Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə “ASAN Xidmət”in sədri İnam Kərimov kənd təsərrüfatı naziri təyin edildi. Artıq yeni nazir vəzifəsinin icrasına başlayıb və bir sıra qərarlar verib. Ölkədə nümunəvi qurum olan, hətta təcrübəsi bəzi dünya dövlətləri tərəfindən öyrənilən “ASAN xidmət” kimi bir quruma rəhbərlik etmiş şəxsin kənd təsərrüfatı naziri təyin olunması bu sahənin inkişafı üçün ümidləri artırır. İqtisadçı ekspertlər də bu təyinatı yüksək qiymətləndiriblər.
Bəs görəsən, İnam Kərimovun “ASAN xidmət” rəhbərliyindən getməsi bu cür nümunəvi bir modelin çökməsinə səbəb ola bilərmi? Yeni rəhbərlik ASAN"ın imicinin qorunub saxlanılmasına və fəaliyyətinin güclənməsinə nail ola biləcəkmi?
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, “ASAN xidmət”in bu cür uğur qazanmasında İnam Kərimovun da rolu xüsusi vurğulanmalıdır: “Etiraf etməliyik ki, "ASAN" Azərbaycanda bir model kimi özünü təsdiq edən faktiki olaraq yeganə qurum idi. Bu, ölkəmizdə yeganə qurumdur ki, bir sıra ölkələr onun təcrübəsini öyrənmək istəyir. Daimi olaraq verilən hesabatlarda da korrupsiyaya qarşı mübarizə tədbirlərindən biri kimi Azərbaycanda ”ASAN xidmət"in təcrübəsi bir model olaraq təqdim olunur. O baxımdan təbii ki, “ASAN xidmət”in korrupsiyasız bir qurum olması, həmin modelin yaradılması ilə bir siyasi iradənin varlığı ilə bağlıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, "ASAN" Azərbaycan prezidentinin təşəbbüsü ilə yaradılan bir qurumdur. Bu da birbaşa həmin qurumun şəffaf fəaliyyətinə, belə bir modelə çevrilməsinə təsir göstərən əsas faktordur. Təbii ki, bu qurumun rəhbərinin kim olması da əhəmiyyətli bir məsələdir. O baxımdan İnam Kərimovun “ASAN xidmət”ə rəhbərlik etməsi fonunda bu qurumun bir modelə çevrilməsini xüsusilə qeyd etmək lazımdır. Bu qurumun uğur qazanmasında onun rəhbərinin rolu da kifayət qədər böyük idi".

İqtisadçının sözlərinə görə, “ASAN xidmət”in rəhbərinin Kənd Təsərrüfatı Nazirliyinə rəhbər vəzifəyə təyin edilməsi də müsbət haldır: “Bu nazirlik göründüyündən daha böyük bir qurumdur və aqrar sektor da göründüyündən daha priorotet və məsuliyyətli bir sektordur. Qeyd etmək lazımdır ki, Azərbaycanda məşğul əhalinin 37 faizi kənd təsərrüfatında çalışır. Ölkəmizin qeyri-neft ixracatının təxminən 65 faizi bu sektorun payına düşür. Azərbaycanda idxalın əvəzlənməsində ən çox paya malik olan sektor aqrar sektordur. Praktik olaraq, postneft dövründə həm məşğulluğun artırılması, həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də bütövlükdə iqtisadiyyatın diversifikasiyasında Kənd Təsərrüfatı Nazirliyi önəmli bir qurumdur və sözügedən istiqamətlər üzrə iqtisadiyyata təsir imkanları var. O baxımdan nazirlik kifayət qədər məsuliyyətli bir qurumdur. ”ASAN xidmət"in rəhbərinin bu sahəyə rəhbər təyin olunması təqdirəlayiqdir. Burada sual yarana bilər ki, yeni nazir kənd təsərrüfatı üzrə ixtisaslaşmamış bir kadrdır. Ancaq mən hesab edirəm ki, bu o qədər də ciddi məqam deyil".
V.Bayramov onu da diqqətə çatdırdı ki, bu sektorun əsas problemi şəffaflığın təmini və innovasiyanın daha dərindən tətbiq edilməsi ilə bağlıdır: “Fermerlər üçün ən əhəmiyyətli məqam onların fəaliyyətinə sərbəst şəraitin yaradılmasıdır. Fermer sərbəst fəaliyyət üçün şərait istəyir, diskriminasiya olmadan lizinqdən istifadə etmək istəyir, güzəştli kreditlərə çıxış imkanı əldə etmək istəyir. Bunlar da birbaşa şəffaflıqla bağlı olan məsələlərdir. Yəni ilk növbədə kənd təsərrüfatında şəffaflığın təmin olunmasına ehtiyac var. Ənənəvi sektorlarda məhsuldarlığın aşağı olmasının səbəblərindən biri ekstensiv kənd təsərrüfatı metodlarından istifadə edilməsidir. Ölkə prezidenti son müşavirədə də bu məsələni bir daha vurğuladı. Hətta pambıqçılıq üzrə məhsuldarlığın aşağı olmasını da qeyd etdi. Bu sahədə məhsuldarlığın aşağı olmasının səbəblərindən biri həmin rayonlarda innovativ və intensiv metoddan istifadə edilməməsidir. Deməli, texnikadan daha çox istifadə edilməsinə, texnoloji gücün artırılmasına ehtiyac var. Yeni nazirin təyin olunmasında da əsas səbəb budur”.
V.Bayramov “ASAN xidmət”in fəaliyyətinvə mənfiyə doğru hər hansı dəyişikliyin olacağına ehtimal vermədiyini bildirdi:"“ASAN" bir modeldir, onu neqativ istiqamətdə dəyişmək çox çətindir. Düşünmürəm ki, kənardan gələn bir şəxsin ”ASAN xidmət"dəki mövcud vəziyyəti dəyişmək niyyəti olsun. Bir tərəfdən “ASAN xidmət” birbaşa ölkə başçısının diqqətində olan bir qurumdur. Digər tərəfdən də bu bir modeldir və Azərbaycan bu modelin qorunub saxlanılmasına çalışmalıdır. Heç bir halda "ASAN" modelinin neqativ istiqamətdə dəyişdirilməsinə, şəffaflığın aradan qaldırılmasına yol vermək olmaz. Bu qurumun rəhbərliyinə yeni təyin olunmuş şəxs də “ASAN xidmət”də işləyib. Lakin bununla belə, həmin qurumun mövcud fəaliyyətinin dəyişdirilməsi çətin məsələdir. Bu mənada güman etmirəm ki, rəhbər şəxsin dəyişməsi vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Əksinə, “ASAN xidmət”in fəaliyyətinin daha da genişləndirilməsi və sahibkarların bu qurumun xidmətlərindən istifadə etməsi gündəmdədir".
