|
Türkiyədə seçki bitdi, müxalifət arasında dava başladı

Türkiyədə prezident seçkisindən sonra müxalifət daxilində mübahisələr başlayıb. Xüsusilə də Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı partiyadaxili üsyan qalxıb.  CHP-li bir qrup deputat və partiya üzvləri  partiyanın baş ofisinin binası qarşısına yığışaraq, bundan sonra Kılıçdaroğlu ilə eyni yola davam edə bilməyəcəklərini bəyan ediblər.

CHP baş ofisi önündə yığışan partiya üzvləri Kılıçdaroğlu əleyhinə tənqidi fikirlər səsləndirərək, CHP sədrinin onlarla görüşməsini, həmçinin partiya rəhbərliyinin istefa verməsini tələb edirlər. CHP sədri Kamal Kılıçdaroğlunun köməkçiləri etiraz edən partiya üzvlərini sakitləşdirməyə çalışsalar da, etirazçılar baş ofisin binası qarşısında oturaq aksiyasını davam etdiriblər.

Məlumat üçün onu da qeyd edək ki, Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) 16 illik hakimiyyəti dövründə əsas müxalifət partiyası olan CHP bu müddət ərzində keçirilən 13 seçkidən məğlub çıxıb. Bu dəfə isə analitiklər hesab edirdilər ki, partiya üzvlərinin təzyiqləri nəticəsində Kılıçdaroğlu duruş gətirməyib, istefa verəcək.

Lakin belə olmadı. CHP lideri Kamal Kılıçdaroğlu seçkidən sonrakı sükutu iyunun 27-də pozdu.  Kılıçdaroğlu bütün səs verənlərə təşəkkür edərək, bildirdi ki, AKP iqtidarı fövqəladə vəziyyətdən sui-istifadə etməklə yetinməyib, həm də bütün inzibatı resursları ilə rəqiblərinə basqı qurub, onları şantaj edib.

Kamal Kılıçdaroğlu Ərdoğanı təbrik etməyəcəyini də deyib: “Demokratiyaya inanmayan bir insan təbrik edilməz. Qanunverici və icraedici orqanları özünə bağlayan biri təbrik edilməz. Onun nəyini təbrik edəcəm? Bir partiyanın sədri olarq məhkəmələrə hakim təyin edir, onumu təbrik edəcəm? Bir diktatorun nəyini təbrik etməliyəm ki?”

Politoloqlar hesab edirlər ki, Kılıçdaroğlunun bu cür çıxışları, Ərdoğana qarşı belə danışması və məğlubiyyətini qəbul etməməsi onu uçuruma aparacaq. Nəticədə CHP öz nüfuzunu itirəcək. “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirdi ki, Türkiyənin müasir cəmiyyətinin siyasi düşüncəsi çox dəyişib: “Bu düşüncə hətta 6 ay bundan öncədən də fərqlidir. Xüsusən nəzərə alınmalıdır ki, Türkiyə cəmiyyətinin siyasətə münasibətində hədsiz çox mobillik yaranıb. Müşahidə etdik ki, keçirilən bütün rəy sorğularına görə Türkiyədə prezident seçkilərində ikinci tur gözlənilirdi. Hətta Kamal Kılıçdaroğlunun yaydığı məlumatdan da bunu müşahidə etmək olurdu. Söz yox ki, onlar bilirdilər ki, Ərdoğan irəlidədir. Ancaq hesab edirdilər ki, Ərdoğan 40 faiz səs toplayacaq və ikinci tura qalacaq. Türkiyədə həm yerli təşkilatların, həm də Türkiyə ilə bağlı tədqiqat aparan xarici təşkilatların keçirdiyi rəy sorğusunu da şübhə altına almaq olmaz. Çünki bunun üçün əsas yoxdur. Orada müxalifət son anda göründüyü kimi zəif deyildi. Ancaq əsas həlledici məqamda Türkiyə cəmiyyəti siyasi proseslərə çox çevik reaksiya verdi. Bütün bunlar isə seçkinin taleyini həll etdi. Müxalifət partiyalarının daxilində baş verənləri izləyirəm. Hesab edirəm ki, Kılıçdaroğlu, hər halda, nəzərə almalıdır ki, əhali dəyişiklik istəyir. Ən azından insanlar müxalifət partiyalarının yenidən qurulması tələbindədir. İnsanlar yeni şəxslərə meyllidir. Düşünürəm ki, Türkiyə cəmiyyəti köhnə siyasətçilərdən yalnız Ərdoğanla yola davam etmək fikrindədir. Ondan qalan bütün siyasi liderləri dəyişmək fikrindədirlər. Dəyişilənlər sırasında ilk yerdə gələn Kamal Kılıçdaroğludur. İndi onun müqavimət göstərib-göstərməyəcəyi öz partiyası daxilində əlavə problemlər yaradacaq”.

Politoloq bildirib ki, Türkiyə müxalifəti Azərbaycan müxalifətinin vəziyyətinə düşə bilər: “Kamal Kılıçdaroğlu vəzifəsindən möhkəm yapışsa, təbii ki, o, Azərbaycan müxalifətinin gününə düşəcək. Bu fikir təkcə Kılıçdaroğluna aid deyil. Bütün müxalifət partiyaları xalqın istəyinin əksinə davransalar, eyni vəziyyətə düşəcəklər. Bizim müxalifət də cəmiyyətdən gələn siqnalları, lazımi siyasi mesajları vaxtında doğru tuta bilmədi. Elə daim özünü partiyada saxlamağa çalışdı. Ona görə də bu gün Azərbaycanda müxalifətin vəziyyəti göz qabağındadır. Kılıçdaroğlu da həmin yolu gedəcəksə, Azərbaycanda baş verənlər orada da təkrarlanacaq”.