|
İraq ordusu Tikrit şəhərinə daxil olması ilə bağlı xəbər yayılıb
Cəbhə bölgəsindən verilən məlumatlara görə, "İŞİD" Tikrit ətrafında sonuncu strateji əl-Aləm rayonunu itirdikdən sonra ordu qüvvələri bir neçə istiqamətdən şəhərə daxil olmağa başlayıb

 

İraq ordusu, könüllü hərbi birləşmələr və kürdlərin "peşmərgə" qüvvələrinin birgə əməliyyatları nəticəsində müxtəlif istiqamətlərdən Tikrit şəhərinə girildiyi barədə xəbərlər yayıb.
"PressTV"-nin məlumatına görə, İraq ordusu Səlahəddin əyalətinin mərkəzi şəhəri olan Tikritin qonşuluğundakı əl-Qadisiyyə və "İŞİD" üçün sonuncu strateji əhəmiyyət daşıyan əl-Aləm rayonlarını tutduqdan sonra terrorçu qrup şəhərin mərkəzində mühasirəyə düşüb.
 
Döyüş meydanlarınan verilən məlumatlara görə, Tikrit şəhərinin küçələri "İŞİD" üzvlərinin cəsədlərilə dolub. Məhv edilən terrorçuların bir çoxunun İraq ordusu tərəfindən, bir qisminin də döyüşdən yayınmaq istədikləri üçün digər silahdaşları tərəfindən öldürüldüyü bildirilir.
 
Tikritin yerli sünni qəbilələri yaydıqları məlumatda bildiriblər ki, onlar da "İŞİD"in Tikrit şəhərindən çıxarılması əməliyyatlarında orduya dəstək verirlər.
 
Terrorçu qrupun şəhərin daxilindəki mövqeləri İraq qırıcıları tərəfindən də hava zərbələrilə hədəfə alınıb. Verilən məlumata görə, təkfirçi silahlılar artıq Tikritin şimalında, Mosul yolu istiqamətində yerləşən Şirqat rayonuna doğru çəkilməyə başlayıblar.
 
Ərazidə müşahidə aparan "PressTV" müxbiri bildirib ki, şifahi yayılan məlumatlara görə, "İŞİD" şəhəri tərk etməmişdən qabaq Tikrit hospitalının daxilində xeyli sayda mina yerləşdirib. İraq ordusunun şəhəri tutacağı təqdirdə həmin binanın partladılacağı ehtimal olunur.