İnam Kərimovun nazir təyin olunmasından sonra nazirlikdə ciddi islahatlara start verildi. CİA.AZ saytına daxil olan məlumata görə hazırda nazirlikdə baş verən korrupsiya halları araşdırılır və yeyintinin daha çox “Aqrolizinq”lə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş verib. Məlumatda bildirilir ki, xidmətin rəisi Azər Süleymanov nazirlikdə daha çox tenderlərin kralı kimi tanınır. Belə ki, Azər Süleymanov müxtəlif avadanlıqların alınması üçün tenderlər elan edir və əsas məsələ də bundan sonra başlayır. Bu məsələdə isə tender komissiyasının əlaqənləndiricisi Mustafa Allahverənov Azər Süleymanovun sağ əli rolunda oynayır. Məhz Mustafa Allahverənov Azər Süleymanovun adından danışıqlar aparır və tenderə qatılanlardan faiz alınır. 200 manat rəsmi pul keçirərək tenderə qatılanlar prosesin gedişatında aldıqları məbləğin 10-20 faizini Azər Süleymanovun ixtiyarına buraxırlar. Bundan başqa aydın olub ki, avadanlıqlar alınan zaman şişirdilmiş rəqəmlərdən istifadə edilir və büdcədən yüz minlərlə manat çıxarılır. Bildirilir ki, artıq bu faktlar rəhbərliyə məlumdur toplanan faktlar Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriləcək. Bu isə Azər Süleymanovun həbsi ilə yekunlaşa bilər.
