Son dövrlər “Azərbaycan” qəzetində ABŞ, onun prezidenti Barak Obama ilə bağlı silsilə tənqidi məqalələr dərc edilir. Ötən sayımızda getmiş, həmin qəzetlə bağlı hazırladığımız reportajda da qəzetin baş redaktoru Bəxtiyar Sadıqov tənqidlərində tam haqlı olduğunu deyərək, bunu əsaslandırmaq üçün paralel aparıb.
“Biz ”Vaşinqton Post"dan əskik qəzetik" deyə arqument irəli sürən baş redaktora görə, əgər Amerikanın sözügedən nəşri Azərbaycan, burdakı insan haqları, jurnalistlər, məhbuslarla bağlı tənqidi məqalə dərc edə bilirsə, “Azərbaycan” qəzetinin də buna haqqı var. Biz də yaranmış situasiyanı nəzərə alıb, oxucular üçün hər iki nəşrlə bağlı dosye hazırladıq. Göstəricilər, yaranma tarixi, maliyyə... Faktlar göz qabağında, müqayisə imkanları da həmçinin.
Öncə ondan başlayaq ki, “Vaşinqton Post” ABŞ-ın paytaxtı Vaşinqton şəhərində çıxır. Qəzeti 1877-ci ildə Demokratlar Partiyasının üzvü Stilson Xatçins təsis edib. 1880-ci ildə bazar buraxılışı dərc edərək ABŞ-da 7 gün çıxan ilk gündəlik qəzet olub. 1889-cu ildə təsisçi nəşri respublikaçılar hökumətində kabinet üzvü Frenk Hattona və sabiq demokrat konqresmen Beriah Vilkinsə satıb.
1905-ci ildə qəzeti “Cincinnati Enquirer” şirkətinin rəhbəri Con Maklean alıb. 1916-cı ildə Maklean vəfat edəndən sonra nəşrin sahibliyi onun oğlu Edvarda keçib. Yeni təsisçi qəzetin siyasi istiqamətini dəyişdirib və daha çox respublikaçılara yönəldib. Bununla qəzetin dövriliyi və gəlirləri aşağı düşüb. 1922-ci ildə qəzet maliyyə problemlərinə görə satışa çıxarılıb və 825 min dollara Kaliforniya əsilli maliyyəçi Eugen Meyerə qismət olub. Təsisçi qəzetə yeni prinsiplər gətirib. Prinsiplər belə sıralanıb: qəzetin missiyası yalnız həqiqəti söyləməkdir.
Qəzet ABŞ haqqında ancaq həqiqəti əks etdirən xəbərləri yaymalı, heç bir siyasi marağın daşıyıcısı olmamalı, həm yaşlı, həm də gənc nəslin maraqlarını əhatə etməlidir, əsas məqsədi şəxsi maraq sahiblərinə deyil, oxucularına və geniş kütləyə xidmətdir. Qəzet həqiqət naminə öz gəlirlərindən imtina etməli, ədalətli və azad yol tutmalıdır.

1933-1943-cü illərdə Eugen Meyer qəzeti inkişaf etdirib və onun tirajı ilk dəfə 162 min nüsxəyə, reklamdan gəlir isə 4 milyon dollardan 12 milyon dollara çatıb. 1946-cı ildə “Vaşinqton Post” Eugen Meyerin qızı Meyer Qrahama keçib. Daha sonra qəzetin rəsmi sahibi onun həyat yoldaşı Filipp Qraham olub. 1979-cu ildə qəzetə Donald Qraham sahiblənib. 2008-ci ildən Katerina Veymot qəzetin icarçı direktoru və baş redaktorudur. O, 1933-cü ildə qəzeti almış Eugen Meyerin nəticəsidir.
2005-ci ilin hesablamalarına görə, “Vaşinqton Post” ABŞ-ın ən yüksək tirajlı beşinci qəzetidir. Həmin il oxucuların sayı orta hesabla iş günləri 715 min 181, bazar günləri isə 983 min 243 nəfərə çatıb.
Şəxsi mülk kimi təsisçinin ailəsinə məxsus olan “Vaşinqton Post” digər media və qeyri-media strukturlarına malik eyni adlı şirkətin tərkib hissəsidir.
Bağdad, Pekin, Berlin, Boqota, İslamabad, Yerusəlim, Kabil, London, Mexiko, Moskva, Dehli, Paris və Tokioda büroları var. Qəzet beynəlxalq mövzuya çox yer ayırması ilə fərqlənir. Tarixində ən çox iz qoyan hadisələrdən biri məşhur “Uotorgeyt” qalmaqalı ilə bağlıdır. 1974-cü ildə “Vaşinqton Post” qəzeti ABŞ prezidenti Riçard Niksonun siyasi rəqiblərinin gizli dinlənməsində iştirakını üzə çıxarıb və bu ifşa dövlət başçısının istefası ilə nəticələnib.

“Vaşinqton Post” Amerika iqtidarına ciddi təsir edir. Belə ki, bu qəzet seçicilər, federal xidmət əməkdaşları, məmurlar tərəfindən çox oxunur. Vəzifəyə təyin edilmə, vəzifədən çıxarılma, qanunvericilik, daxili-xarici siyasətlə bağlı qərarların verilməsində qəzetin yazdıqları böyük rol oynayır. Qəzetlə bağlı ən maraqlı sitatlardan biri prezident Ronald Reyqana aiddir. R.Reyqan söyləyib ki, “amerikanlar həqiqəti bilməlidirlər. Siz, mənim ”Vaşinqton Post"dakı dostlarım, bunu edirsiz. Bu, heç də hər zaman populyar iş sayılmır. Amma sizin böyük və təsiredici səsiniz var. Mənim kimi, siz də əsrin ən qalmaqallı illərində Vaşinqtona gəlmisiniz. Biz qollarımızı birgə çırmayıb işə başladıq və qazandıq".
Statistik göstəricilərə görə, “Vaşinqton Post”un təkcə 2012-ci ildə illik gəliri 110.6 milyon dollar olub. Bu, əsasən saytdakı reklamın hesabına olub.
Bu mənzərədə daha çox Amerika mətbuatının ümumi durumu diqqət çəkir. Belə ki, 2013-cü ilin göstəricilərinə görə, tirajına görə ilk yeri “Wall Street Journal” tutub. (2,3 milyon nüsxə, onun 900 mini onlayn versiyanın payına düşür). İkinci yerdə “The New York Times” dayanır (1,8 milyon nüsxə, onun 1.1 milyonu onlayn versiyadır). Üçüncü yerdə “USA Today” gəlir (1,7 milyon nüsxə, onun 250 mini onlayn versiyanın payına düşür). Dördüncü yerdə isə “Los Angeles Times” qərarlaşıb. (610,5 min nüsxə, onun 178 mini onlayndır). Amma bizim haqqında danışdığımız “Vaşinqton Post” beşinci paytaxt qəzeti olaraq, bu sıralamada 8-ci yeri tutub. (475 min nüsxə və onun 42 mini onlayndır".
***
İndi keçək “Vaşinqton Post”la informasiya müharibəsi aparan “Azərbaycan” qəzetinə. Bu nəşr rəsmi dövlət qəzeti və Milli Məclisin orqanıdır. 1918-ci ildə yaradılıb. ADR hökuməti 1918-ci il 3 iyunda “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri” adı altında öz rəsmi orqanının dərcinə başlanması haqqında qərar verdi. Beləliklə, “Azərbaycan” qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində - İslam Ordusu Bakını erməni-bolşevik işğalından, zülmündən azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir bəy Hacıbəyli olub. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəylinin imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə (Almaniyada) nail olmuşdu.
1991-ci ildə respublikamızda rəsmi parlament qəzeti təsis edilərkən Qarabağa Xalq Yardımı Komitəsinin bu adda qəzeti çıxdığından onu “Azərbaycan” adlandırmaq mümkün olmadı. Nəşrə ilk “Azərbaycan”la eyni dövrdə çıxan, onun redaktor və müəlliflərinin əməkdaşlıq etdiyi “Həyat” qəzetinin adı verildi. 444 nömrədən sonra isə (23 sentyabr 1992-ci ildə) Azərbaycan Respublikasının parlament orqanına öz adı - “Azərbaycan” qaytarıldı. Qəzetin tirajı 10375-dir. //Musavat
