Ermənistanda baş verən inqilabın əks-sədası artıq Gürcüstanda da eşidilməkdədir. Eks prezident Mixail Saakaşvili artıq müxalifətin ümumi birliyini yaratmaqda və Gürcüstana qayıtmaq hazırlığı görməkdədir. Artıq bir çox ekspertlər hesab edir ki, regionda ciddi siyasi dəyişikliklər baş verməkdədir və bu proseslər Azərbaycandan yan ötməyəcək. Öncəliklə qeyd edək ki, bu gün cəmiyyət mövcud hakimiyyətə qarşı aqressiya nümayiş etdirmir və keçirilən son prezident seçkiləri sübut etdi ki, yaxın gələcəkdə ölkə daxilində hər hansı proses baş verməyəcək. Digər tərəfdən seçkilərdən sonra prezident İlham Əliyevin həyata keçirtdiyi kadr islahatları da cəmiyyətdə müsbət qarşılandı və bu proses hazırda davam etməkdədir. Belə olan təqdirdə Azərbaycanda hansı inqilabdan danışmaq olar və bu həvəsdə olanlar nəyə ümid edirlər?
İnqilab ixracının işartıları
Son 20 illik siyasi proseslərə diqqət ayırsaq görərik ki, beynəlxalq güclər bir sıra ölkələrdə hakimiyyətlərin dəyişdirilməsi prosesini adətən ölkələrdən kənarda formalaşdırır və növbəti mərhələdə hadisələr ölkənin daxilinə yönəldilir. Hazırda Rusiyaya qarşı həyata keçirilən siyasət bunun bariz nümunəsidir. Bu baxımdan son zamanlar Azərbaycana qarşıda belə addımlar atılır və proqnozlaşdırmaq olar ki, bu cəhdlər daha da ciddiləşəcək.
“Mühacir” müxalifətin formalaşdırılması prosesi
Artıq bir ildir ki, ölkəni tərk edərək Avropada məskunlaşmış müxalifət təmsilçilərinin aktivləşməsinin şahidi olmaqdayıq. Bu proseslər əsasən Leyla Yunusun ölkəni tərk etməsindən sonra başladı və görünən budur ki, baş verənlər təsadüfi deyil və mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Digər maraqlı məqam isə siyasi mühacir kimi cüzi yardım alan şəxslər dəyəri yüz min dollarla ölçülən layihələri həyata keçirirlər. Deməli hadisələrin arxa sütunları var və əsas təhlükədə bu sütunlardır. Çox maraqlıdır ki, bu gün əksər Avropa ölkələri ilə Azərbaycanın münasibətləri kifayət qədər yaxşı olsada bu ölkələrdə fəaliyyət göstərən və müəyyən nüfuza malik olan təşkilatlarla ünsiyyət get-gedə gərginləşir. Sözsüz ki, formalaşdırılan “mühacir” müxalifətə də dəstək bu qüvvələrdən gəlir. Hələlik “mühacir” müxalifət daha çox əks-təbliğat fəaliyyəti ilə məşğuldurlar və yaxın zamanlarda onların fəaliyyət dairəsi daha da genişləndiriləcək. Bunun başlıca səbəbi isə AŞPA-nin son addımları olacaq.
AŞPA-nin “həyacan” siqnalı
Bildiyiniz kimi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Müstəqil İstintaq Qurumunun korrupsiya ilə bağlı hesabatı üzrə hazırlanmış qətnamə 123 səslə qəbul olunub.
Müzakirədə AŞPA-nın korrupsiyada və etika qaydalarını pozmaqda ittiham olunan indiki və keçmiş üzvlərinə sanksiyalar tətbiq edilib-edilməməsi əsas mövzusu olub.
Müstəqil İstintaq Qurumu Azərbaycanın bəzi AŞPA deputatlarını rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddialarını araşdırıb. Əslində bu qətnamənin qəbul olunmasında bir neçə məqam nəzərə alınıb. Bunlardan birincisi və əsası Azərbaycana rəğbəti olan avropalı siyasiləri hədəfə almaqdır. Başqa sözlə desək bu gün hansısa siyasi sima Azərbaycana rəğbətini nümayiş etdirə bilməyəcək və buna cəhd edənlər ictimai qınağatuş gələrək korrupsiyaya bulaşmaqda ittiham olunacaqlar. Bu isə Azərbaycanın maraqlarına zərbədir və gələcək təhlükənin başlanığıcıdır. Digər tərəfdən belə bir qətnamənin qəbul edilməsi “mühacir” müxalifətə yeni meydanın verilməsidir. Buna görə də dünənə qədər tənqidə üstünlük verən müxaliflər bu gün açıq təhqirə keçiblər və əsas məqsəd bu prosesi ölkə daxilinə yönəltməkdir.
Beləliklə baş verənlərdən belə nəticə çıxartmaq olar ki, yaxın bir neçə ay ərzində “mühacir” müxalifət daha da aqressivləşəcək və aldıqları dəstəyə uyğun olaraq Azərbaycanda da aqressivləşməyə cəhdlər ediləcək. Sözsüz ki, proseslərin sonrakı inkişafı Azərbaycan iqtidarından da aslı olacaq və həyata keçirilən islahatlar daha da gücləndirilərsə yarana biləcək təhlükələr neytrallaşdırılacaq.
