|
Türkiyədəki seçkilər Azərbaycan siyasətçilərinin gözündə - simpatiya kimədir?

Türkiyədə iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı qızğın mübarizə gedir. Artıq prezidentliyə iddiaçılar, demək olar, məlumdur. H?akim partiya olan AKP və müxalif qurum MHP-nin yaratdığı “Cümhur” İttifaqı hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla seçkilərə gedir.

Cümhuriyyət Xalq Partiyası Muharrem İncenin namizədliyini irəli sürüb. Son zamanlarda siyasətə atılan və adından söz etdirən Meral Akşener rəhbəri olduğu İyi Partiyanın namizədidir. Səadət Partiyasının lideri Təməl Karamollaoğlu da iddiaçılar sırasındadır.

Azərbaycanda da qardaş ölkədəki seçki prosesi diqqətlə izlənilir. Seçki kampaniyası dövründə xarici güclərin Türkiyə daxilində gərginlik, qarşıdurmalar yaradacaqları barədə ehtimallar gedən müzakirələrdə ön sıralardadır.

Azərbaycan siyasətçilərinin Türkiyədəki seçki mübarizəsi ilə bağlı mövqelərini aldıq.

Pənah Hüseyn ile ilgili görsel sonucu

Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn seçkiləri diqqətlə izlədiyini söylədi: “Türkiyədə gedən seçki prosesi hər hansı bir ölkədə yaşanan sıradan bir məsələ deyil. Azərbaycanın hər bir vətəndaşını bu yaxından maraqlandırır. Amma seçkilər Türkiyənin daxili məsələsi, hər bir türk insanının öncəliklə öz məsələsidir. Kim türk millətinin səsini alıb hakimiyyətə gələcəksə, ona indidən uğurlar arzulayaq. Etika xatirinə məlum namizədlərin hər hansı biri barədə nəsə söyləmək istəmirəm. Əlbəttə, bizim də rəğbət duyduğumuz şəxslər var. Əsas olan odur ki, Türkiyə və regionun təhlükəsizliyi üçün vacib olan siyasət davam etdirilir. Arzu edirik ki, heç bir gərginlik olmadan bu seçkiləri qanunauyğun şəkildə demokratik yolla başa vurmaq mümkün olacaq”.

İlgili resim

AĞ Partiya başqanı Tural Abbaslı da Türkiyədəki siyasi prosesləri çox yaxından izləyir: “Düşünürük ki, Türkiyədə baş verən siyasi proseslər Azərbaycana birbaşa təsir edir. Odur ki, bu mövzu hər zaman diqqətimizdədir. Hələ nəzərə alsaq ki, hazırda Türkiyədə baş tutacaq seçkilər ölkə tarixində prezidentlik üsul idarəsində ilk seçkilərdir, o zaman bu məsələnin nə qədər önəmli olduğu bir daha anlaşılır. Gözləntim odur ki, bu seçkilərdən sonra Türkiyə yeni idarə metodu sayəsində daha effektiv və çevik siyasət yürüdə biləcək. Bunun da nəticəsində istər regionda, istərsə də, dünyada yeni güclü siyasi oyunçu kimi mövqelər möhkəmlənəcək. Həmçinin belə bir güclü Türkiyənin Qarabağ probleminin həllində də oynayacağı rol artmış olacaq. Əminəm ki, bu prosesdən Türkiyəmiz daha güclü və qüdrətli çıxacaq və yeni dünya düzənində söz sahibi ölkələrdən birinə çeviriləcək. İstər mənim şəxsən, istərsə də AĞ partiya olaraq bizim rəğbət və dəstəklədiyimiz namizəd AK partiya başqanı Rəcəb Tayyib Ərdoğandır. Bu rəğbət kortəbii olaraq formalaşmayıb. Qardaş dövlətin Ərdoğan hakimiyyətə qədər ki vəziyyətini və ondan sonrakı halını analiz edəndə dəstəyin əsaslı olduğunu hər kəs görər. Zatən Türkiyə müxalifəti də etiraf edir ki, bu seçkilərin birmənalı favoriti hazırkı cümhurbaşqanıdır. Nəzərə alsaq ki, Türkiyənin ən köklü partiyalarından olan MHP də bu seçkilərdə R.T.Ərdoğanı dəstəkləyir, o zaman bu əminliyimiz daha da artır. Əslində xarici qüvvələr və Türkiyənin söz sahibi olmasını istəməyənlər artıq uzun illərdir ki, bu qarışıqlıqları törətməyə çalışırlar. Buna misal kimi 17-25 dekabr böhranı, Gəzi parkı hadisələri və nəhayət 15 iyul hərbi çevriliş və s. cəhdləri göstərmək olar. Bu seçkilərin vaxtından əvvəl keçirilməsi də süni şəkildə yaradıla biləcək belə qarışıqlıqların qarşısını almaqdır. Bu gedişlə qardaş ölkəyə qarşı məkrli planlar içərisində olan bütün beynəlxalq güclər oyundan kənarda qaldılar və hazırlıqsız yaxalandılar. Odur ki, seçkilər ərəfəsində nəsə qeyri-adi hadisələrin ola biləcəyinə inanmıram”.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyev hazırkı Türkiyə iqtidarının seçkilərdə yenidən qələbəsini arzulayır: “Seçki prosesini izləyirəm. Təbiidir ki, Türkiyədə hər olay, xüsusilə miqyaslısı bizi narahat etməlidir. Türkiyə bizim dayağımızdır. Tarixi seçkidir. Konstitusiya dəyişikliyindən sonra baş tutan ilk kampaniyadır. Həm prezidentin, həm də parlamentin seçilməsi yeni Ana Yasa qaydalarına uyğun keçiriləcək. Türkiyə ilə bağlı istəyim nədir? Mən Ərdoğanın timsalında güclənməkdə davamlı olan, dünyada söz sahibinə çevrilən, bölgə lideri kimi tanınan, İslam dünyasının ən sivil siyasi münasibətlərinə malik öncül müsəlman ölkəsi olmasında maraqlıyam. Ərdoğanın daxili gücü Türkiyənin bu istiqamətdə davamlı olaraq yürüməsinə səbəb olacağına əminəm. Seçkidə onun qələbəsini arzu edirəm. Lakin mənim fikrimcə, müxalifətin də güclü olması lazımdır. İstənilən hakimiyyətin yaxşı işləməsi, xalqdan asılılığını unutmaması, avtoritarizmə yuvarlanmaması üçün güclü, təsirli müxalifətin olmasına zərurət vardır. İstərdim ki, Ana müxalifət statusuna İyi Partiya yüksəlsin. Maral Akşenerin xarizmasını, siyasi potensialını daha uyğun görürəm. Ərdoğana dəngə faktoru kimi belə bir liderin meydana çıxmasına ehtiyac var. İndiki durumda Türkiyə siyasi meydanında olan alternativlər AKP liderinə xeyli uduzurlar. Bir sözlə, növbəti dönəmdə Ərdoğanın prezidentliyi ilə ciddi rəqabətli siyasi mühit arzu edirəm”.

“Yeni Müsavat”