|
Azərbaycanın neftdən çox qazanmaq üçün ikinci şansı

Dünyanın hegemon dövlətləri arasında siyasi gərginliyin artması fonunda dünya bazarında neftin bahalaşması Azərbaycan neftinin də qiymətinə təsirsiz ötüşməyib. “AzeriLight” markalı neftimiz son 3 ildə ən dəyərli dövrünü yaşayır. Hazırda  “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 2,99 dollar və ya 3,99% artaraq 77,84 dollar təşkil edib. Bu isə 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş rəqəmdən, təxminən 33 dollar çoxdur.

Bəs görəsən, hazırda ölkəmiz neftin büdcə proqnozundan 33 dollar baha satılmasından nə qədər əlavə vəsait qazanır?

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban  bildirdi ki, Azərbaycan öz neftini iki istiqamətdə ixrac edir: “Təqribən 690 min barel neft gündəlik ixracatımızdır. Bunun 50-55 min bareli ”Şahdəniz"dən çıxarılan kondensantdır, qalan hissəsi isə xam neftdir. Xam neftin təqribən 580 min bareli “Azəri-Çıraq-Günəşli” yatağından çıxan neftin payına düşür. Ona görə də AÇG-dən hasil edilən neftin 56 faizi Azərbaycanın mənfəət payıdır və oradan gələn gəlir tam şəkildə Azərbaycan Dövlət Neft Fondunda toplanır. Neft Fondunun proqnozu isə dövlət büdcəsində olduğu kimi, 45 dollardır. Bu baxımdan cari ildə Neft Fonduna gələn gəlir proqnoz göstəricilərini xeyli üstələyir.

İlham Şaban ile ilgili görsel sonucu

Digər ixrac mənbəyi Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan Dövlət Neft Şirkətinin və quruda neft hasilatı ilə məşğul olan şirkətlərin ixraca yönəltdikləridir. Oradan gələn gəlirlər hasilatın pay bölgüsü sazişləri çərçivəsində  bölünür. Bu şirkətlərin də öz mənfəətləri olur, həmçinin müqavilə çərçivəsində ARDNŞ-ə ödəmələr edirlər. Dövlət Neft Şirkəti özünün həmin layihələrdəki payı çərçivəsində ixrac həyata keçirir və gəlir götürür. Həmin vəsait isə Dövlət Neft Fonduna deyil, məhz ARDNŞ-in gəliri kimi öz büdcəsinə daxil olur".

İqtisadçı ekspert Vüqar Bayramov da mövzu ilə bağlı  verdiyi açıqlamada neftin bahalaşmasından gələn əlavə gəlirlərdən danışdı: “Neftin qiymətinin artması Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır. Ölkə ixracatının 85 faizinin neft və neft məhsullarından ibarət olduğunu nəzərə alsaq, qiymət artımları ölkəmiz üçün çox əhəmiyyətlidir. Bizim hesablamalarımıza görə, büdcədə neft 45 dollardan götürüldüyündən,  bu məhsulun dünya bazarında orta illik qiyməti 50  dollar olduqda Azərbaycanın illik əlavə gəliri 1 milyard 140 milyon dollardır. 55 dollar olduqda əlavə gəlir 2 milyard 180 milyon dollardır, 60 dollar olarsa 3 milyard 420 milyon dollardır. 65 dollar olarsa, əlavə gəlir 4 milyard 560 milyon dollardır. Neftin 70 dollarlıq orta illik qiymətində isə 5, 7 milyard dollarlıq əlavə gəlirdən söhbət gedir. 75 dollar olduqda isə əlavə gəlir 6 milyard dollardan çoxdur. Təbii ki, burada söhbət  birbaşa gəlirdən gedir, mənfəətdən getmir. Buna neftin çıxarılması və nəqli ilə bağlı xərclər də daxildir. Həmin xərcləri çıxdıqda mənfəət nisbətən kiçik olur. Biz Dövlət Neft Fondu üzrə daxilolmaları nəzərə alsaq, bizim qiymətləndirmələrimizə görə, neftin orta illik qiyməti 75 dollar olarsa, bu, Azərbaycana illik 5 milyard 139 milyon manat əlavə mənfəət gətirəcək. Bunun 75 milyon manatı büdcə üçündür, 4 milyard 764 milyon manatı isə DNF-nindir”.

Ekspert onu da vurğuladı ki, neftin yenidən bahalaşması Azərbaycan üçün ikinci bir şansdır və ondan qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi üçün istifadə etmək lazımdır: "Neftin bahalaşması fonunda iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatların genişləndirilməsi çox vacibdir. Vəsaitlərin səmərəli xərclənməsinə, eyni zamanda  birbaşa iqtisadiyyatın şaxələndirilməsinə ünvanlanan xərcləmələrin həyata keçirilməsinə ehtiyac var. Neftin qiyməti hazırda büdcədə nəzərdə tutulduğundan daha çoxdur. Büdcəyə dəyişikliklər ediləcəyi halda, biz əlavə vəsaitin daha çox investisiya layihələrinə ayrılmasının tərəfdarıyıq. Praktiki olaraq, ayrılan vəsaitin birbaşa kiçik və orta biznesin maliyyələşdirilməsinə ayrılması daha məqsədəuyğun olardı. Neftin bahalaşması və ölkə gəlirlərinin artması fonunda əsas hədəf məhz bu olmalıdır.  Bununla da sahibkarlar öz fəaliyyətlərinin genişləndirilməsinə nail ola bilərlər. Bu da iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatların genişləndirilməsinə xidmət edir. İslahatlar prosesində investisiya mühitinin yaxşılaşdırılması əsas şərtdir. Bütün bunlar son nəticədə yerli istehsalın daha çox artmasına səbəb olacaq ki, həm qeyri-neft ixracatının artırılmasına da imkan verəcək. Biz islahatların davam etdirilməsi ilə bağlı konkret təkliflərimizi hökumətə təqdim etmişik".