Martın 6-da axşam saatlarında Sabirabadda dəhşətli intihar hadisəsi baş verib. 39 yaşlı Sabirabad sakini Cəbrayıl Həsənov, rayonun Surra kəndində, Kür çayının üstündəki körpüdə özünü asıb.
Hadisə haqqında ilkin məlumatlarda deyilirdi ki, intiharın səbəbi C.Həsənovun banklara ödəməli olduğu kredit borcları olub. Mərhumun üzərinə baxış zamanı onun ailə üzvlərinə ünvanladığı məktub tapılıb. C.Həsənov həmin məktubda maddi imkansızlıqdan atasına layiqli övlad ola bilmədiyi üçün əzab çəkdiyini, banklara olan borcunu ödəyə bilmədiyindən çıxış yolunu intihar etməkdə gördüyünü yazıb.
Məsələni daha dəqiq araşdırmaq üçün Sabirabad rayonuna yollandıq. Mərhumun ata evini öyrəndik və onlara baş çəkdik. C.Həsənovun atası Sərəstan Həsənovla, onun anası və digər ailə üzvləri ilə görüşdük.
Ailə bitkin və yıxılmış halda idi. Ata Həsənovun 3 oğlu bir qızı olub. Bir oğlu 1997-ci ildə Füzuli rayonunda şəhid olub. İkinci oğlunun isə 39 yaşında intihar etməsi isə xəstə atanı daha da yıxmışdı.
S.Həsənovla hadisə haqqında danışdıq. Mərhumun atasının sözlərinə görə, oğlunun banklara olan borcunun böyük bir hissəsi ödənilib. Geridə qalan isə cəmisi 300-400 manatdır. Onun da aylıq vaxtı çatanda ödənilir.
S.Həsənovun sözlərinə görə, onun oğlunun bank borclarına görə intihar etməsi doğru məlumat deyil: "Bu hadisə haqqında məndən icazəsiz xəbər yazıblar. Məndən soruşmamış yazı yazıblar. Məsələ tamamilə başqa cürdür. Oğlumun banklara çox da borcu olmayıb. Bu zamana kimi bir neçə bankdan mənim, yoldaşımın, özünün adına kiçik miqdarda kreditlər götürüb. Amma onların böyük hissəsini ödəmişik. Geridə qalan isə kiçik bir miqdardır, cəmisi 475 manatdır. Onu da vaxtı çatanda ödəyəcəyik. Hətta ölümündən bir gün qabaq ona dedim ki, "Oğlum, sabah saat 11-də gedib, krediti verəcəyəm. Darıxma..." Amma yenə də bunu özünə dərd edib".
"İndi övladları da atasız qaldı"
S.Həsənov deyir ki, oğlu son 1 ay ərzində özünə qapanmış həyat tərzi keçirib: "Məsələ burasındadır ki, son bir ay ərzində özünə qapanmışdı. Heç kimə sirrini, dərdini danışan deyildi. Ümumiyyətlə, istəməzdi ki, onun problemini kimsə bilsin. Hər sözünü, problemini özündə saxlayırdı. Rayon daxilində taksi sürücüsü olaraq, işləyirdi.
Rayonda hamı onu tanıyırdı. Bir nəfər belə, oğlumun haqqında pis söz deməz. Çünki mən yaxşı oğul böyütmüşəm. O da özü kimi tərbiyəli 3 övlad böyüdüb. Böyük oğlu 9 aydır ki, əsgərdir. Digər oğlu 11-ci sinifdə oxuyur. Qızının isə 12 yaşı var. Övladlarını dəhşətli şəkildə sevirdi. İndi övladları da atasız qaldı.
Danışmadı... Dərdini desəydi, çarə olardım. O, mənim oğlumdur. Borcları problem etdiyini desəydi, qoyunlardan satıb, borcunu verərdim. Maşını satardıq, verərdik. Nə böyük borcdur ki, ona görə canına qıyasan. Bəlkə də düşünüb ki, "Xəstə atam mənə maddi kömək edir. Amma mən ona yardım etməliyəm".
"İntihardan əvvəl gedib, qohumlara baş çəkib"
Cəbrayıl Həsənovun anasının sözlərinə görə, mərhum uzun zamandan bəri işsiz olub: "Əsgərlikdə olan oğlu üçün çox darıxırdı. Tez-tez yanına gedirdi. Banklardan götürdüyü pulları oğluna, övladlarına, bizə xərcləyirdi. İçkiyə, sağa-sola xərcləməyib. Pul götürüb, oğlunun yanına gedirdi. Tez-tez deyirdi ki, "Ana, oğlum üçün darıxmışam. Telefonda səsi pis gəldi. Deyəsən, xəstələnib. Yanına getmək istəyirəm". Hər dəfə xərc çəkib, Göranboya oğlunun yanına gedirdi.
Mən özüm şəkər xəstəsiyəm. Yoldaşım da ağır xəstədir. Bizim dava-dərmanımızı alırdı. İndi bildik ki, aptekə də borclu qalıbmış. Çalışırdı ki, ailəsi nədənsə korluq çəkməsin. Amma bacarmırdı. Çünki maddi şəraiti buna imkan vermirdi. İşsizlikdən bezmişdi. Rayonda çox adam kimi, o da işsiz idi. Taksi sürməklə az qazanırdı. O da maşının təmirinə gedirdi. Hər yerə gedirdi ki, iş tapsın. Amma alınmırdı. İntihardan etməkdən əvvəl gedib, ətrafdakı qohumlara baş çəkibmiş. Hamısı ilə görüşübmüş. Kim haradan bilərdi ki, intihar etməyə gedir".
"Heç kim mənim ölümümdə günahkar deyil"
Mərhumun qonşusu Həsənov haqqında deyir ki, ailəsini istədiyi kimi təmin edə bilməməsi, ona pis təsir edirmiş: "Övladlarını, valideynlərini çox sevirdi. Çox qürurlu idi. Qüruruna sığışdıra bilmirdi ki, kimsə onun problemi haqqında bilsin, çətinliyindən xəbər tutsun. Kiməsə ağız açıb, pul istəməzdi. Ailəsini normal saxlamaq üçün əlindən gələni edirdi. Hər şey də ona görə olub. İmkansızlıq, işsizlik, qazancın az olması ona pis təsir edirdi. Xəcalət çəkirdi ki, götürdüyü kreditləri atası, anası ödəyirdi. İntihar etməkdən öncə də balaca bir məktub yazıb. Həmin məktubda yazıb ki, "Banka olan borcumu imkansızlıqdan ödəyə bilmirəm. Heç kim mənim ölümümdə günahkar deyil. Polisə deyin, heç kəsi incitməsin. Atam və anam məni bağışlasın. Onlara layiq övlad ola bilmədim. Mənə yas saxlamayın".
Bundan da əlavə halallıq olsun deyə sadəcə, özünün bildiyi kiçik borclarını da yazıb. 100 manat aptekə, 50 manat da başqa birinə olan borcunu qeyd edib. Qardaşına da, vəsiyyət edib ki, övladlarından muğayat olsun.
Həmişə istəyirdi ki, özü kiməsə köməklik eləsin. Kimsə ona yox... Günbəgün borcları artırdı. Yəqin kreditləri atasının, anasının ödəməsi ona dərd olub. Əslində onun ölümünə səbəb borclar deyil. Qürurudur. İş tapa bilmirdi. Maddi imkansızlıq ona imkan vermirdi ki, ailəsini istədiyi kimi dolandıra bilsin. Bu da ona pis təsir edirdi. Əgər dərdini kiminləsə bölüşsəydi, bəlkə də belə olmayacaqdı. Çünki çıxılmaz bir problemi yox idi".//Musavat
