AŞ PA-nın iyunun 25-də başlayan yay sessiyası davam edir. Sessiyanın ilk günlərində Azərbaycanla bağlı bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, ölkəmizə siyasi məhbuslarla bağlı yeni məruzəçi təyin olunub. Məruzəçi İslandiyadan olan xanım deputat Thorhild Sunna Evarsdottirdir. Çingiz Qənizadə AŞ PA-nın Hüquq və İnsan haqları komitəsinin üzvü seçilib.
Sessiyada əsas diqqət Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun üzərində cəmləşmişdi. İki ay öncə AŞ PA-da sanksiya qərarı ilə üzləşən S.Seyidova bu dəfə hansı münasibətin göstəriləcəyi suallar doğurmuşdu. Gözləntilərin tam əksi olaraq, bu sessiya Azərbaycan üçün rahat keçir. Doğrudur, S.Seyidovun yerinə Serbiya üzrə yeni həmməruzəçi təyin edilib. Lakin nümayəndə heyətimizin rəhbəri yenidən AŞ PA-nın vitse-prezidenti seçilib.
Sessiyanın başladığı gündən bu günə qədər ən önəmli açıqlamanı AŞ PA-nın keçmiş prezidenti, ispaniyalı parlamentar Pedro Aqramunt verib. O, Azərbaycan daxil, bir sıra ölkələrin təmsilçilərinə AŞ PA-da təzyiqlər göstərildiyini bildirib. Təəssüf ki, AŞ PA-da Corc Soros fondu tərəfindən maliyyələşdirilən lobbi qrupları və QHT-lər bəzi ölkələrə və deputatlara qarşı təzyiq göstərir, qurumun işinə mane olurlar.
YAP-çı deputat, politoloq Elman Nəsirov AŞ PA-da Azərbaycanla bağlı baş verən son gəlişmələrə “Yeni Müsavat”da bu cür aydınlıq gətirdi: “Azərbaycan dövlətinin siyasəti balanslaşdırılmış, tarazlı siyasətdir. Beynəlxalq təşkilatlarda da Azərbaycan bu siyasətini davam etdirir. Ən başlıcası, biz müstəqil siyasət həyata keçiririk. Avropa Şurası yürütdüyümüz bu siyasətdə istisna deyil. Bu qurumun üzvü olduqdan sonra üzərimizə öhdəliklər götürmüşük. Onları da yerinə yetiririk. Demokratiyada hər zaman irəliyə doğru gedirsən, orada zirvə yoxdur. AŞ PA-da bunu dərk etməmiş deyillər. Bu siyasətlə barışmayan, Azərbaycana qarşı daim diktə dili ilə danışmaq istəyən qüvvələr AŞ PA-da mövcuddur. Həmin qüvvələr münasib şərait yetişən kimi Azərbaycana qarşı təzyiqləri işə salırlar. Bu baxımdan yaxın zamanlarda Səməd Seyidova qarşı tətbiq edilən sanksiyalar dediklərimizin təsdiqi kimi dəyərləndirilə bilər. Budəfəki yay sessiyasında Azərbaycana qarşı təzyiqlərin yenidən işə salına biləcəyi barədə fikirlər var idi. Bunun üçün bəzi yollar da axtarıldı. Lakin Azərbaycanın tutduğu qətiyyətli mövqe, parlamentdə Səməd Seyidova qarşı olan təzyiqlərlə bağlı deputatlarımızın birmənalı mövqeləri, Avropa Şurasına kəskin təzyiq etmələri, üzərimizə götürdüyümüz öhdəlikləri hər zaman yerinə yetirdiyimizi önə çəkmələri burada mühüm rol oynadı. Eyni zamanda o da qeyd olundu ki, AŞ PA-nın özü islahatlara getməli, öncəliklə özü dəyişməlidir. Bu kimi iradları açıq şəkildə söylədik, nümayəndə heyətimizin rəhbəri də hər zaman bu iradları səsləndirir. Bu cür davranışlarımız müəyyən mənada öz effektini verdi. Nəticədə budəfəki sessiyada anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı düşündüyü ssenarilər baş tutmadı. Əksinə, bir çox hallarda daha yaxşı dividentlər əldə edə bildik. Səməd Seyidova qarşı AŞ PA rəhbərliyi səviyyəsində daha fərqli münasibətin şahidi oluruq. Onlar gördülər ki, biz haqq işimizi müdafiə edirik, heç kimin daxili işlərinə qarışmırıq. Eyni zamanda özümüzə qarşı bunun müqabilində lazımi münasibəti gözləyirik. Anti-Azərbaycan qüvvələrinin bu sessiyada niyyətləri gözlərində qaldı”.
Deputat P.Aqramuntun son açıqlamalarına da diqqət çəkdi: “Aqramunt kifayət qədər təcrübəli siyasətçidir. Eyni zamanda o, AŞ PA-dakı bütün siyasi oyunları yaxşı bilir. Hamıya bəllidir ki, o, həm də AŞ PA-da kifayət qədər yüksək vəzifə tutub. Aqramunt çoxtərəfli siyasi oyunların da qurbanı olub. Ona qarşı da sanksiyalar tətbiq edilib. 10 il müddətində ona qarşı sanksiyalar qüvvədə qalacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Aqramunt bu qurumla bağlı nə deyirsə, deməli, oxuduqlarını, eşitdiklərini deyil, öz gözü ilə gördüklərini deyib, öz yanaşmasını ortaya qoyub. Aqramunt Sorosun adını çəkirsə, bu, təsadüfi deyil. Sorosun hansı işlərlə məşğul olduğu hər kəsə məlumdur. Bir sıra ölkələrdə onun pulları hesabına ”narıncı inqilablar" həyata keçirilir, həmin inqilablardan sonra o ölkələr böhran, xaosdan çıxa bilmir. Bu isə müəyyən dairələrin mənafelərinə birbaşa xidmət edir. Sorosun maliyyəsi xaosu yaradan amil kimi çıxış edir. Bunun nəticəsində bəzi ölkələrlə diktə dili ilə danışa bilirlər, niyyətlərini həyata keçirməyə nail olurlar. Bu və ya digər ölkəni hədəfə alıb, niyyətlərini həyata keçirmək istəyirlərsə, demək, burada bəzi maraqlar var. Maraqlar olmadan kimlərinsə niyyətləri heç bir halda həyata keçirilə bilməz. Hər bir şeyin sonunda maliyyə məsələləri üzə çıxır. Soros da bu funksiyanı yerinə yetirir. AŞ PA-da bəzi qüvvələrə təsir etmək üçün həmin pullardan məharətlə istifadə edirlər. Çox təəssüflər olsun ki, AŞ PA kimi kifayət qədər nüfuzlu bir təşkilatın sıralarına əgər Soros kimi şəxslərin pulları sirayət edirsə, bu pullarla bəzi işlər görülürsə, demək, bu qurumda çox ciddi problemlər mövcuddur. AŞ PA mütləq islahatlara getməlidir. Əgər bu olmasa, mütləq dalana sonunda dirənəcək, dünyanın da gözündən düşəcək, təşkilata etimad sıfıra enəcək. AŞ PA ikili standartları kənara atmalıdır".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycana təyin edilən yeni xanım məruzəçi barədə bunları dedi: “Açığı, onu tanımıram. Ola bilər ki, üzdən tanıyım. Tez-tez məruzəçilərin dəyişilməsi elə də problem deyil. Azərbaycan hökumətindən ən çox onu istəyirəm ki, siyasi məhbus məsələsini birdəfəlik həll etsin. Belə təyinatlar da olmasın. Canımız bu siyasi məhbus problemindən qurtulsun. Xanım məruzəçi barədə onu yaxından tanıyandan sonra danışa bilərik, ondan olan gözləntilərimizdən danışarıq. İnanıram ki, bu xanım gəlib hökumətlə dil tapacaq, siyasilər azad olunacaq. Çingiz bəy AŞ PA-da komitəyə üzv seçildi. Bundan çox sevindik. Onun əli ilə müəyyən şəxsləri azad etdirə, bəzi işlər görə bilərik. Bütün hallarda hökumətimiz AŞ PA ilə münasibətləri daim müsbətdə saxlamalıdır. Səməd Seyidovu AŞ PA-da yaxşı tanıyırlar, onun üçün də həm onu vururlar, həm də yanlarında saxlayırlar. Səməd müəllimin yenidən AŞ PA-nin vitse-prezidenti olmasına münasibətim müsbətdir”.
