|
İran nefti bazardan çıxsa, qiymətlərə necə təsir göstərəcək?

ABŞ-ın İranla nüvə sazişindən çıxması, ardınca İrana qarşı sanksiyalar tətbiq etməsi dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Bu təsir ilk növbədə özünü dünya neft bazarında büruzə verir. Belə ki, ABŞ prezidenti Donald Tramp sazişdən çıxmaq qərarını açıqlayan kimi neftin qiymətində ciddi artım qeydə alındı.

Qaz İxracatçı Ölkələri Forumunun (GECF) baş katibi Yuri Sentyurinin dünən jurnalistlərə verdiyi açıqlamadan məlum olur ki, ABŞ-İran münasibətlərindəki gərginlik qaz bazarında da problemlərə səbəb olur: “ABŞ-ın İranın nüvə sazişindən çıxması siyasəti iqtisadi proseslərə mənfi təsir göstərir. Biz bu yanaşmanı dəstəkləyə bilmərik. Hesab edirik ki, tərəflər bazar yanaşmalarını əldə rəhbər tutmalıdırlar”.

Yuri Sentyurinin sözlərinə görə, ABŞ-ın belə hərəkəti dünya iqtisadiyyatında və qaz sektorunda çətinliklə yaradılmış əməkdaşlığı təhlükə altında qoyur. O əlavə edib ki, təşkilat İranın qaz sənayesi ətrafında baş verən prosesləri həyəcanla izləyir. Y.Sentyurin həmçinin bildirib ki, təşkilatı ABŞ-ın belə addımının səhv olduğunu düşünənlərin səsinə səs verir (Report).

Elnur Soltanov ile ilgili görsel sonucu

ABŞ-ın İranla bağlı mövqeyində yumşalma olmasa və sanksiyalar üzündən İran neftinin dünya bazarına çıxışı əngəllənərsə, bu, qiymətlərə hansı təsiri göstərəcək? Sualı cavablandıran ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanovun “Yeni Müsavat”a dediyinə görə, 2015-ci ildə sanksiyaların yumşaldılmasından sonra İran dünya bazarına gündəlik 1 milyon ton əlavə neft çıxarmağa başladı: “Yenidən sanksiyalar tətbiq olunarsa, bu 1 milyon barel tədricən bazardan çıxacaq. Bir milyon barel kifayət qədər böyük həcmdir və yeri doldurulmasa dünya bazarında neftin qiymətinin artması ilə nəticələnəcək. Lakin məsələnin digər tərəfi də var. Bildiyiniz kimi, neftin dünya bazar qiymətinin artmasının əsas səbəbi Rusiya və Səudiyyə Ərəbistanının rəhbərliyi altında OPEK+ razılaşmasıdır. Hansı ki, bu razılaşmaya əsasən dünya bazarından 1,6 milyon barel neft çıxarılıb, yəni hasilat azaldılıb”.

Mütəxəssis deyir ki, son günlərdə neftin qiyməti 80 dollar civarından 75 dollara qədər enib: “Bu da səbəbsiz deyil. Belə ki, Rusiya və Səudiyyə Ərəbistanı bəyan ediblər ki, iyun ayında hasilatın  azaldılması barədə qərarlarına yenidən baxacaqlar. Bu o deməkdir ki, sanksiyalar səbəbindən dünya bazarından çıxarılacaq İran neftinin yerini asanlıqla Rusiya və Səudiyyə Ərəbistanı nefti tuta bilər. Bu ölkələr əslində bunu istəyirlər. Hər iki ölkənin hasilat imkanları indikindən çoxdur, sadəcə, bazarda qiymətləri sabitləşdirmək üçün daha az neft çıxarırlar. Bu baxımdan, İran neftinin çıxması ilə bazarda qiymətlərin artması qısamüddətli olacaq. Burada yalnız bir amil neftin qiymətinin uzunmüddətli dövrdə daha da bahalaşmasına gətirib çıxara bilər. Bu da ABŞ-İran münasibətlərinin silahlı münaqişə mərhələsinə keçməsi variantıdır. İranın silahlı münaqişəyə cəlb olunması  bütün Yaxın Şərq regionunda ciddi dəyişikliklərə, Səudiyyə Ərəbistanı, İraq kimi istehsalçıların hasilatının azalmasına gətirib çıxara bilər. Əks təqdirdə, yalnız sanksiyalarla qiymətlərin uzunmüddətli yüksəlişi gözlənilən deyil”.