|
ABŞ səfirinin Qobustan səfəri nəyə eyhamdır?

ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta srağagün Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olub. Bu haqda məlumat səfirliyin facebook səhifəsində yer alıb. Səfir Sekuta Azərbaycanın bölgələri ilə tanışlıq məqsədilə etdiyi səfər çərçivəsində Qobustanda daş dövründən qalan qədim məskunlaşma yerlərinə aid olan mədəni əsərləri və təsvirləri görmək imkanı əldə edib.


Xatırladaq ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda qədim qayaüstü təsvirlər və qədim arxeoloji abidələr yerləşir. Burada qədim insanların yaşadığı düşərgələr var. 

Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. 
 
Qobustan Milli Tarixi-Bədii Qoruğunun (Bakıdan 80 kilometr qərb) ümumi sahəsi 4400 hektar olan ərazidə yerləşir.
 
Bəzi siyasi təhlilçilərin fikrincə, səfir bu jestlə Azərbaycanda siyasətdən daha çox mədəniyyətlə məşğul olacağına işarə etmək istəyib. Azərbaycanda siyasi proseslərə qarışmayacaq. Bəzi təhlilçilər isə səfirin tanışlığa həbsxana adı ilə assosiasiya olunan Qobustan rayonundan başlamasının məhz buna eyham olduğunu hesab edirlər.
 
 
Hakim Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mirzəzadə isə səfir Sekutanın Azərbaycanın bölgələri ilə tanışlığa Qobustandan başlamasını belə dəyərləndirdi: “ABŞ-ın yeni səfirinin Azərbaycanın tarixi, mədəniyyəti ilə tanış olmaq istəyini mən alqışlayıram. Hesab edirəm ki, xarici ölkələrin təmsilçiləri nə qədər çox Azərbaycanı tanıdan cəhətlərlə tanış olsalar ölkələr arasında münasibətlər bir o qədər məzmunlu olar. Səfir Sekutanın konkret Qobustandan səfərə başlaması isə onların öz seçimidir. 
 
Prinsip etibarilə Azərbaycan ictimai fikrində fərqi yoxdur ki, səfir Azərbaycanla tanışlığa hardan başlayacaq. Əsas odur ki, yeni gələn səfir tariximizə, mədəniyyətimizə maraq göstərir. Əlbəttə ki, çox istərdim o, Azərbaycanla ABŞ-ın münasibətlərinin daha da dərinləşməsinə öz töhfəsini versin, Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın dünyada olan nüfuzundan istifadə edərək problemin tezliklə həllinə çalışaydı, ABŞ-da Azərbaycanın daha da yaxşı tanınmasına böyük imkanlar yaradaydı. Azərbaycan ictimaiyyəti ABŞ-la münasibətlərə böyük önəm verir. ABŞ-ı demokratik və dünyada sabitliyin qorunmasında əsas güclərdən biri hesab edir. Ümid edirəm ki, yeni səfirin dövründə iki ölkə arasında olan dostluq münasibətləri daha da möhkəmlənəcək”.
 

“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə ABŞ-ın yeni səfirinin ölkə ilə tanışlığa siyasi görüşlərlə deyil, Qobustandan başlamasına belə münasibət bildirdi: “Xatırlayırsınızsa, səfri Sekuta Bakıya gəlməzdən əvvəl də ABŞ səfirliyinin facebook səhifəsində yazılmışdı ki, səfirə ilk hara getməyi məsləhət bilərdiniz. Orada adlar yazılmışdı-Atəşgah, Qobustan, Beşbarmaq və sair. Düzdür, bir xeyli insan Kürdəxanı təcridxanasını məsləhət görmüşdü, amma Qobustan qoruğunu təklif edənlər çoxluq təşkil edirdi. Hər halda, istiqamət verilmişdi. Mənə elə gəlir ki, bu, səfirin ölkə ilə tanışlığıdır. Səfir hazırda siyasi məsələlərə çox dərindən diqqət yetirmək istəmir.
 
Azərbaycanla ABŞ arasında kifayət qədər gərginlik var. Biz dəfələrlə görürük ki, ABŞ gərginliyi ən yumşaq şəkildə aradan qaldırmağa çalışır. Lakin Bakı hələ də konflikt tonundan imtina eləmir. Səfir Sekuta Bakıya gələndən sonra onun etimadnaməsi də yalnız Viktoriya Nulandın səfərindən sonra qəbul edildi. Bu yaxınlarda rəsmi dövlət qəzeti ABŞ prezidenti Barak Oabamanı despot adlandırdı. İndi görünür, yeni səfir vəziyyətin daha da kəskinləşməsinə rəvac vermək istəmir. Ona görə də siyasi görüşlər, müxalif çevrələrlə təmaslara hələ başlamır və ölkə ilə tanışlığı siyasətdən uzaq sferadan başlamağı məqbul sayır. Amma düşünmürəm ki, ABŞ kimi dövlətin səfiri Azərbaycandakı siyasi proseslərə laqeyddir. Sadəcə, hələlik qeyd etdiyim mərhələdir”. //Musavat