|
Fərqli janr və nostalji mahnılar Nəzakət Teymurovanın ifasında...

Növbəti konsertimdə tam fərqli repertuarla çıxış edəcəyəm. Dinləyicilər, demək olar ki, heç vaxt ifa etmədiyim mahnıları eşidəcəklər.

Bunu Xalq Artisti Nəzakət Teymurova iyunun 20-də Yaşıl Teatrda keçiriləcək konserti ilə bağlı açıqlamasında bildirib. Xanəndə söyləyib ki, konsertdə ifa edilən mahnıların əksəriyyəti Rəşid Behbudov, Yalçın Rzazadə və Flora Kərimovanın repertuarından bəstələr və aşıq mahnıları olacaq. O deyib: “Səhnədə 15 nəfərlik heyətlə çıxış edəcəyik. Bu vaxtadək bir çox konsertlərim və kamera orkestri ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Nostalji mahnılar yeni tərzdə təqdim olunacaq”.

Konsertdə duet ortağının olub-olmayacağı ilə bağlı danışan N.Teymurova bildirib ki, bu dəfə səhnədə əvvəldən axıradək özü tək çıxış edəcək.