İyunun 8-də Azərbaycan Milli İncəsənət Muzeyində incəsənətimizin zənginləşməsində və təbliğində böyük xidmətləri olmuş Xalq Rəssamı Tağı Tağıyevin xatirəsinə həsr edilən tədbir keçiriləcək.
Muzeydən bildirilib ki, iyunun 12-dək davam edəcək sərgidə rəssamın 60-dək rəngkarlıq və qrafika əsəri nümayiş olunacaq.
Azərbaycan klassik rəngkarlıq məktəbinin nümayəndəsi T.Tağıyev portret, mənzərə və natürmort janrlarında özünəməxsus əsərlər yaradıb. Rəssamın yaradıcılığında Avropa və rus rəngkarlıq məktəbinin ənənələrini və milli incəsənətimizin vəhdətini müşahidə etmək mümkündür.
Portret ustası kimi tanınan rəssam “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Bəhruz Kəngərli”, “Kamil Xanlarov” və “Soltan Məhəmməd” kimi tabloların müəllifidir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Burada rəssam özünün incə kolorit ustası olduğunu bir daha təsdiqləyir. T.Tağıyevin böyük həvəslə işlədiyi janrlardan biri də natürmort janrıdır. Rəssam nəfis kompozisiya quruluşu, zəngin koloriti ilə seçilən natürmortlarında əşyanın fakturasının materialını, parçanın strukturunu, şüşənin şəffaflığını böyük məharətlə çatdıra bilirdi. Rəssamın yaradıcılığında mənəvi və fiziki cəhətdən güclü, məqsədlərinə doğru inamla addımlayan fəhlə və neftçi obrazları xüsusi yer tutur.
T.Tağıyevin əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Gürcüstanın və bir çox ölkələrin muzey və qalereyalarında, o cümlədən şəxsi kolleksiyalarda saxlanılır.
