|
Azərbaycan-Aİ əməkdaşlığında daha bir önəmli addım

Mayın 7-də Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Prezidentin mətbuat xidmətinin yaydığı xəbərə görə, Avropa İttifaqı ilə əlaqələrin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı Avropa Komissiyasında keçirilən son görüşlərini məmnunluqla xatırladıb və bu səfərin nəticəsi kimi yeni saziş üzərində işlərin başlandığını deyib.

Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin üçdə biri ilə artıq strateji tərəfdaşlıq sənədi imzalayıb və ya qəbul edib. Bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirən prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəni, ticarət və enerji təhlükəsizliyi sahələrində həyata keçirildiyini qeyd edərək Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, öz növbəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə daha da artdığını vurğulayıb.

Nəqliyyat infrastrukturu sahəsinə toxunan dövlət başçısı ötən il istismara verilən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Asiya ilə Avropa arasında mühüm nəqliyyat körpüsü rolunu oynadığını və Azərbaycanın Avrasiya məkanında önəmli nəqliyyat qovşağına çevrildiyini bildirib. Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim və nümayəndə heyətinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dövlət başçısını təbrik ediblər. Sayyad Kərim son iki il ərzində Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın çox müsbət və konstruktiv istiqamətdə inkişaf etdiyini məmnunluqla bildirib. O, Avropa İttifaqı ilə Azərbaycan arasında 2017-ci ildə başlanan danışıqların uğurla davam etdirildiyini qeyd edib. Azərbaycana səfər proqramının çox sıx olduğunu qeyd edən Sayyad Kərim tərəflərin əməkdaşlığın inkişafında maraqlı olduğunu və Azərbaycanın Milli Məclisi ilə əməkdaşlıq üçün yaxşı əsas yarandığını vurğulayıb. Sayyad Kərim təmsil etdiyi qurumun Azərbaycanla iqtisadi, nəqliyyat, enerji, investisiya, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığı üçün böyük imkanların olduğunu deyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bildirib.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar ötən ilin fevralından başlayıb. Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin fevralında və noyabrında Brüsselə səfərləri və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşləri əlaqələrimizin inkişafına xüsusi təkan verib və rəsmi olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqlar başlayıb.

Azərbaycanın Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması Avropa İttifaqı əməkdaşlığımızın inkişafı üçün əlavə stimul verir. Avropa İttifaqı və onun üzv dövlətləri ilə Azərbaycan Respublikası arasında «Vahid aviasiya məkanına dair Saziş" layihənin yekunlaşdırılması üzrə danışıqlar aparılıb.

Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Avropa İttifaqıdır. Siyasi, iqtisadi, ticarət, enerji, investisiyalar, nəqliyyat və humanitar sahələrdə tərəflər arasında daha sıx əməkdaşlıq üçün geniş və əlverişli imkanlar var. TAP layihəsinin müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilməsi üçün Avropa İttifaqı, o cümlədən İtaliya tərəfi və digər tərəfdaşlarla qarşılıqlı anlaşma şəraitində birgə səylər davam etdirilir. Fəaliyyətə başladıqdan sonra yeni enerji mənbəyi və marşrutu olaraq TAP layihəsi və bütövlükdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verəcək.

Azərbaycan Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı müstəvisində əməkdaşlıq edir. Bu əməkdaşlığın bir çox sahələrində həm də çoxtərəfli platforma var. “Şərq Tərəfdaşlığı” orada iştirak edən ölkələrin Aİ ilə  daha da yaxınlaşması üçün imkanlar yaradır. Avropa İttifaqı əvvəlcə Moldova, sonra isə Gürcüstan və Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq edib. Azərbaycan Aİ ilə saziş imzalayandan sonra Azərbaycanla da vizasız rejim tətbiq ediləcək. 

Danışıqlar prosesinin uzanması və saziş imzalanmasını yubadan bir sıra faktorların olduğu bildirilir. Bir sıra politoloqların fikrincə, bu prosesin uzanmasına və uğurla yekunlaşmasına bir neçə faktor mane olur. İki başlıca səbəb var. Birinci səbəb xarici amildir. Rusiya amili var. Rusiya Azərbaycanın Avropa İttifaqı və Avroatlantik institutlarla yaxınlaşmasına çox aqressiv reaksiya göstərir. Rəsmi Bakı da bundan ehtiyatlanır. 

İkinci səbəb daxili amildir. Avropa İttifaqı ilə yaxınlaşmaq ölkədə siyasi islahatların, ən başlıcası isə azad və ədalətli seçkilərin keçirilməsini tələb edir. Avropa İttifaqı ilə saziş imzalamaq üçün ilk növbədə Azərbaycan gərək Ümumdünya Ticarət Təşkilatına üzv olsun. Azərbaycan da Ümumdünya Ticarət Təşkilatına hələ ki üzv olmur.

Avropa İttifaqı ilə saziş layihəsi hazırlanması prosesində Azərbaycan tərəfindən danışıqları aparan məsul şəxs xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevdir.

YM