|
2018-ci ilin 6 ayı geridə qaldı: iqtisadiyyatımızda nələr dəyişdi?

2018-ci ilin birinci yarısı başa çatdı. Ötən 6 ay ərzində Azərbaycanın milli valyutası olan manatın məzənnəsində dəyişiklik nəzərə çarpmadı. ABŞ-ın Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsində dəyişiklik etsə də, manatın dollara nisbətdə olan məzənnəsi 1.70 AZN olaraq qaldı. Eyni zamanda, ötən 6 ay ərzində dünya bazarında neftin qiymətində artım baş verdi. Bu isə neft ixracatçısı olan ölkə kimi Azərbaycan iqtisadiyyatı üçün müsbət amil kimi xarakterizə olundu.

Sadaladığımız bu iki əsas amil ölkədə demək olar ki, hər kəsə məlumdur. Bəs 6 ay ərzində iqtisadiyyatımızda fərqinə varmadığımız başqa nələr baş verdi?

“Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, bundan öncəki dövrlə müqayisə etsək, deyə bilərik ki, 6 ayın rəsmi nəticələri pozitiv olacaq: “Doğrudur, ümumi iqtisadiyyatın artımı bir o qədər də böyük deyil. Qeyri-neft sektorunda ötən illə müqayisədə daha çox artım qeydə alınır. Xüsusilə də qeyri-neft sektorunun iki sahəsində - qeyri-neft sənayesi və aqrar sektorda artım templəri heç də pis deyil. Ancaq ümumilikdə  6 ayın yekunları onu göstərir ki, qeyri-neft sektorunda ixracımızın səviyyəsində əsaslı dönüş yaranmayıb. Bu hal isə bizi bir qədər rahatsız edən haldır. Düşünməliyik ki, nə üçün qeyri-neft sektorundan ixracımızın həcmində artım baş vermir. Artım templəri demək olar ki, 2015-ci ilin sonlarından qeyri-neft sektorunun sürətli inkişafını təmin edəcək qəbul edilmiş qərarlara bir o qədər də adekvat deyil. Yəni bu qərarlar ilk öncə real sektorun daha sürətli artımını nəzərdə tuturdu və tutur. Ancaq baxırıq ki, bütün bunların müqabilində artım templəri bir o qədər də böyük deyil. Eyni zamanda ixracda da durğunluq görürük. Bütün bu məqamlar hökuməti bir daha düşünməyə vadar etməlidir. Hökumət bunun üzərində təhlil aparmalıdır ki, nə üçün qərarlar, strateji yol xəritələri və digər real sektorun daha sürətli inkişafına hesablanmış məsələlər öz lazımı effektini tam şəkildə vermir. Ümumilikdə isə iqtisadiyyatımızda artım var. Belə ki, bəllidir ki, dünya bazarında neftin qiyməti 1 barel üçün 80 dollar civarındadır. Eyni zamanda manatın da məzənnəsində sabitlik hökm sürür. Belə bir vəziyyətdə, yəni neftin qiymətlərinin hazırkı səviyyəsində manatın hələ bundan sonrakı dönəmdə də sabit qalacağı gözlənilir. Hesab edirəm ki, neftin qiymətlərinin bu qədər həddə qədər qalxması bizə imkan verir ki, büdcəyə yenidən baxaq. Çünki büdcədə neftin qiyməti 45 dollar götürülüb. Hazırda yaxşı olar ki, bu hədd 55 dollara qədər qaldırılsın və büdcənin xərcləri  artırılsın. Bütün bunların hamısı pozitivdir. Ancaq pozitiv olmayan bir cəhət var ki, o da qeyri-neft sektorunun inkişaf templəridir. Düşünürəm ki, iqtisadiyyatımızın neftdən asılılığını qurtarmaq, bunu optimal səviyyəyə endirmək üçün artım templəri 8-10  bəlkə də 12 faiz olmalıdır. Əsas gözləntilərimiz bundan ibarətdir ki, qeyd etdiyimiz rəqəmləri görək”.

İqtisadçının sözlərinə görə, bundan sonrakı dönəmdə əsas səylər artım templərinə yönəlməlidir: “Qeyri-neft sektorunun əsas sahələrindən biri olan qeyri-neft sənayesində artım templəri yuxarıda göstərdiyimiz səviyyəyə uyğundur. Ancaq lazımdır ki, bütün sahələrdə bu cür artım templəri baş versin. Hazırkı duruma görə, 6 aylıq nəticələri müsbət hesab etmək olar. Sadəcə olaraq, istək və gözləntilər daha böyükdür. Neftin dünya bazarında bundan sonrakı qiymətlərinə gəlincə isə deyim ki, ümumiyyətlə, neftin qiymətinin bu səviyyəyə gəlib çatmasında siyasi amillərin rolu daha çoxdur, nəyinki, iqtisadi amillərin. Ona görə də hesab edirəm ki, hazırkı qiymətlərə bir o qədər də güvənmək də  düzgün deyil. Ona görə də tək çıxış yolu real sektorun sürətli inkişafını təmin edib, bu sektordan ixracın həcmini, heç olmasa bugünkü idxalımızın yarısı qədərə çatdırmalıyıq. Belə olarsa, vəziyyət optimallaşar və neftin qiymətinin dünya bazarında dəyişməsindən asılı olmayaraq, özümüzü rahat hiss edərik”.

İqtisadçı manatın məzənnəsi ilə bağlı aşağıdakıları bildirdi: “Neftin qiymətləri bu səviyyədə, hətta 50 dollara qədər ucuzlaşarsa, manatın  məzənnəsində elə böyük təhlükə görmürəm. Ancaq təbii ki, neftin qiyməti büdcədə nəzərdə tutulan həddən aşağı düşərsə, artıq müəyyən qədər narahatlıq yaranmağa başlayacaq. Bütün söhbətlərimizin hamısının məğzi ona görə də birdir ki, neftdən asılılıq optimallaşmalıdır. Neftə güvən çox azdır. Biz gördük ki, 2015-ci ildə neftin qiymətləri hansı sürətlə aşağı düşdü. Tarixdə bu cür hallar dəfələrlə baş verib. Kəskin artım və azalma müxtəlif amillərin təsirində baş verib. Bunlar sırasında iqtisadi və siyasi amillər var. Qeyri-neft sektorundan ixracı artıra bilsək, manata da təhlükə olmaz və neftdən asılı olmayaraq, manatın məzənnəsi sabit qalar”.