Prezident İlham Əliyevin Cümhuriyyətin yüz illiyi ilə bağlı imzaladığı ən böyük əfv sərəncamı gündəmdən düşmür. İçərisində 12 siyasi məhbusun olduğu 634 məhkumu əhatə edən sərəncam ən yüksək səviyyədə təqdir edilir, yüzlərlə ailəyə sevinc bəxş edilən əfv alqışlanır.
Siyasilərdən azad olunanların adlarını bir daha təqdim edirik:
Abdullayev Valeh (2012 “Eurovision” işi)
Babayev Nadir (Tale Bağırzadə - Nardaran işi )
Qasımov Əliağa (Nardaran)
Cabbarov Hilal (Nardaran)
Qurbanov Ələkbər (Nardaran)
Şahbazov Fail (Nardaran)
Şahbazov Natiq (Nardaran)
Quliyev Məhəmməd (Nardaran)
Kərimov David (Hicab məhbusu)
Rzayev Elşad (Hicab məhbusu)
Fərəcov Elnur (Neftçala, AXCP üzvü)
Şəkərov Saday (yazıçı).
Sərəncamda diqqət mərkəzində olan bəzi siyasi məhbusların adının olmaması ilə bağlı da müəyyən müzakirələr açılıb. Avropa Şurasında Azərbaycanla bağlı qəbul edilən son qərarın REAL sədri İlqar Məmmədov başda olmaqla, bir sıra siyasi məhbusların həbsdə qalmalarına səbəb olduğu ehtimal edilir. Bir növ AŞ-dakı qərarın Azərbaycanda əfv öncəsi qəbul edilməsinin təsadüf olmadığı və bunun sərəncamda öz əksini tapdığı iddia edilir. Siyasi məhbus məsələsindən öz niyyətlərini həyata keçirmək istəyən Avropanın tələblərinə Azərbaycan kimi bir ölkənin boyun əyməməsinin doğru olduğu barədə fikirlər çoxsaylıdır.
İ.Məmmədov məsələsinin onun azadlığa buraxılması ilə bağlı beynəlxalq aləmin tələblərinin olduğu indiki vaxtlarda deyil, yaxın aylarda həll olunacağı bildirilir. İyunun 5-də REAL sədri ilə bağlı Azərbaycana verilən son vaxt da bitir. Bu tarixdən sonra ya məhkəmə, ya da digər yollarla onun azad ediləcəyi deyilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev əfv sərəncamının prezidentin müstəsna səlahiyyətlərindən biri olduğunu qeyd etdi: “Ən böyük əfv sərəncamı imzalandı. Bu, cəmiyyət tərəfindən razılıqla qarşılanmalıdır. Amma unutmaq olmaz ki, istənilən addım hamı tərəfindən birmənalı qarşılana bilməz. Cəmiyyət müxtəlif düşüncəli insanlardan ibarətdir. Bu baxımdan əks fikirləri də normal sayıram. Hesab etmirəm ki, beynəlxalq təsisatların və eləcə də, yerli qurumların siyahılarında olan məhbuslar mütləq əfv olunmalıdırlar. Bunlar yoxdursa, bu əfv qənaətbəxş deyil kimi fikirlər düzgün deyil. Mən də məhbəs həyatı yaşamış bir insanam. Allah hamının qapısını açsın. Çox istərdim ki, hər kəs azadlığa çıxsın. Lakin heç bir halda şərtlə danışmaq olmaz. Kimsə cinayətə yol veribsə, qanun qarşısında cavab verməyi şərtdir. Demokratiya budur. Demokratiyadan danışıb, sonra sərf etməyəndə bundan imtina etmək doğru deyil. Özlərini siyasi sayan, siyasi məhbus olduğunu düşünən-hərçənd ki, mən belə düşünmürəm-şəxslərin əfvlə bağlı müraciətləri varsa, yəqin ki baxılar. Bir neçə nəfərə, bir neçə nəfərin himayədarlarının fikirlərinə görə əfv sərəncamını gözdən salmağa dəyməz. Arzu edərdim ki, belə normal addımlar davam etdirilsin. Azərbaycanda qəbul edilən, verilən qərarlar xarici təsisatlar vasitəsilə olmur. Avropa təsisatlarından bəzi məsələlərlə bağlı mənfi yanaşmalar olsa da, strateji məsələlərdə bu təsisatlarla əməkdaşlıq davam edir. Bəzi təsisatların bir sıra məsələlərdə mövqelərinin üst-üstə düşməməsi normaldır. Hər şey üst-üstə düşməyə bilər. Bunlar münasibətlərin gərgin olmasına dəlalət etmir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu iddialı danışdı: “Biz bu əfv öncəsi əlimizdən gələni etmişdik. Amma 634 nəfərin də azadlığa buraxılması çox müsbət qərardır. Bu sərəncamda bizim siyahıda Nardarandan olan şəxslər də var idi. 2-3 nəfər siyahımızdan məhbus azad olundu. Çoxsaylı şəxslər ərizə ilə bizə müraciət etmişdilər və bizim də ərizəmiz əsasında 20-ə yaxın məhbus azad olundu. Bu şəxslərin haqları pozulmuş, qanunsuz cəza almışdılar. Biz də çox inanırdıq ki, qalan siyasi məhbuslar azad olunacaq. Açığı sərəncam veriləndən sonra çox pis olduq. İstərdik ki, 634 deyil, 650 nəfər azad olunsun, onların içərisində də qeyd etdiyiniz siyasi məhbuslar da olsun. Bu ilin sonuna qədər Azərbaycanda siyasi məhbus qalmayacaq. Məhkəmələr və digər yollarla hamısı azad olunacaq. Qəbul olunacaq amnistiya ilə də bəzi siyasilər azadlığa çıxacaqlar. Çalışacağıq ki, ilin sonuna qədər növbəti əfv olsun”.
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli yüzlərlə ailənin sevincə qovuşmasının pozitiv addım olduğunu bildirdi:“İnsanlar öz ailələrinə qovuşdular. Amma beynəlxalq aləmin israrla azadlığını tələb etdiyi siyasi məhbusların demək olar heç birinin adı bu siyahıda yer almadı. Bu da bir çox problemlər yaradır. Azərbaycanla Avropa arasında son zamanlarda gərginləşən münasibətlər bir az da gərginləşə bilər. Təəssüflər olsun ki, siyasi məhbuslar nöqteyi-nəzərindən bu əfv özünü doğrultmadı. Avropa qurumları ilə bundan sonra gərginliyin artması ehtimalları yüksəkdir. Ölkəmizlə Avropa qurumları arasında ciddi danışıqlar gedirdi. İndi müzakirələrin, danışıqların dayandırılması baş verə bilər. Bu isə heç də yaxşı hal deyil. İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin verdiyi vaxt iyunun 5-də bitir. Məhkəməyə Azərbaycan tərəfi rəsmi cavab verməlidir. Bu cavablardan biri Ali Məhkəmənin plenumuna məsələnin çıxarılması baş verə bilər ki, plenumda Avropa Məhkəməsinin qərarı yerinə yetirilə bilər. Ümid edirəm ki, belə də olacaq. İlqar Məmmədovun hansı formada azadlığa çıxması kiməsə maraqlı deyil.
Avropa Məhkəməsi üçün xüsusi bir seçim yoxdur. Təqribən 10 gün müddət qalıb. Ümidliyəm ki, Avropa Məhkəməsinə cavab vermək üçün Ali Məhkəmənin plenumu çağırılacaq və verilən qərarla İlqar Məmmədov azadlığa çıxacaq. Bu da Azərbaycanla Avropa arasında münasibətlərin yaxşılaşmasına səbəb ola bilər. Çünki bağlanacaq saziş Azərbaycan üçün daha vacibdir. Azərbaycan tərəfi bu müqavilənin bağlanmasında daha maraqlı olmalıdır. Bunu da sürətləndirəcək addımlardan biri də İlqar Məmmədovun azadlığa buraxılmasıdır. Digər siyasi məhbusların da azadlığa çıxması daha yaxşı olardı. Orada elə insanlar var ki, Azərbaycan hökuməti üçün təhlükəli deyillər. Mehman Hüseynov, Gözəl Bayramlı, Seymur Həzi kimi şəxslərin azad olunması çox yaxşı olardı. Bu da Azərbaycanın imicinin yaxşılaşdırılması yolunda atılan daha bir addım olardı”.
