|
Vergi-biznes münasibətlərində yumşalma siyasəti

Məlumat verdyimiz kimi, Vergilər Nazirliyində yeni struktur formalaşdırılıb. İyulun 1-dən fəaliyyətə başlayan struktura nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, iqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi daxildir.

“Yeni Müsavat”ın məlumatına görə, nazirlik bildirir ki, struktur islahatlarının əsas məqsədi vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir.

Qurumda həyata keçirilən struktur dəyişikliyinin bir istiqaməti qeydiyyat sahəsi ilə bağlıdır. Nazirlikdən verilən məlumata görə, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimova bildirib ki, vergi ödəyicilərinin düzgün uçot məlumatları mühüm əhəmiyyət daşıyır: “Vergilər Nazirliyi həm daxildə strukturlararası, həm də digər dövlət orqanları ilə düzgün uçot məlumatlarının verilməsi kimi mühüm vəzifəni həyata keçirir.  Yeni yaradılmış struktur dövlət qeydiyyatı sahəsində mövcud olan işin keyfiyyətini artırılması, mütərəqqi yeniliklərin ölkəyə gətirilməsi, uçot-qeydiyyat məlumat bazalarının dürüstləşdiriməsi istiqamətində fəaliyyət göstərəcək”.

Ötən illərdə vergi orqanları ilə biznes arasındakı münasibətlər heç də sağlam əsaslar üzərində qurulmamışdı. Bu baxımdan, adıçəkilən orqanlardakı bütün dəyişikliklərin qayəsində bu münasibətlərin  sağlam, ən əsası da biznesin inkişafına gətirəcək məcraya yönəldilməsi dayanmalıdır. Əks halda, bu münasibətlər daha da kəskinləşəcək, ölkədə sahibkarlığın inkişafına böyük zərbə vurulacaq.

Bu nöqteyi-nəzərdən, Vergilər Nazirliyinin strukturundakı ən vacib institusional yeniliklərdən biri nazirliyin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentində (Katiblik) İnzibati şikayətlərin araşdırılması idarəsinin yaradılması hesab edilir.

Nazirlikdən verilən məlumata görə, yeni idarə vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi və funksional struktur vahidlərinin vəzifə öhdəliklərinin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə yaradılıb.

Bildirilib ki, yeni idarənin yaradılması faktiki olaraq, vergi orqanlarında müstəqil arbitr funksiyalarına malik yeni bir apelyasiya institutunun formalaşmasına gətirəcək. Vergi orqanlarının fəaliyyətindən inzibati şikayətlərin baxılması, bütövlükdə şikayət institutu bir struktur altında cəmləşdiriləcək.

Nigar Alimova ile ilgili görsel sonucu

N.Alimovanın sözlərinə görə, yeni strukturun yaradılmasının əsas məqsədi vergi orqanlarında apellyasiya institutunu təkmilləşdirməklə baş vermə ehtimalı yüksək olan korrupsiya elementlərinin sayını sıfıra yaxınlaşdırmaqdır: “Bu struktur dəyişikliyi ilə inzibati şikayətə baxan yeni bir apelyasiya institutu formalaşır ki, bu da həm funksional strukturların işinin daha keyfiyyətli qurulması, həm qanunsuz vergi yoxlamalarının, kameral hesablamaların və operativ nəzarət tədbirlərinin sayının azaldılması, həm də nəzarət tədbirlərində risk elementlərinin minimallaşdırılması məqsədini daşıyır”.

Yeni apelyasiya sistemində İnzibati şikayətlərə baxan struktur yerli orqanların fəaliyyəti, qəbul etdiyi qərarların qanunvericiliyə uyğun olub-olmamasını araşdıracaq, nöqsanlar müəyyən edildiyi halda qərarlara məsul olan vergi orqanları əməkdaşları barədə müvafiq intizam tənbehi ilə bağlı rəhbərlik qarşısında məsələ qaldıracaq. Bu zaman inzibati şikayətlərə funksional rəhbərliyi həyata keçirən yuxarı orqan tərəfindən deyil, arbitr rolunda çıxış edən yeni struktur tərəfindən baxılacaq.

Bu addımlar nəzarət tədbirini həyata keçirən yoxlama strukturları ilə vergi ödəyicisi arasındakı münasibətlərin normallaşdırılması, vergi ödəyicisi, vergi əməkdaşı və rəhbər strukturun münasibətlərinin açıq və bərabərhüquqlu səviyyəyə gətirilməsi məqsədi daşıyır: “Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, vergi sistemində korrupsiya hallarının kökündən kəsilməsi üçün ciddi addımlar atılır və sahibkarlar onları narahat edən ən xırda məsələlərlə bağlı, xüsusən korrupsiya halları, vergi əməkdaşlarının hərəkət və hərəkətsizliyi ilə bağlı bütün mövcud kommunikasiya vasitələri ilə, o cümlədən 195-1 Çağrı Mərkəzi, Vergilər Nazirliyinin rəsmi internet saytında olan əlaqə kanalları vasitəsilə yazılı müraciət edə bilərlər”.

Elçin Ağakişiyev ile ilgili görsel sonucu

Vergilər Nazirliyi tərəfindən həmçinin iqtisadiyyatın real sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə araşdırılması həyata keçiriləcək. Nazirliyin İqtisadi təhlil və ekspertiza Departamentinin baş direktorunun müavini Elçin Ağakişiyev bildirir ki, vergi sistemində əvvəllər də risklərin təhlili və analitik araşdırmalar mövcud olub:“”lakin bu məlumatların daha dərin səviyyədə araşdırılması və əlaqələndirilməsi, müəssisənin mikroiqtisadi səviyyədə təhlil edilməsi zəruridir. Əsas hədəfimiz vergi sisteminin məlumat bazasını (bunlara dövriyyə göstəriciləri, vergi ödəmələri, anbar ehtiyatları, müəssisənin hansı ticarət markası altında işləməsi və s. aiddir) optimallaşdırmaqla vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinin mövcud vəziyyətini tam təhlil etmək imkanlarının əldə edilməsidir. Bu əsasda müəssisələr səviyyəsində mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaq. Bu təhlillər müəssisələrin vergi ödəmələri sahəsində vəziyyətini tam açıqlığı ilə ortaya qoyacaq".

Bununla yanaşı, Vergilər Nazirliyi vergi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılmasını nəzərdə tutur. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması təkcə vergi ödəmələri üçün deyil, ümumilikdə idarəedici qərarlar üçün də vacibdir. E.Ağakişiyevin sözlərinə görə, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əməkdaşlığı elə qurmaq niyyətindədir ki, sahibkarlar şəffaf fəaliyyət göstərməyin iqtisadi cəhətdən səmərəli, əlverişli və sərfəli olduğunu başa düşsünlər.

Eyni zamanda iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədlə üç mühüm istiqamət - aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaq.

Onu da qeyd edək ki, yeni strukturun fəaliyyətə başlaması ilə əlaqədar Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub. Vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib (APA).