Azərbaycanla İran Xəzər dənizində kəşfiyyat və hasilat işlərini həyata keçirəcək birgə neft şirkəti yaradacaqlar. Bu sözləri İranın neft nazirinin müavini Əmir Hüseyn Zamani yerli mətbuata açıqlamasında deyib.
Onu sözlərinə görə, birgə şirkətin yaradılması cari il martın 28-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı tərəflər arasında razılaşdırılıb. Hazırda İran tərəfi lazımi işləri həyata keçirərək yeni birgə şirkətin qurulmasının hüquqi əsasını hazırlayır. Birgə şirkət hər iki tərəfə iqtisadi səmərə gətirəcək.
Nazir müavini onu da nəzərə çatdırıb ki, İranla Qərb ölkələri arasında nüvə proqramına dair imzalanmış razılaşma pozulsa, bu, Azərbaycan ilə neft və qaz sahəsindəki əməkdaşlığa heç bir təsir göstərməyəcək.
Cənub qonşumuzla birgə neft şirkətinin yaradılması ilə bağlı müxtəlif mövqelər var. Bunun Azərbaycan üçün müsbət nəticələrinin daha çox olduğu yönündə fikirlər səslənsə də, əks mövqelər də var. Xəzərin hüquqi statusunun müəyyənləşməsi yolunda Xəzəryanı ölkələr arasında razılığın əldə olunduğu bir zamanda İranla Azərbaycan arasında Xəzərin yataqları ilə bağlı anlaşmanın əldə edilməsi müsbət dəyərləndirilir. Lakin Rəsmi Tehranın Amerika başda olmaqla, Qərb dövlətləri ilə gərgin münasibətlərinin, eləcə də son günlərdə İranla İsrail arasındakı qarşıdurmanın dərinləşməsi fonunda Azərbaycanın bu addımının müəyyən risklərə yol aça biləcəyi qeyd olunur. Xüsusilə İrana qarşı Qərbdən gələn və gələcəkdə artacağı gözlənilən sanksiyaların bir ucunun ölkəmizə toxunacağından ehtiyat olunur. Təhlükəsizlik baxımından da bəzi təhlükələrdən söz açılır.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan-İran arasında birgə neft şirkətinin yaradılması yönündə əldə olunan razılığı normal qəbul edir: “Azərbaycanla İran arasında birgə neft şirkətinin yaradılmasında qəbahətli heç nə görmürəm. Məncə, ABŞ-la İsrail buna görə Azərbaycana hər hansı bir tələb irəli sürməzlər. Necə ki, Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmır, eləcə də böyük dövlətlər Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar. İkili münasibətlərimiz üçüncü dövlətə qarşı yönəlməyib. Söhbət İranla hərbi ittifaqının yaradılmasından getmir ki, ABŞ və İsrail bundan narahat olsunlar. Söhbət Xəzərdə Azərbaycanla İran arasında faydalı neft əməkdaşlığının genişlənməsindən gedir. Zatən Qərb ölkələrinin bir qismi dünya bazarlarında İran neftinin əsas alıcılarındandır. İran qonşumuzdur, bütün qonşularla normal və tərəfdaş münasibətlərimiz olmalıdır. Ermənistan torpaqlarımızı işğal etdiyindən onunla haqlı olaraq heç bir iqtisadi münasibətlərimiz yoxdur. Ancaq Ermənistanın xaricində bütün qonşularla ortaq layihələrimiz var. Əlbəttə, İranın Ermənistanla əlaqələri və sərhədi açıq tutması bizim xoşumuza gəlmir və bu, zaman-zaman bizdə müxtəlif suallar doğurur. Ancaq bu o demək deyil ki, biz İranla əməkdaşlıq etməməliyik, tam əksinə, İrana sübut etməliyik ki, onun üçün Azərbaycanla əməkdaşlıq daha faydalıdır. İrana 500 milyon dollar krediti Ermənistan verməyib, Azərbaycan verib. Regionun əsas layihələri Azərbaycanla bağlıdır, Tehranda bunu da anlayırlar. ABŞ və İsrail də anlamalıdırlar ki, onlar istəyir deyə biz İranla düşmən ola bilmərik, qonşu ölkə ilə əməkdaşlığı azalda da bilmərik. Əgər belə bir istəkləri varsa, birinci Ermənistana müraciət etsinlər ki, niyə İranla əməkdaşlıq edir? Azərbaycanla İran arasındakı artan iqtisadi əməkdaşlıq, həyata keçirilən ortaq layihələr siyasi müstəvidə də yaranan sualları zaman-zaman ortadan qaldırmalıdır. Məndə olan məlumata görə, İran prezidenti Həsən Ruhani Bakıda olarkən ölkəsinin Azərbaycana hər növ silah satmağa hazır olduğunu bildirib. Əgər modern silahları varsa, niyə də almayaq? Qoy əlimizdə həm İsrail, həm də İran silahları olsun. Bu bir tərəfdən Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə üstünlük verdiyini göstərər, digər tərəfdən də Ermənistana mesaj olar ki, böyüklü-kiçikli, hətta bir-biri ilə gərgin münasibəti olan dövlətlər bölgədə birinci növbədə Azərbaycanla əməkdaşlığa üstünlük verirlər”.
