|
Aparıcı çağırdığı qonağı təhqir edib aşağılayarsa...

Məlum olduğu kimi, bu günlərdə teleaparıcı Elçin Əlibəyli verilişinə qonaq çağırdığı müğənni Maral Tahirqızını əvvəlcə təhqir edib, aşağılayıb, daha sonra isə qovub. Məsələ cəmiyyətdə, ictimaiyyətdə heç də birmənalı qarşılanmayıb. Aparıcı bu cür davranışına görə kəskin tənqid edilib, hətta təhqirlərə məruz qalıb.

Qeyd edək ki, müğənninin təhqir olunaraq efirdən qovulması ilə bağlı videogörüntü hələ veriliş efirə getməzdən əvvəl bir ay öncə sosial şəbəkələrdə yayılmağa başlamışdı. Müğənni bu haqda açıqlama verərək bildirmişdi ki, verilişdə tənqid olunmasına səbəb sosial şəbəkələrdə çoxlu sayda izləyici toplaya bilməsi olub: “Əgər insanlar sizi izləmirsə, deməli, onlar üçün maraqlı deyilsiniz. Günahkar deyiləm ki, məni izləyirlər. Bunu da özləri etiraf edirlər”.

Onu da əlavə edək ki, son zamanlarda bir çox televiziya verilişlərində aparıcıların hakim mövqeyində duraraq  qonaqlarını aşağılaması, qınaması, təhqir etməsi və ya qovması ilə bağlı olaylarla tez-tez rastlaşırıq. Bütün bunlar cəmiyyətdə qıcıqla qarşılanır, tənqid edilir.

Bəs əslində aparıcı verilişində hansı mövqedə olmalıdır?

Mövzu ilə bağlı jurnalist Könül Cəfərli “Yeni Müsavat”a danışdı. Jurnalist bildirdi ki, kimliyindən asılı olmayaraq heç bir aparıcı əsla qonağı aşağılaya bilməz: “Çünki aparıcı mövzunu və kimi dəvət etdiyini bilir. Qonaq çağırıb, təhqir etmək, kobud münasibət sərgiləmək efir mədəniyyətinə ziddir. Verilişin davamlı olması üçün baxılması şərtdir. Çünki şirkətlər baxılan verilişə sponsorluq edirlər. Danılmaz həqiqətdir ki, ciddi adamlarla önəmli mövzuların müzakirəsi tamaşaçı toplamır. İnsan dramı, faciəsi, şou, qalmaqal üzərində köklənən verilişlər həmişə baxımlı olur. Odur ki, aparıcılar belə mövzulara can atır, sonunda da kimsə efirə xalatda çıxır, biri şpaqat açır, o biri bədbəxt adamları ağladır, kimsə də Maral Tahirqızın təhqir edir. Bunlar reytinqə hesablanmış cəhdlərdir”.

Könül Cəfərli bildirib ki, aparıcı hər zaman birtərəf mövqe nümayiş etdirməlidir: “Ən əsası, mövqe bildirməməlidir. Doğrudur, müəyyən istisnalar var, məsələn, Qarabağla bağlı mövqe bildirə bilər. Maral Tahirqızı kimi insanı dəvət edib reytinq toplamaq, xüsusən də onu aşağılayaraq, daha ağıllı görünmək çirkin bir rəftardır. Televiziya jurnalistikasının öz efir standartları və etik kodeksi var”.