Mayın 23-də Braziliya Federativ Respublikasının paytaxtı Brazilia şəhərində, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən, Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə və 28 may - "Respublika Günü"nə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirə, Braziliya Milli Konqresinin Senat və Deputatlar Palatasından olan üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrinin, yerli KİV-rin nümayəndələri və iş adamları qatılmışlar.
Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra, Səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 may - Respublika Günü, yüz il öncə, Azərbaycanın müstəqilliyinin əldə edilməsi barədə ətraflı məlumat vermiş və qeyd etmişdir ki, 1991-ci ildə müstəqiliyi əldə etdikdən sonra Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxamyaraq Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çətinliklərin öhdəsindən gəlmiş və Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti nəticəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider ölkəsinə çevrilmişdir.
İkitərəfli müstəvidə də əlaqələrin sürətlə inkişaf etməsindən danışan Səfir, Braziliya Xarici əlaqələr naziri A.Nunesin keçən il Azərbaycana rəsmi səfərini xüsusi qeyd etmişdir.
Həmçinin, Səfir öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq Azərbaycanın haqlı mövqeyini qonaqların nəzərinə çatdırmışdır.
Yekunda, Səfir Azərbaycan-Braziliya dövlətərarası əlaqələrinin dinamikası və inkişafı barədə danışmışdır.
Sonra, Braziliya Xarici əlaqələr nazirinin müavini Simas Maqalyayeş çıxış etmişdir. Çıxışı zamanı qonaq bildirmişdir ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməkdədir və intensiv qarşılıqlı səfərlər və yüksək ticarət əlaqələri bunun bariz nümunəsidir. 2016-cı ildə Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini Araz Əzimovun Braziliyaya səfərini, 2017-ci ildə isə Braziliya Xarici əlaqələr naziri Aloysio Nunesin Azərbaycana rəsmi səfərini və səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri İlham Əliyevlə, Xarici işlər naziri Elmar Məmmədyarovla və İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlərini xatırlatmışdır. Eləcədə, səfər zamanı Braziliya Xarici əlaqələr naziriliyi nəzdində Rio Branko İnstitutu ilə ADA Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını, Simas Maqalyayaeş öz çıxışında vurğulamışdır.
Çıxışlardan sonra, braziliyalı musiqiçilərin tar və ud ifasında Azərbaycan milli musiqiləri qonaqlara təqdim edilmişdir.
Daha sonra, Azərbaycanın müstəqilliyinin yüz illiyinə həsr edilmiş yüz ədəd Dövlət Bayrağı rənglərində rənglənmiş şarlar havaya buraxılmışdır.
Tədbirin davamı olaraq, qonaqlar milli və xarici təamlardan ibarət ziyafət masasına dəvət olunmuşlar və onlara müxtəlif hədiyyələr və Azərbaycan haqqında məlumat ehtiva edən materiallar təqdim edilmişdir.
Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılmışdır.
