyi tam itirmədən vəziyyətdən çıxa bildik. Ona görə ki, əvvəla, 2016-cı ilin ikinci yarısından etibarən neftin dünya bazar qiymətləri sabitləşdi. 2017-ci ildən artıq ölkəmizin iqtisadiyyatında stabillik müşahidə edilir. Bu stabillik davamlı xarakter daşıdığı üçün artıq müəyyən artımların qeydə alınacağı labüd xarakter daşıyırdı. Bu səbəbdən də bu ilin altı ayında həm ÜDM istehsalında, həm qeyri-neft sektorundakı istehsalın artım tempində, həm manatın məzənnəsində keçən ildən başlanan sabitlik daha da möhkəmlənib, müəyyən irəliləyişlər qeydə alınıb”.

Ekspert əldə olunan nəticələrə baxmayaraq, hökumətin arxayınlaşmamalı olduğunu deyir: “Neft bazarında qiymətlərin hələ bir müddət yüksək olacağı gözlənilir. Ötən ay buna əsaslanaraq dövlət büdcəsinin gəlir və xərcləri artırılıb. İlin sonunadək valyuta bazarında sabitliyin qorunub saxlanması gözlənilir. Bununla əlaqədar olaraq inflyasiyanın da birrəqəmli həddə olacağı ehtimalı çox yüksəkdir. Lakin yenə də qeyd edirəm ki, qeyri-neft sektorunun hazırkı inkişaf səviyyəsi mövcud sabitliyin dayanıqlıqla əvəzlənməsi üçün yetərli deyil. Hələ çox işlər görülməlidir. Çox yaxşı olardı ki, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artımı istiqamətində hökumətin başlatdığı səylər davam etdirilsin. Əks halda, mövcud sabitlik çox nisbi olaraq qalmağa davam edəcək və iqtisadiyyatımız xarici şoklar təhlükəsindən qurtulmayacaq”.