|
Supermarketlər bayram endirimlərinə hazırlaşır

İslam dünyasının müqəddəs bayramı - Ramazana sayılı günlər qalıb. Bu münasibətlə qonşu Türkiyədə kütləvi endirim aksiyalarına başlayıblar. Hər gün televizorda onlarla bu tip reklamlara rast gəlirik. Geyimdən tutmuş, ərzağa qədər.

Maraqlıdır, Azərbaycanda vəziyyət necədir? Sahibkarlar Ramazan bayramında istehlakçıları necə sevindirməyi düşünür?

Suallara cavab tapmaq üçün redaksiyamızın ətrafında qısa bir tur elədik. Bir çox geyim, məişət əşyaları satılan dükanlarının vitrinlərində endirimlə bağlı elanlar vurulub. Əhalinin ehtiyacının daha çox ərzaq məhsullarına olduğunu nəzərə alaraq paytaxtın böyük marketlər şəbəkəsinə də baş çəkdik.

“Araz” supermarketlər şəbəkəsi mayın 28-dən başlayaraq Ramazan ayı münasibəti ilə ümumilikdə 70 addan  çox gündəlik istifadə olunan məhsulların endirim kampaniyasına start verib. Lakin bu kampaniya iyunun 10-da bitir. Ramazan bayramı ilə əlaqədar xüsusi endirim kampaniyasının olub-olmaması haqda öyrənmək üçün marketlə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı.

“AİLƏ” supermarketin  “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən filialının administratoru Elşən bəy düşünür ki, yaxın günlərdə endirim kampaniyası ola bilər: Hazırda bu haqda dəqiq məlumatımız yoxdur. 1-2 gün ərzində məlum olacaq".

“Bolmart” supermarketdə də bayrama özəl endirimlər yoxdur. Supermarketdən verilən məlumatda deyilir ki, endirimləri mağaza təyin etmir: “Adətən şirkətlər tərəfindən edilir. Hələlik bu haqda məlumatım yoxdur. Olacaqsa, yaxın günlərdə olacaq”.

“Rahat market”in “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən filialının xanım administratorunun sözlərinə görə, bayram endirimləri hələlik yoxdur: “Ramazan bayramı ilə əlaqədar endirimlər gələn həftədən olacaq”.

“Neptun” marketdə iyunun 15-dək davam edəcək Ramazan ayına özəl kampaniyaları var. Lakin bayrama məxsus xüsusi kampaniya hələlik yoxdur.

Gördüyünüz kimi, supermarketlərdəki vəziyyət heç də ürəkaçan deyil. Heç bir marketdə Ramazan bayramı münasibəti ilə endirim aksiyasına rast gəlmədik. Ancaq ümidimizi üzmürük. İnanırıq ki, bu yazıdan sonra daim müştərilərinə yüksək xidmət göstərmək istəyən şirkətlər bayram ərəfəsində alıcıları sevindirəcək aksiyaya başlayacaq.