|
Depozitlərin dollarlaşma səviyyəsinə görə MDB birincisiyik

Mayın 24-də “Moody’s” beynəlxalq reytinq agentliyi Bakıda növbəti illik konfransını keçirib.  Tədbirdə Azərbaycandan olan maliyyə institutlarının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən “Moody’s”in vitse-prezidentinin köməkçisi Kristian Vanq (Christian Vang) son illər Azərbaycan da daxil olmaqla, MDB ölkələrində baş verən iqtisadi proseslərdən, dünya bazarında neftin ucuzlaşmasının iqtisadiyyata təsirindən danışıb. Onun fikrincə, regionda iqtisadiyyatın şaxələndirilməsi davam etdirilməli və bank sektorunun likvidliyi artırılmalıdır.

“Moody’s”in vitse-prezidentinin köməkçisi, analitik Petr Paklin isə deyib ki, Azərbaycanda kreditləşmənin bərpası fonunda problemli kreditlər sabitləşib. O bildirib ki, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərindən sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb. P.Paklin Azərbaycanın bank sektorunda risklərə də toxunub: “Korporativ sektorda uyğunsuzluq riskləri hələ də yüksəkdir. Bununla belə,  Azərbaycanın bank sektorunda  əhəmiyyətli dövlət dəstəyi var. Azərbaycanda son 3 ildə dollarlaşmanın səviyyəsinin aşağı düşdüyünü görürük. Bununla belə bank sektorunda dollarlaşma yüksək səviyyədədir. 2017-ci ilin yekununda depozitlərin 72,4 faizi dollarda olub. Bu rəqəm 2016-cı ilin yekununda 75,3 təşkil edib Xarici valyutada kreditlərdə dollarlaşma 40 faiz səviyyəsindədir. 2015-ci ildə baş verən devalvasiya banklara öz təsirini göstərib. Bizim hesablamalarımıza görə, bankların qısa açıq valyuta mövqeyi ən pis həddə çatıb. 2017-ci il Azərbaycanın bank sektorunda kapitallaşmanın yaxşılaşmasına səbəb olub. Kapitallaşmanın yaxşılaşmasına baxmayaraq, hələ də risklər var”.

P.Paklin onu da qeyd edib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC indiyə qədər 14,7 milyard manat məbləğində öhdəliyini restrukturizasiya edib. Bundan başqa, onun sözlərinə görə, Azərbaycan depozitlərin dollarlaşma göstəricisinə görə hələ də MDB məkanında birincidir.

Analitikin verdiyi məlumata görə, Beynəlxalq Bankın aktivləri ölkənin bank sektorunun aktivlərinin 31 faizini təşkil edib (Report). Onun sözlərinə görə, bu, 2016-cı ilin yekunu ilə müqayisədə 8 faiz bəndi azdır: “Ölkənin 3 ən güclü özəl bankı - ”PAŞA Bank", “Kapital Bank” və “Xalq Bank” ASC-lər birlikdə aktivlərdə 31 faiz paya malikdir. Qalan 26 bank isə aktivlərin 38 faizinə nəzarət edir".

Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətindən danışan P.Paklin bildirib ki, 2016-cı ildə Azərbaycanda iqtisadiyyatın 3,1 faizlik daralmasından sonra 2017-ci ildə iqtisadi artım 0,1 faiz təşkil edib.

O bildirib ki, “Moody’s” 2018-ci ildə Azərbaycanda iqtisadi artımı 1,5 faiz, 2019-cu ildə isə 3 faiz təşkil edəcəyini proqnozlaşdırır(APA).

“Moody’s”in vitse-prezidenti Denis Perevezentsev  isə çıxışında bildirib ki, neft bazarı yenidən balanslaşdırılıb, lakin risklər hələ də qalmaqdadır: “Neft bazarı tarazlığa doğru hərəkət edəcək, lakin tələb və təklif balansı qeyri-sabit olaraq qalır. ABŞ-da şist neftinin istehsalı və ”OPEC +" razılaşması bazara təsir edən əsas amillərdən sayılır. Buna baxmayaraq neft bazarı sabit qalmaqdadır" (APA).

Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiya, “OPEC+” ölkələrinin xeyrinə olacaq.

“Moody’s”in mütəxəssislərinin proqnozlarına görə, 2019-cu ildə neftin bir barelinin qiyməti 45-65 dollar civarında olacaq.