|
Eymsberidə sinir iflicedici maddədən zəhərlənən qadın xəstəxanada ölüb

Böyük Britaniyanın Eymsberi şəhərində sinir iflicedici maddədən zəhərlənən iki nəfərdən biri ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotlend-Yardın açıqlamasında bildirilir.

Məlumata görə, iyulun 4-də zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilən 44 yaşlı qadın xəstəxanada vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Onunla birgə sinir iflicedici maddədən zəhərlənən 45 yaşlı kişinin vəziyyəti kritikdir. Hər iki şəxsin “Noviçok'' maddəsindən zəhərləndiyi bildirilir.

Martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Solsberi şəhərində küçədə huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Sergey Skripal mayın 18-də, onun qızı isə aprel ayında xəstəxanadan buraxılıb.