|
Cocuq Mərcanlı səfərinin siyasi açması

İyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilmiş “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransın iştirakçıları cəbhə xəttində strateji Lələtəpə yüksəkliyini ziyarət ediblər.

Konfransda iştirak edən deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan cəmiyyətində Rusiya ilə bağlı daha çox qabarıq görünən iki xətt var: “Biri sırf rusofil xəttidir. Bu xətt Rusiyasız yaşamağın mümkün olmadığı düşüncənsindədir və bu kursu aparır. İkincisi isə antirus xəttidir. Bu xətt Rusiya ilə hər hansı şəkildə ulduzumuzun barışmasını mümkün saymır və hesab edir ki, biz Rusiyadan tamamilə aralanmasaq problemlərimiz qalacaq. Üçüncü isə nisbətən orta xətdir. Rusiyadan nümayəndə heyətinin gəlişi, keçirilən tədbirlər, yaradılan platforma əslində bu orta xəttin təqdimatıdır. Təbii ki, Rusiyanın Ermənistana yaxın müttəfiqliyi var. Amma biz Rusiya məkanından kənarda hansısa münasibətlər qurulması işində də ləngimirik. Addımlar atırıq, məsələn, Avropa ilə əlaqələr qururuq. Amma yaxın qonşu kimi Rusiyanın bölgə üzərində təsiri açıq-aşkar hamıdan daha güclüdür. Bunu biz Ukrayna kimi nəhəng dövlətin ərazisində istənilən problemi yarada bilməsində gördük.

Azərbaycan Ukraynadan daha aşağı imkanlarla Rusiya ilə baş-başa gələcək gücə sahib deyil. O baxımdan da böyük qonşularla münasibətlərdə daha sağlam alternativlərin axtarılması vacibdir. Yəni müstəqilliyimizi qorumaqla, müstəqilliyimizin bütün prinsiplərinə əməl etməklə, özümüzün qoşulmama siyasətimizi davam etdirməklə yanaşı, həm də Rusiyanın bizə düşməncə tavrlar içində olmasına imkan verməməliyik, buna şanslar yaratmamalıyıq. Rusiyada da bu cür düşünən insanlar var. Azərbaycana gələn həmin şəxslərin də niyyəti budur. Yəni onlar Ermənistanla müttəfiqlikdən əl çəkmirlər, amma Azərbaycanla bağlı da dostluq münasibətlərini inkişaf etdirməyə və Azərbaycanın Rusiyanın gələcəkdə vacib strateji partnyoruna çevrilməsinə maraqlı olan qüvvələrdir”.

F.Mustafa hesab edir ki, biz bundan imtina etməməliyik: “Yəni bizim müstəqilliyimiz üçün təhdid olmayan, narahatçılıq olmayan bir pozisiyada biz bu qüvvələrlə bu cür düşüncənin inkişafı ilə bağlı məsələlərdə öz dəstəyimizi verməliyik. O baxımdan bu prosesdə bizim də iştirakımız məhz belə bir prosesin inkişaf etdirilməsi ilə bağlı idi. Biz mesaj verməyə çalışdıq ki, rusları artıq Azərbaycan tərəfindən ermənilərə baxmağa alışdırmalıyıq. Artıq onlar Rusiya cəmiyyətini inandırmağa çalışmalıdırlar ki, Rusiyanın Ermənistanla dost olmağının faydası yoxdur, bizə faydası olan Azərbaycandır və Azərbaycan vasitəsilə türk dünyası ilə dost olmaqdır.

Fazil Mustafa ile ilgili görsel sonucu

Diqqət edirsinizsə, Türkiyə hətta NATO ölkəsi olsa da Rusiya ilə çox yaxın müttəfiqlik münasibətlərinə doğru yönəlməyə başladı. Nəticədə həm də özünün güc sahibi olmasını qorumaq üçün bu addımı atdı. Türkiyə ki, müstəqilliyindən vaz keçən ölkə deyil. Türkiyənin Rusiya ilə yaxınlaşması kontekstində bizim də bu prosesdə müəyyən bərabər rol almağımıza imkan yarana bilər. Bu, həm də Rusiyanın aqressivliyini yumşaldar. İndiyə qədər mövcud olan Qarabağ siyasətində, Minsk Qrupunun həmsədri kimi mövqelərində bir korrektələr etmə şansını da doğura bilər. Bu baxımdan nümayəndə heyətinin hərbi hissəni ziyarət eləməsi, Azərbaycan əsgəri ilə sıcaq təmaslar qurmaları və bunu açıq şəkildə etmələri səbəbsiz deyil. Bu yalnız Ermənistana mesaj göndərmək deyil, əslində Azərbaycana mesaj göndərməkdir ki, Rusiyada əhəmiyyətini anlayan qüvvələr var. Bunlar cəhdlərdir. Cəhdlər uğurlu da ola bilər, uğursuz da. Rusiyada ictimai fikri Azərbaycanın xeyrinə dəyişə biləcək bir xəttin inkişaf etməsinə özümüz də maraqlı olmalıyıq. Hesab edirəm ki, bu cür tədbirlərin, görüşlərin müsbət nəticələrini müəyyən müddətdən sonra Rusiya ictimai rəyində görə biləcəyik”.

F.Mustafa onu da dedi ki, bu cür görüşlərin, tədbirlərin təşkilatçısı və təşəbbüskarı hər iki tərəfdir: “Biz reallıqdan çıxış edərək ölkəmizin ən vacib problemlərinin həlli istiqamətində qonşu ölkədə bir düşüncə dəyişiminə nail olmağa çalışmağı borc olaraq görürük və bu cəhdləri davam etdirmək niyyətindəyik. Bu prosesin birinci mərhələsi Moskvada keçirilən konfrans oldu. İndi burada keçirildi. Növbəti konfrans isə ola bilsin Rusiya ilə sərhəddə, Dərbənddə keçirilsin”.

“Yeni Müsavat”