|
Bakı və İrəvan arasında söz savaşı Qarabağda savaşa çevrilə bilər

Ermənistanın baş naziri son günlər davamlı şəkildə bir-birinə zidd açıqlamaları ilə özünü gülünc vəziyyətə salmaqda davam edir. Hakimiyyətə gəldiyi günün səhəri Qarabağda peyda olan Paşinyan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı “ideyası” ilə çıxış etmişdi. Bundan sonra hətta eks-prezident Levon ter-Petrosyan da onu bu mövqeyinə görə qınadı və danışıqlar formatının dəyişməsinin mümkünsüzlüyünü anlatmağa çalışdı. Ardınca isə N.Paşinyan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etsə də, növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda iştirakı olmadan prosesin effektli olmayacağı iddiasını səsləndirdi.

Göründüyü kimi, Paşinyan da Sərkisyanın “yolunu” getməyə çalışır, ancaq təcrübəsizliyi buna imkan vermir. Konkretləşdirsək, Paşinyan Sərkisyanın rolunu kobud və pis formada oynayır. Deməli, yaxın illərdə nə Ermənistan normal ölkəyə çevriləcək, nə erməni gənclər normal yaşamaq üçün ölkəsinə qayıdacaq, nə də Qarabağdan Ermənistana daşınan əsgər meyitlərinin ardı kəsiləcək. Paşinyan anlamır ki, onun rəhbərlik etdiyi ölkə Azərbaycanın torpaqlarını 25 ildən çoxdur işğalda saxlayır və Azərbaycanın ən böyük güzəşti məsələnin sülhlə həllini istəməsidir.

paşinyan ile ilgili görsel sonucu

Erməni baş nazir iddia edir ki, Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqlar effektiv olmayacaq. Ölkəsi fəlakətli durumda olan Paşinyan radikal kursu davam etdirsə, tezliklə əsgər anaları onun özündən övladlarının ölümünə görə cavab tələb edəcəklər. Görün, nə qədər bəsit dünyagörüşə malikdir ki, deyir Sərkisyandan və Köçəryandan fərqli olaraq qarabağlı olmadığı üçün Dağlıq Qarabağın adından danışa bilməz. Bu məntiqlə, Sərkisyan və Köçəryan da Ermənistan adından danışmamalıydı, çünki qarabağlıdırlar.

“Əgər Azərbaycan müharibə variantını əsas götürürsə, Ermənistan niyə sülhə hazırlaşmalıdır? Biz danışıqların konstruktivliyinə tərəfdar olacağıq, lakin heç vaxt adekvatlılığı itirməyəcəyik. Biz bir dəfə qalib gəlmişik, qalibiyyət ruhu gələcək qələbələrə də inam yaradır”, - deyə Paşinyan Azərbaycanı müharibə ilə hədələməyə cəhd edib.

Rəsmi Bakı işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin danışıqlarda tərəf kimi iştirakını israrla istəyən Ermənistanın baş naziri Nikol Paşinyan bu arzusunu absurd “arqument”lə əsaslandırıb. Azərbaycan XİN bu bəyanat operativ reaksiya verərək, bəyan edib ki, Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndirir.

Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş də ondan xəbər verir ki, Paşinyanın arzuları reallaşmayacaq. Hətta Rusiya belə, onun iddialarını ciddi qəbul etmir. Rusiya Ermənistanın Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı istəyinə mənfi münasibət bildirib. Rusiya XİN başçısı Sergey Lavrov əlavə edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Arman Melikyan ile ilgili görsel sonucu

Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan separatçı rejimin keçmiş “xarici işlər naziri”, politoloq Arman Melikyan iddia edir ki, Azərbaycan İrəvandakı ikihakimiyyətlilikdən istifadə edərək, münaqişəni hərbi yolla həll etmək planını işə salacaq (publika.az). Melikyan Azərbaycanın güclü şəkildə hərəkətə keçdiyini və bu situasiyada Ermənistanın zəif olduğunu qeyd edib. “Azərbaycan hərbi fəallığı artırır, bunun əsas səbəbi Ermənistanın mövqelərinin zəif olmasıdır. Azərbaycan Ermənistandakı ikihakimiyyətlilikdən münaqişənin hərbi yolla həlli planını həyata keçirmək üçün istifadə edə bilər”, - deyə erməni politoloq Ermənistanda hazırda müxalifətə keçən Respublika Partiyasının parlamentdə çoxluq təşkil etməsinə işarə edib.

A.Melikyan əlavə edib ki, Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi cəlb etməsi ilə bağlı siyasi proqramı yoxdur: “İrəvanın bu istəyi dağıdıcı davranış və siyasi şantaj kimi qəbul ediləcək”. Onun sözlərinə görə, danışıqlar prosesi ilə tanış olmaq üçün Paşinyana vaxt lazımdır: “Bu müddətdə də dönüş qərarları haqqında bəyanatların səslənməsi olduqca zərərlidir, xüsusilə Ermənistanda mövcud olan ikihakimiyyətlilik şəraitində. Hesab edirəm ki, Ermənistanın xeyri üçün hakimiyyət yeni vəziyyət yaratmalıdır. Mən bunu həmişə deyirdim, lakin Serj Sərkisyan hakimiyyəti bunu etmirdi. Çünki Sərkisyan ərazilərin qaytarılması ilə razılaşmışdı”.

Azərbaycan prezidenti İlham Əliyev növbəti dəfə Ermənistana xəbərdarlıq edərək Bakının dəyişməz mövqeyini nəzərə çatdırıb. Bəs Bakı və İrəvan arasındakı söz savaşı, ABŞ kəşfiyyatının da aylar öncə xəbərdarlıq etdiyi kimi, hərbi qarşıdurmaya çevrilə bilərmi?

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, Qarabağda hərbi əməliyyatlar riski indi əvvəlki illərlə müqayisədə daha çoxdur: “Ona görə ki, bu gün Ermənistan hakimiyyətində çox naşı, populist bir küçə adamı olan Nikol Paşinyan dönəmi davam edir. Doğrusu, bunun nə qədər davam edəcəyini də demək çox çətindir. Bu, çox qeyri-ciddi, çox naşı bir adamdır. Böyük ehtimalla o, məhz səriştəsizliyi ucbatından hansısa bəlli məqamda və nöqtədə, ”quş dimdiyindən ilişən kimi", bərk ilişəcək. Bunun artıq işartıları görünür. Diqqət edin, bu adam Qarabağla bağlı bu qısa müddətdə nə qədər ziddiyyətli, nə qədər qəribə açıqlamalar verib, hərəkətlər edib. İlk səfərini Qarabağa edən bu adam dünən görün nə absurd və axmaq fikir səsləndirir: “Mənim Qarabağ adından danışmağa haqqım yoxdur”. Sanki bu huşsuz dünən nə dediyinin, etdiyinin fərqində deyil. Hələ ki davam edir. Amma onun ilk böyük səhvi aləmi qarışdıracaq".

Ü.Cəfərov qeyd etdi ki, Ermənistan hakimiyyətinin havadarları da bütün bunları hiss edir: “Əvvəlki aylarla müqayisədə Rusiya bunun ipini yığıb-yığışdırmaq üçün çox aktiv hərəkətlər edir. Amma bu özündənrazı Paşinyan çox axmaq və düşüncəsiz hərəkətlər edə bilər. Ona görə də biz diqqətimizi əsla azaltmamalıyıq. Qarabağda silahlı toqquşma riski hər zamankından daha çoxdur”.

Hərbi ekspert qeyd etdi ki, Paşinyanın Bakını savaşla təhdid etməsi elə də qorxulu bir hadisə deyil: “Amma istənilən an təxribat, öz hakimiyyətinin qorunması, möhkəmlənməsi üçün diqqəti yayındırmaq kimi addımları ata bilməsi mümkündür. Lakin bu, uzunmüddətli olmayacaq. Çünki indiki halda onun Ermənistanı vahid şəkildə idarə etməsi üçün rıçaqları zəifdir. Onun hakimiyyətdə möhkəmlənməsi prosesi də daxildə elə də rəvan getmir. Kifayət qədər çətinlikləri, problemləri var”.

Ermənistan isə özünü cığal uşaq kimi aparmaqdadır.  Elə Ermənistan XİN rəhbərinin Bakını Avrasiya İqtisadi Birliyi ilə təhdid etmək cəhdi bundan xəbər verir.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Ermənistan XİN başçısının Rusiyaya səfərinə diqqət çəkdi: “Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan iyunun 7-də rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşdükdən sonra Rusiyanın ”Kommersant" qəzetinə geniş müsahibə verib. Müsahibədə deyilənlərin çoxunu erməni rəsmilərin və diplomatların dillərindən illərdir eşidirik. Ancaq rusiyalı jurnalistin iki sualına verilən cavaba diqqət yetirməyə dəyər. Birinci sual: “Dağlıq Qarabağ münaqişəsi həll olunmadan güclü və stabil Ermənistanın varlığı mümkündürmü?” Erməni nazirin cavabındakı ilk cümlə belədir: “Tamamilə doğru deyirsiniz”. Yəni erməni nazir faktiki etiraf edir ki, münaqişə həll olunmadan Ermənistanın sabit və güclü olması mümkün deyil. İkinci sual: “Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə mane ola bilərmi?” Erməni nazir sualdan qaçmağa çalışsa da, jurnalist ondan əl çəkmir. Yekunda erməni nazir bunu deyir: “Biz veto hüququndan istifadə edəcəyik”. Beləliklə, baş nazir Nikol Paşinyanın Soçiyə gedib rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi və xarici işlər naziri Zöhrab Mnatsakyan Moskvaya gedərək Lavrov qarşısında hesabat verməsi İrəvanın xarici siyasətində dəyişiklik olmadığını göstərir".

E.Şahinoğlunun sözlərinə görə, Soçidə və Moskvada Ermənistanın yeni hakimiyyətinə çərçivələri göstəriblər və bundan kənara çıxa bilməyəcəyini anladıblar: “O ki qaldı Ermənistanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə mane olmasına, birincisi Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın Ermənistanla eyni iqtisadi məkanda varlığı mümkün deyil. İkincisi, hipotetik olaraq Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzvlük istəyini bildirsə, Rusiya Ermənistana Azərbaycana qarşı veto hüququndan istifadə etməyə imkan verməyəcək. Çünki Rusiyaya Avrasiya İqtisadi Birliyində daha çox üzv lazımdır”.

Yeri gəlmişkən, iyunun 7-də, gecə yarısı təmas xəttinin şimal hissəsində mövqelərimizi atəşə tutan erməni hərbçi cavab atəşi nəticəsində yaralanıb. Bu isə savaşın hər an başlaya biləcəyi ehtimalını artırır...