Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin keçmiş üzvü, keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Avropa Şurasının korrupsiya ilə bağlı hesabatının “hərtərəfli və əsaslı” hazırlandığı qənaətindədir. Bununla da G.Hacıbəyli özünə də qarşı ötən həftə AŞ PA-ya ömürlük daxil olmağa qadağa qoyan sanksiyanın əsaslı olduğunu etiraf etmiş olub.
Keçmiş deputat qərarın ləğvi üçün şəxsən özü tərəfindən hansısa addımlar atmaq fikrinin olub-olmadığı haqda heç bir fikir bildirməyib.
G.Hacıbəyli AzadlıqRadiosuna açıqlamasında bildirib ki, onun AŞ PA-dakı fəaliyyəti dövründə də bəzi avropalı deputatlara hədiyyələr verilib və bu iş leqal şəkildə olub: “Məsələn, kürü, suvenirlər və s. Mən özüm də Avropadakı dostlarıma iki qutu kürü aparmışam. Lobbiçilik fəaliyyəti məqsədilə. Leqal şəkildə bəzi addımlar atılırdı. Açığı, o zaman belə ciddi şəkildə korrupsiyanın şahidi olmamışam. Əslində buna zərurət də yox idi. 2009-cu ilə qədər Avropa Şurası ilə Azərbaycan arasında normal əməkdaşlıq var idi. Problemlər daha çox 2009-cu ildən sonra yaranmağa başladı. Azərbaycana neft gəlirləri gəldi, varlandı. Bundan sonra hakimiyyət bu fikrə düşdü ki, avropalı deputatları da ələ alsın, məruzəçiləri öz istəyi ilə təyin etsin. O zaman Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməsini əngəlləmək məqsədilə geniş kampaniya başladıldı”.
Bəs Gültəkin Hacıbəyli, həmçinin barəsində AŞ PA-ya ömürlük giriş qadağası qərarı çıxarılan digər şəxslər onlara qarşı çıxarılan qərarın əsassız olduğunu sübuta yetirə bilsələr, qərar ləğv oluna bilər? AŞ PA-da belə bir təcrübə, presedent varmı?

Avropa Şurası və Avropa Birliyi üzrə mütəxəssis Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, AŞ PA Prosedur qaydaları, immunitetlər və institusional məsələlər Komitəsinin korrupsiyada və etika qaydalarını pozmaqda ittiham olunan indiki və keçmiş üzvlərinə tətbiq olunan sanksiya qərarlarında apelyasiya şikayəti vermək mümkündür: “Məsələ ondadır ki, sanksiyalar cəza tətbiqi kimi hüququn norma elementidir və sanksiyanın tətbiq olunması hüquqi prosedur qaydadır. Hüquqda qanunun, qaydaların, normativ aktların və hüquqi prosedurların geriyə qüvvəsi yoxdur. Sadəcə olaraq, Azərbaycan tərəfi, konkret olaraq sanksiyaya məruz qalan şəxslər qurum qarşısında apelyasiya şikayəti verə və sübutlar təqdim edərək qərarın ləğvini tələb edə bilər”.
