Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniyanın Bitola şəhərində keçirilən XX Beynəlxalq Monodram Festivalında iştirak edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festivalda Patrik Züskindin əsəri əsasında hazırlanmış “Kontrabas” tamaşası nümayiş olunub. Tamaşada Əməkdar Artist Şövqi Hüseynov çıxış edib. İfası ilə teatr mütəxəssislərinin və tamaşaçıların rəğbətini qazanan aktyor “Kontrabas” monotamaşasındakı roluna görə festivalın Qran-Pri mükafatına layiq görülüb.
Makedoniya mətbuatında Şövqi Hüseynovun aktyor oyunu və sözügedən tamaşa haqqında çoxsaylı məqalələr dərc edilib. Bunlardan biri aktyorla geniş müsahibənin yer aldığı “Naşe teatarçe.mk” qəzetində dərc olunan materialdır. Aktyor müsahibədə yaradıcılığı, sənət yolu, Azərbaycan teatrı haqqında sualları cavablandırıb, teatr sənəti ilə bağlı geniş məlumat verib. Əməkdar Artist, həmçinin dünyada baş verən teatr prosesləri, aktyor, rejissor məktəbi haqqında fikirlərini bölüşüb.
